İngiltərə Premyer Liqasının “Brayton”a qarşı 11-ci tur səfər oyunu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland üçün əlamətdar oub.
Arena.az məlumat verir ki, Haland “şəhərlilər”in 1:2 hesabı ilə məğlub olduqları bu oyunda komandasının yeganə qoluna imza atıb.
Bunun sayəsində “qolçu vikinq” İngiltərə Premyer Liqası tarixində hamıdan tez 75 qol həddinə çatıb. Buna nail olmaq üçün Halanda 77 oyun gərək olub.
Hazırda Haland 12 qolla cari mövsüm İngiltərə Premyer Liqasının ən sərrast qolçusudur.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 15 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 114 oyun, 105 qol, 14 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 37 oyuna 34 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı futbolçusu olduğu deməkdir.