EN

“Qarabağ”ın qapıçısı: “Bakıda “Lion”a qalib gələ bilərik”

“Düşünürəm ki, “Lion” klubuna Bakıda qalib gələ bilərik”.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın qapıçısı Fabiyan Buntiç UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Bakıda Fransanın “Lion” komandasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Xorvatiyalı qolkiper komandasının hər matçda qalib gəlmək şanslarının olduğunu bildirib: “Sonadək mübarizə aparsaq, bütün gücümüzü ortaya qoysaq, xallar qazana bilərik. Belə olarsa, ən azı uduzmadan meydanı tərk etmək şansımız yaranacaq. Bunu Norveçdə “Budo Qlimt”lə qarşılaşmada da göstərdik. Çox vacib üç xal qazandıq. Həmin qələbə bizə müsbət mənada böyük təsir edəcək”.

O, Avropa Liqasında pley-off şanslarının davam etdiyini söyləyib: “Hər şey sonda məlum olacaq. İndi komanda olaraq “Lion”la oyuna köklənmişik. Əvvəlcə bu qarşılaşmadan qalib ayrılmalıyıq”.

Ağdam klubundakı performansı barədə də danışan Buntiç deyib: “Avropa Liqasında bir oyunda meydanda olmuşam. Bu, “Malmö” ilə görüşə təsadüf etdi. Düşünürəm ki, yaxşı mübarizə apardım. Ümumi götürsək, çıxışımdan razıyam. Çalışıram ki, meydanda olduğum matçlarda komandama əlimdən gələn köməyi edim”.

Qapıçı “Qarabağ”ın heyətində Azərbaycan çempionu olmaq istədiyini vurğulayıb: “Turnir cədvəlinin ilk pilləsində qərarlaşmışıq. Məqsədimiz qızıl medallara sahib çıxmaqdır. Ümid edirəm ki, mövsümün sonunda qarşıya qoyulan hədəfə çatacağıq”.

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək Tofiq Bəhrəmov adına Respublika Stadionunda “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

İdman.biz

Chosen
32
1
idman.biz

2Sources