EN

Bakıda “Karbonsuzlaşdırma, qida sistemlərinin uyğunlaşdırılması və təbiətin bərpası 1.5°C yolunda” mövzusunda müzakirələr aparılıb

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Karbonsuzlaşdırma, qida sistemlərinin uyğunlaşdırılması və təbiətin bərpası 1.5°C yolunda” mövzusunda müzakirələr keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “İki sahil”ə bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Amna Al Dahakın və Dünya Resursları İnstitutunun baş direktoru Ani Dasguptanın moderatorluq etdiyi müzakirələrdə Danimarkanın Baş naziri Mette Frederiksen, Efiopiya Prezidenti Taye Atske Selassie, Fici Respublikasının Baş nazirinin müavini və maliyyə naziri Biman Prasad, FAO-nun Baş direktoru Qu Dongyu çıxış edərək, torpaq və su resurslarından düzgün istifadənin iqlim dəyişikliyi ilə mübarizədə əsas amillərdən biri olduğunu vurğulayıblar.

Müzakirələrdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov iqlimə dayanıqlı kənd təsərrüfatının inkişaf etdirilməsi və qida sistemlərinin transformasiyasına dair Azərbaycan hökumətinin təşəbbüsləri barədə iştirakçılara məlumat verib. İqlim dəyişikliyinin aqrar sektora da mənfi təsir etdiyini bildirən nazir su resurslarının azlığı, torpaqların şoranlaşması problemlərinin aradan qaldırılması üçün icra olunan dayanıqlı kənd təsərrüfatı, su idarəçiliyi və iqlimə uyğunlaşma strategiyaları barədə danışıb.

İştirakçıları Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü haqqında məlumatlandıran nazir Məcnun Məmmədov bildirib ki, bu təşəbbüs qlobal tərəfdaşları bir araya gətirməklə, iqlimə müsbət təsir göstərən qida sistemləri üzrə investisiyaların təşviqi, xüsusilə qadınlar və gənclər üçün daha güclü dəstəyin təmin olunması məqsədi daşıyır.

Azərbaycanın kənd təsərrüfatı sektorunun iqlimə dayanıqlı inkişafında qlobal əməkdaşlığın əhəmiyyətini önə çəkən nazir qeyd edib ki, ölkəmiz beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək, dayanıqlı kənd təsərrüfatı praktikasının inkişafı və iqlimə dayanıqlı gələcəyin təmin olunması prinsiplərinə sadiq qalır.

Tədbir iştirakçıları qida sistemlərinin transformasiyası, iqlim dəyişikliyinin aqrar sahəyə təsirini azaltmaq və məhsuldarlığı artırmaq üçün innovativ modellər və siyasətlər, karbonsuzlaşdırma və təbiətin bərpası, torpaq istifadəsində dayanıqlı keçidlərə nail olmaq üçün strategiyalar, dayanıqlı torpaq istifadəsinin maliyyələşdirilməsi, kənd təsərrüfatı və qida sistemlərinin transformasiyası üçün maliyyə modelləri və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, COP29 çərçivəsində keçirilən bu tədbir ərzaq təhlükəsizliyi, dayanıqlılıq və təbiətin qorunması sahələrində ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və iqlim dəyişikliklərinə qarşı qlobal tədbirlərin təşviqi baxımından müsbət nəticələrə səbəb olacaq.

Chosen
13
3
ikisahil.az

4Sources