EN

Yaşıl zonada yaşıl Azərbaycan təqdim edilir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində turizm üzrə ölkəmizin dayanıqlılıq təcrübələri Yaşıl Zonada yerləşən destinasiya stendində təqdim olunur.

200 kvadratmetrlik sahədə yerləşən stenddə xarici qonaqlara və media nümayəndələrinə Azərbaycanın turizm potensialı haqqında məlumatlar təqdim olunur, Azərbaycanın turizm imkanlarını əks etdirən interaktiv xəritə və ölkə ilə bağlı promovideolar nümayiş etdirilir.

Stenddə Azərbaycanın milli mətbəxi, çay dəsgahı mədəniyyəti, milli şirniyyatlar, yerli şərablar, o cümlədən yerli biomüxtəlifliyin qorunması prinsipinə əsaslanan “Slow food travel” konsepsiyası barədə təqdimat və dequstasiyalar keçirilir.

Ziyarətçilər, həmçinin xalçaçılıq, corab toxuma, yun əyirmə, keramika üzərində rəsmlər, təkəlduz və misgərlik kimi sənətlər üzrə əl işləri ilə tanış olurlar.

Azərbaycanın görməli yerlərinə virtual səyahət üçün nəzərdə tutulan VR (virtual reallıq) hissəsində qonaqlara Xınalıq, Yanardağ, Atəşgah, İçərişəhər, Şəki Xan sarayı, Göygöl və digər tarixi və mədəni məkanlara canlı şəkildə səyahət etmək imkanı yaradılır.

Təqdimat zonasında isə 10 gün ərzində ziyarətçilər üçün hər gün dağ yürüşü, quş müşahidəçiliyi kimi ekoturizm məhsulları, təbiət turizmi potensialı, işgüzar tədbirlər üzrə imkanlar, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən maddi-mədəni irs nümunələri haqqında məlumat veriləcək. Bundan başqa, Azərbaycan turizminin təbliğinə həsr edilmiş müxtəlif təqdimatlar təşkil olunacaq.

Chosen
52
sesqazeti.az

1Sources