EN

Niderland hökumətinin rəhbəri COP29-u buraxır

Niderlandın Baş naziri Dik Sxoof bu həftə Amsterdamda İsrail futbol azarkeşləri ilə Fələstin tərəfdarı nümayişçilər arasında baş verən toqquşmaların ardından COP29 iqlim sammitinə qatılmayacaq, Reuters-in məlumatına görə, bunu "European Pravda" xəbər verib.

“Gələn həftə Azərbaycanda keçiriləcək BMT iqlim konfransı COP29-a səfər etməyəcəyəm. Keçən cümə axşamı gecəsi Amsterdamda baş verən hadisələrin böyük ictimai təsiri səbəbindən mən Niderlandda qalacağam,” deyə Sxoof bildirib.

Lakin Almaniya kansleri Olaf Şolzdan fərqli olaraq, Niderlandın Baş naziri bu qərarı barədə Azərbaycan Prezidentini məlumatlandırmayıb.

Niderlandın İqlim naziri Sofi Hermans, 11-22 noyabr tarixlərində keçiriləcək iqlim müzakirələrində iştirak edəcək, Sxoof isə sammitdə iqlim səfiri ilə əvəzlənəcək. Baş nazir əlavə edib ki, Amsterdamda baş verən zorakılıqlar bazar ertəsi Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.

Təl-Əvivin "Makkabi" futbol klubunun azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı ən azı beş nəfər yaralanıb. "Makkabi" Avropa Liqasında "Ayaks"a 5:0 hesabı ilə məğlub olub.

Ədliyyə naziri David van Veel parlamentə ünvanladığı məktubda bildirib ki, hakimiyyət orqanları hələ də məlumat toplayır, o cümlədən İsraildən mümkün xəbərdarlıqlar və hücumların planlaşdırılmış və ya antisemitizm motivli olub-olmaması araşdırılır.

Van Veel sürətli ədalət təmin edəcəyini və bütün şübhəlilərin müəyyənləşdirilməsi və həbsinə maksimum səylər göstəriləcəyini vəd edib. Polis məlumatına görə, iğtişaşlar nəticəsində dörd nəfər hələ də nəzarətdə saxlanılır.

Siyasi liderlər hücumları antisemit kimi qınayıb və sürətli hüquqi tədbirlərin görülməsinə çağırıblar.

Sosial mediada yayılan videolarda xüsusi polis dəstələrinin müdaxilə etdiyi, bəzi hücumçuların isə anti-İsrail şüarları səsləndirdiyi görünür. Görüntülərdə, həmçinin, Təl-Əvivin "Makkabi" klubunun azarkeşlərinin oyun öncəsi anti-ərəb şüarları səsləndirdiyi müşahidə olunub.

İsrail, azarkeşlərini geri qaytarmaq üçün Niderlanda təyyarələr göndərib.

Amsterdam hakimiyyəti həftə sonu üçün nümayişləri qadağan edib və polisin axtarış və saxlanma səlahiyyətlərini genişləndirib.

Qəzza müharibəsi zamanı Niderlandda antisemitizm hadisələri kəskin artıb, bir çox yəhudi təşkilatları və məktəblər hədələr və nifrət dolu məktublar aldığını bildirir.

Chosen
43
turan.az

1Sources