Futbol üzrə Argentina millisinin sabiq çalışdırıcısı Xorxe Sampaoli Fransanın “Renn” komandasının baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi argentinalı mütəxəssislə müqavilə imzalandığını açıqlayıb.
64 yaşlı məşqçinin klubla müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. O, bu komandanın baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Jülyen Stefanı əvəz edib. Hansı ki, o, cari mövsümdəki uğursuz nəticələrə görə postundan kənarlaşdırılmışdı.
Qeyd edək ki, “Renn” hazırda 11 xalla Fransa Liqa 1-in yarış cədvəlində 13-cü yerdə qərarlaşıb. Komanda 2024/2025-ci illər mövsümündə keçirdiyi 11 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Jülyen Stefan 2023-cü ilin noyabr ayından “Renn”ə rəhbərlik edirdi. 44 yaşlı mütəxəssis bu müddətdə komandanı 41 oyuna çıxarıb. Liqa 1 təmsilçisi bu görüşlərdə 19 qələbə qazanıb, 6 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.
Xorxe Sampaolinin sonuncu iş yeri isə Braziliyanın “Flamenqo” klubu olub. O, ötən ilin sentyabrında bu klubdan ayrılandan bəri işsiz idi.
Sampaoli daha öncə “Sevilya”, “Atlletiko Mineyro”, “Olimpik” (Marsel), “Santos”, “Universidad de Çili”, “Emelek” kimi klublara, Çili və Argentina yığmalarına da rəhbərlik edib.