EN

Yollardakı faciələr və korrupsiya: zərərçəkmişlərin hüquqlarını kim qoruyacaq?

Abşeron rayonunda (26.06.2024) baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqını (hüquqşünas olaraq) araşdırarkən heyrətə gəldim; bu, necə ola bilər? Fakt ortalıqda, sənəd-sübut da həmçinin, amma mümkün olmayanın mümkün edilməsinə dair sənədləşmə işini görəndə heyrətlənməmək mümkün deyil.

Xəzərnews.az xəbər verir ki, Elşad Həmidov moped idarə edərkən Bağırov Yunsur Nofəl oğlu idarə etdiyi “Mercedes” markalı 99 DX 495 dövlət qeydiyyat nişanlı avtomobillə onu vuraraq ciddi bədən xəsarətləri yetirmişdir.

E.Həmidov hadisədən dərhal sonra xəstəxanaya çatdırılmış və Mərkəzi Klinikada
ciddi tibbi müayinələrdən keçmişdir. Tibbi sənədlərə əsasən, o, kəllə-beyin
silkələnməsi keçirmiş, başın arxa hissəsinə on iki tikiş atılmış, sol çiyin və dirsək nahiyələrində çıxıq əmələ gəlmiş, eyni zamanda, çoxsaylı yumşaq toxuma zədələnmələri almışdır. O, üç gün reanimasiyada yatmış, daha sonra palataya köçürülərək 10 gün stasionar müalicə almışdır.

Stasionar müalicə aldıqdan sonra təkrar müayinələrdən keçmiş və həmin
müayinələrin nəticələrinə görə, Elşad Həmidovda ciddi yumşaq toxuma travmaları, su
yığılması, gözlərində ikili görmə, sol qolunda və dirsək nahiyəsində kəskin ağrılar ,
məhdud hərəkətlilik və şişkinlik müşahidə edildiyindən, həkimlər xəsarətlərin ciddi xarakter daşıdığını təsdiqləyərək ona uzun müddətli ambulator müalicə və fizioterapiya təyin edirlər.

Mərkəzi Klinikadan verilmiş epikrizdə qeyd edilir ki, Elşad Həmidovun aldığı
xəsarətlər xeyli dərəcədə sağlamlığını pozmuş və onun reabilitasiyası uzun müddət
davam edəcəkdir.

Məhkəmə-tibbi ekspertizanın 03 avqust 2024-cü il tarixli rəyində isə, bunun tam əksi
qeyd edilir. Guya, E.Həmidov məhkəmə-tibbi müayinədən keçmiş və xəsarətləri
sağlamlığın qısa müddətə pozulmasına səbəb olsa da, bu, (sağlamlığa) yüngül zərərvurmaya aiddir (halbu ki, o, heç bir tibbi ekspertin dəvətini almamış məhkəmə-tibbi müayinədən keçməmişdir).

Buna baxmayaraq, Abşeron RPİ TB-nin baş təhqiqatçısı, polis polkovnik-leytnantı Ruslan Əsgərov 20 avqust 2024-cü il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar çıxarmışdır. Bu qərara əsasən, hadisə yerində və sonrakı müayinələr zamanı müəyyən edilmişdir ki, “Mercedes” markalı avtomobil texniki cəhətdən saz vəziyyətdə olub və sürücü heç bir qayda pozuntusuna yol verməyib. Çox maraqlıdır, sürücüqayda pozuntusuna yol verməyibsə, o zaman hadisə necə törədilib? Yaxşı ki, R.Əsgərov öz qərarında E.Həmidovun özünü “Mercedesə” çırpdığını qeyd etməyib.

Ruslan Əsgərov iddia edir ki, E.Həmidovun aldığı xəsarətlər “yüngül bədən xəsarətləri” hesab olunur və buna görə də AR Cinayət Məcəlləsinin 263-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, cinayət işi açılması üçün əsas yoxdur. Lakin burada böyük bir hüquqi uyğunsuzluq var.

CM-nin 263-cü maddəsinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkənə yüngül bədən xəsarətləri yetirildikdə, sürücü inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməlidir. Lakin E.Həmidovun aldığı xəsarətlər və tibbi sənədlər onun bədən xəsarətlərinin ciddi olduğunu göstərir və bu, artıq yüngül xəsarət sayıla bilməz.

Bununla yanaşı, Cinayət Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, cinayət işinin açılmaması üçün hadisə nəticəsində zərərçəkmiş şəxsin şikayətçi olmaması, həmin məcəllənin 39.1.9 maddəsinə görə isə, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışığı tələb olunur. Lakin E.Həmidov zərərçəkmiş şəxs kimi 02 sentyabr 2024-cü il tarixdə Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun adına ərizə ilə müraciət edərək, Məhkəmə-tibbi ekspertizasının rəyindən və baş təhqiqatçı polis polkovnik-leytnantı Ruslan Əsgərovun apardığı təhqiqat işindən narazı qaldığını bildirmişdir. Buna baxmayaraq, E.Həmidovun şikayəti cavabsız qalıb.

Burda vacib bir məqamı qeyd etmək istəyirəm: təqsirləndirilən şəxs Bağırov Yunsur
Nofəl oğlu Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin muəllimi Bağırov Nofəlin
oğludur.

Elşad Həmidovun bu hadisə ilə bağlı narazılığı anlaşılandır. O, aldığı xəsarətlərin
hüquqi qiymət almaması və cinayət işinin açılmaması ilə bağlı Abşeron Rayon
Prokurorluğuna müraciət edərək, əlavə ekspertizanın aparılmasını və işin yenidən
baxılmasını tələb edir.

Bu məsələnin ədalətli həlli üçün hüquq-mühafizə orqanları Elşad Həmidovun tibbi
sənədlərini yenidən nəzərdən keçirməli və əlavə ekspertiza təyin etməlidir. Unudulmamalıdır ki, şəxsinn sağlamlığına qəsdən və ya ehtiyatsızlıqdan ciddi ziyan yetirilməsi halları cinayət məsuliyyəti yaradır.

Bu cinayətin ehtiyatsızlıqdan baş verməsi gizlədilib, onu törədəni məsiuliyyətdən yayındırısa, artıq qəsd hesab etmək olar. Törədilən inzibati və ya cinayət əməli törədən şəxs qanunla mühakimə olunub cəzasını almadığı təqdirdə hüquq, qanun nüfuzdan düşür, ədalət isə sarsılır.

Bu hadisə Azərbaycan Respublikasında hüquqi ədalətin bərpa olunması baxımından
mühüm presedent təşkil edir. Yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan insanların hüquqlarının qorunması və onlara qarşı baş vermiş qanun pozuntularının ədalətli araşdırılması olduqca vacibdir. Elşad Həmidovun vəziyyəti bir daha göstərir ki, hüquq-mühafizə orqanlarının qərarları hər zaman tibbi və hüquqi sənədlərə uyğun şəkildə verilməlidir.

Tibbi müayinə sənədləri onun xəsarətlərinin ciddi olduğunu göstərir, bu isə hüquqi
sistemin yenidən həmin işə (həm də ədalətli) baxmasının zəruriliyini ortaya qoyur.
Bir hüquqşünas olaraq ümid edirəm ki, Elşad Həmidov kimi şəxslərin hüquqları
gələcəkdə daha diqqətlə müdafiə olunacaq və hüquqi sistemimiz ədaləti təmin edəcək.

İlhamə Sadıqova
Hüquqşünas






Xəbər 2 dəfə oxunub.
Chosen
60
xezernews.az

1Sources