EN

Saxta nikahlarla Rusiyada yaşayanlara XƏBƏRDARLIQ – Yoxlamalar BAŞLADI

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv edəcək.

Bu barədə Rusiya DİN-in nümayəndəsi İrina məlumat verib. Onun sözlərinə görə, müəyyən edilmiş halların yoxlanılması və nikahların məhkəmə qaydasında etibarsız hesab edilməsinə başlamaq üçün materiallar prokurorluğa göndərilir.

Nazirlik qanunun xarici vətəndaşlara miqrasiya statusu almaq üçün qondarma nikahdan və atalıqdan istifadə hallarının aradan qaldırılmasına yönəlmiş müddəalarını həyata keçirməyə hazırdır.

Qeyd edək ki, qanun 25 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcək.

Görəsən, sözügedən qanun Rusiyada yaşayan soydaşlarımıza necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Rusiya qanunsuz miqrasiyaya qarşı mübarizəni daha sərt formada həyata keçirməkdə maraqlıdır:

“Bu ölkədə qanunsuz miqrantların sayı həqiqətən də kifayət qədərdir, bir neçə yüz mindən hətta milyon rəqəmlərini də eşidirik. Onlar arasında da müəyyən faiz miqrantlar hətta saxta sənəd əsasında ölkə ərazisində yaşamaq icazəsi əldə edir.

Saxta sənədlər dedikdə, eyni zamanda saxta nikahların bağlanması da nəzərdə tutulur.

Rusiyanın iri şəhərlərində çoxsaylı firmalar var ki, miqrantlara bu kimi xidmətləri göstərir. Bu yolla yararlanan insanlarla bağlı məlumarlar da kifayət qədər çoxdur. O səbəbdən Rusiya Daxili İşlər Nazirliyinin Federal Miqrasiya Xidməti artıq  saxta sənəd düzəltmək, saxta səbəblər göstərmək, saxta işə düzəltmək kimi faktların üzərinə düşüb. Onlar digər qurumları da prosesə cəlb etməklə saxta nikahların üzə çıxarılması istiqamətində addım atılmasının məqsədəmüvafiqliyi və təxirəsalınmazlığı barədə müəyyən rəy də formalaşdırıblar.

Bütün nikahlar üzərindən müvafiq qaydada təhlilər aparılıb. Bu yolla nikahın və övladlığa götürmənin saxta olub-olmadığı barədə yekun qərar verildikdən sonra həmin saxta addımlara xitam verilməsilə bağlı konkret addımlar da atılacaq”.

Bu qərarın Rusiyadakı soydaşlarımıza hansı səviyyədə toxunacağına gəldikdə, həmsöhbətimiz bunu baş verəcəyini istisna etməyib:

“Azərbaycanlılar arasında həmin imkandan müəyyən mənada yararlananların olması da istisna deyil. Kifayət qədər çoxsaylı vətəndaşımız Rusiya vətəndaşları ilə nikah bağlayıb. Xüsusən də 2006-2007-ci ildən sonra bağlanan nikahların sayında kəskin artımı müşahidə etmişik. Elə bir dövr olub ki, il ərzində bağlanan belə nikahların sayı 5000-5500 arasında olub. Onun da neçə faizinin saxta olub-olmadığını demək isə çətindir. Amma müəyyən rəy bildirmək olar.

2006-cı ilə qədər bir dinamika vardısa, ondan sonrakı dövrdə isə iki dəfəyə qədər kəskin artım baş verib. Bu o zamankı Rusiya baş naziri Mixail Fradkovun dövründə əncəbilərin spirtli içki, tütün məmulatları satışı  və ticarətdən uzaqlaşdırılması ilə bağlı verilən qərardan sonra baş verdi. Ondan sonra həmin əcnəbilərin bir qismi vətəndaşlıq üçün müraciət etdi, digər qismi də nikah bağlamağa üz tutdu ki, onların arasında da saxta nikah bağlayanların olması da istisna deyil”.

Rüfət Sultan, Bizim.Media

Chosen
111
48
bizim.media

10Sources