EN

Adəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyev öz çıxışı ilə Cənubi Qafqazı destabillik zonası kimi görmək istəyənləri bir daha ifşa etdi”



“2020-ci ilin 27 sentyabr tarixi şanlı Zəfər yolumuzun başlanğıcı oldu. Həmin tarixdən düz 44 gün sonra Azərbaycan şanlı tarixinin yeni, ən şərəfli səhifəsini yazdı. Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş bütün övladlarının qanını döyüş meydanında almış oldu. Artıq dördüncü ildir ki, xalqımız Zəfər Gününü böyük ruh yüksəkliyi ilə, qalib ölkənin qalib vətəndaşları olaraq qeyd edir. Bu ilki bayram isə cənab Prezident İlham Əliyevin öz xalqına etdiyi möhtəşəm hədiyyə ilə xüsusilə əlamətdar oldu. Dövlətimizin başçısı noyabr ayının 8-də Bakıda Zəfər Parkının açılışını etdi. Açılış mərasimində xalqa müraciətlə etdiyi çıxışında cənab Prezident 44 günlük Vətən müharibəsinin mahiyyətini açaqraq bildirdi ki, bu, bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Azərbaycan Silahlı Qüvvələri hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdi və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdi. İkinci Qarabağ müharibəsi ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.”

Bunu aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi paytaxtda Zəfər Parkının açılışı ilə bağlı fikirlərini paylaşarkən deyib.

Daha sonra müsahibimiz Prezident İlham Əliyevin çıxışında yer almış və Qərbin anti-azərbaycan qüvvələrinə ünvanlanan ismarıcların önəmini vurğulayaraq bildirib ki, dövlət başçısının səsləndirdiyi fikirlər Cənubi Qafqazı destabillik zonası kimi görmək istəyənlərin əsil simalarını bir daha ifşa edir və onları ölkəmizə qarşı yönəlmiş məkrli niyyətlərindən birdəfəlik əl çəkməyə çağırır: “Bu gün Azərbaycanın qarşısında duran hədəf və məqsədlər yalnız sülh şəraiti, iqtisadi inkişaf, beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq və quruculuq işlərini özündə ehtiva edir. Cənab Prezident İlham Əliyevin çıxışında da bu məqamlar açıq-aydın öz əksini tapıb. Azərbaycan öz torpaqlarının işğalına son qoymaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə bütün hədəflərinə çatıb. Biz indi quruculuq işləri ilə məşğuluq və qətiyyən müharibə istəmirik. Lakin Vətən müharibəsindən sonra regionumuzda yaranmış vəziyyət Qərbin heç də bütün təmsilçilərini təmin etmir. Ermənistanın arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan məlum qüvvələr Ermənistanı silahlandırır və Cənubi Qafqazı yenidən qeyri-sabitlik, münaqişə ocağına çevirməyə çalışırlar. Qərbdə Azərbaycana qarşı davamlı olaraq çirkin kampaniyalar aparılır. Buna görə də ölkəmiz və xalqımız, Azərbaycan Silahlı Qüvvələri hər zaman istənilən aqressiyanı dəf etmək iqtidarında olmalıdır. Azərbaycan xalqı 30 illik işğal dövründə baş verənləri heç zaman unutmayacaq və belə bir hadisənin bir daha təkrar olunmasına bundan sonra qətiyyən imkan verməyəcək” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Chosen
20
aia.az

1Sources