EN

İqlim dəyişikliyi artıq getdikcə artan təhlükədir » AzadMedia.az


BMT QAK-ın hesabatında göstərilir ki, iqlim dəyişikliyi artıq müharibə, zorakılıq və təqiblərdən qaçan insanlar üçün getdikcə artan təhlükədir

Yeni hesabatda xəbərdarlıq edilir ki, müharibə, zorakılıq və təqiblərdən qaçmağa məcbur olan insanlar getdikcə daha çox qlobal iqlim böhranının ön cəbhəsində qərarlaşırlar ki, bu da onları adaptasiya üçün maliyyə və dəstək olmadan bir sıra ölümcül təhlükələrə məruz qoyur.

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK tərəfindən 13 ekspert təşkilatı, tədqiqat institutları və qaçqın təmsilçiləri qrupları ilə əməkdaşlıq şəraitində hazırlanaraq bu gün açıqlanan hesabatda iqlim şoklarının münaqişə ilə necə qarşılıqlı əlaqəsi olduğunu və onsuz da təhlükə altında olan insanları daha qorxulu vəziyyətlərə necə saldığını göstərmək üçün ən son məlumatlardan istifadə edilib.

Dünyada zorla didərgin salınmış 120 milyondan çox insanın dörddə üçü iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ölkələrdə yaşayır. Onların yarısı Efiopiya, Haiti, Myanma, Somali, Sudan və Suriya kimi həm münaqişədən, həm də ciddi iqlim təhlükələrindən təsirlənən yerlərdədir.

Hesabata görə (Xilas yolu yoxdur: İqlim dəyişikliyinin, münaqişələrin və məcburi didərginliyin ön cəbhələrində), 2040-cı ilədək iqlimlə bağlı ekstremal təhlükələrlə üzləşən ölkələrin sayının 3-dən 65-ə yüksələcəyi gözlənilir ki, onların da böyük əksəriyyəti zorla didərgin salınmış insanları qəbul edənlərdir. Eynilə, əksər qaçqın məskənləri və düşərgələrinin 2050-ci ilə qədər gün sayı baxımından iki dəfə artıq təhlükəli istilər yaşayacağı proqnozlaşdırılır.

“Dünyada ən həssas durumda olan insanlar üçün iqlim dəyişikliyi onların həyatına dərindən təsir edən sərt reallıqdır”, - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. “İqlim böhranı artıq münaqişə və qeyri-sabitlik nəticəsində yurdlarını tərk etmiş çoxlu sayda insana ev sahibliyi edən regionlarda didərginliyə səbəb olur, onların acınacaqlı taleyini daha da ağırlaşdırır və gedə biləcəkləri təhlükəsiz bir yer qalmır”.

Məsələn, Sudandakı dağıdıcı münaqişə milyonlarla insanı didərdin salıb ki, onların da arasında onilliklər boyu qaçqınlara ev sahibliyi edən və hələ də iqlim dəyişikliyinə ən çox məruz qalan ölkələrdən biri olan Çad ilə sərhədi keçmiş 700 min nəfər də vardır. Eyni zamanda, döyüşlər gedən əraziləri tərk edən, amma Sudanda qalan insanların çoxu ölkəni fəlakətə düçar edən şiddətli daşqınlar səbəbindən yenidən didərgin düşmə riski altındadır.

Eynilə, Myanma qaçqınlarının 72 faizi siklon və daşqınlar kimi təbii təhlükələrin ekstremal hal kimi təsnif edildiyi Banqladeşdə təhlükəsiz sığınacaq axtarışında olmuşdur.

“Bu qədər böyük sayda insanın uzun illərdir yurdundan didərgin düşdüyü bölgəmizdə biz iqlim dəyişikliyinin təsirlərini gözümüz qarşısında görürük”, - deyə Cənubi Sudanda yaşayan iqlim fəalı və keçmiş qaçqın Qreys Doronq bildirib. “Ümid edirəm ki, bu hesabatdakı insanların səsləri qərar qəbul edənlərə bunu anlamaqda kömək edəcək ki, bu məsələ həll olunmazsa, məcburi didərginlik və iqlim dəyişikliyinin artan təsiri vəziyyəti daha da pisləşdirəcək. Amma onlar bizi dinləsələr, biz də həll yolunun bir hissəsi ola bilərik”.

Hesabatda həmçinin vurğulanır ki, iqlimlə bağlı ayrılan maliyyə qaçqınlara, ev sahibi icmalara və həssas durumda və müharibə şəraitində olan ölkələrdəki digər insanlara çatdırıla bilmir, buna görə də onların iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq imkanları sürətlə pisləşir.

Hazırda son dərəcə həssas durumda olan dövlətlər adaptasiya üçün ayrılan illik maliyyə vəsaitindən adambaşına cəmi 2 ABŞ dolları alır ki, bu da həssas durumda olmayan dövlətlərdə adambaşına düşən 161 dollarla müqayisədə heyrətamiz dərəcədə azdır. Ayrılan vəsait həssas durumda olan dövlətlərə çatdıqda, onun 90 faizindən çoxu paytaxt şəhərlərinə yönəlir, digər yerlər isə nadir hallarda ondan faydalanır.

Gəlinən nəticələr Azərbaycanda, Bakıda keçirilən COP29 tədbiri zamanı açıqlanıb və BMT QAK ən çox ehtiyacı olanlara iqlimlə bağlı ayrılan maliyyə vəsaitinin artırılması üçün çağırış edib. Qaçqınlar agentliyi həmçinin dövlətləri iqlim fəlakətlərinin əlavə təhlükəsi ilə üzləşən didərgin düşmüş insanları qorumağa, maliyyə və siyasət məsələlərinə aid qərarların qəbulunda onların və onları qəbul edən icmaların rəylərini dinləməyə çağırır.

"İqlimlə bağlı fövqəladə durum dərin ədalətsizliyi əks etdirir", - deyə Qrandi bildirib. “Yurdlarını tərk etməyə məcbur olan insanlar və onlara ev sahibliyi edən icmalar karbon emissiyalarına görə ən az cavabdehdirlər, amma bunun ən yüksək bədəlini ödəyirlər. İqlimlə bağlı ayrılan maliyyənin milyardlarla dolları heç vaxt onlara çatmır və humanitar yardım getdikcə genişlənən boşluğu adekvat şəkildə qapada bilmir. Həll yolları artıq var, amma biz təcili tədbir görməliyik. Müvafiq resurslar və dəstək olmasa, zərərçəkənlər çıxılmaz vəziyyətə düşəcəklər”.
Chosen
20
1
azadmedia.az

2Sources