Futboldan uzaqlaşmışdım bir müddət. Həm futboldan, həm işdən, həm də ümumiyyətlə, sosial şəbəkədən.
Özü də futbol ab-havasının bu qaynar vaxtında.
Nə gizlədim, yormuşdu məni.
Amma bir şeydən yorulub-yorulmamaq mənim Qarabağa səfərimə heç vaxt əngəl olmur. Xüsusən artıq hər il qeyd etdiyimiz Zəfər gününün ildönümü günündə.
8 noyabrı Qarabağda qarşılamaq az qala rituala çevrilir mənim üçün. Bu, bir növ mənim özümün öz qarşımda qoyduğum mənəvi və vicdani öhdəlikdir.
Odur ki, bu il də ənənəni pozmadım və 8 noyabr günü Qarabağa istiqamət aldım ki, bu, təkcə 2024-cü ildə ora beşinci, ya altıncı səfərim idi. Amma beşinci səfərim də, altıncı gəlişim də, düzü, ora 28 illik fasilədən sonrakı ilk səfərim kimi yuxu kimi gəlir mənə.
Ona görə də mən hər Qarabağa gedəndə Allaha etdiyim iki duamdan biri bu olur: kaş yaşadıqlarım yuxu olmaya…
Çünki erməni işğal dövründə yuxumda Qarabağa, Ağdamdakı ata-baba evlərimizə çox getmişəm, o vaxtlar ən gözəl anlarımı da məhz onda yaşamışam.
Ta yuxudan oyanıncaya qədər.
Və niyə Qarabağ məni özünə bu qədər çox çəkir deyə düşündükcə ona əmin oluram ki, doğulduğum torpaqla mənim aramda düz 28 illik məsafə səddi olub.
28 illik bir sədd.
Amma bir daha qarşımıza çıxmaz elə sədd.
Çıxa bilməz.
Ona görə çıxa bilməz ki, indi bu torpağın altı da, üstü də, havası da İsa Bulağından axan, Turşsuda, İstisuda qaynayan tərtəmiz su kimi pakdır.
Yəni o yurda, el-obaya bir mənəvi təmizlik gəlib.
Necə gəlib?!
Əvvəla qalib sərkərdəsi və ordusuyla gəlib.
Və həm də…
Dağıdılmış Ağdamın hər qarışının indi qurulmasıyla gəlib.
Bugünkü “İmarət”ın sanki cənnətə çevrilməsi ilə gəlib.
Nisgilli Xocalıdan matəm aurasını əvəzləyən qürur havası ilə gəlib.
Xankəndinin mərkəzində azərbaycanlı tələbə balalarının qol-boyun olub fəxrlə gəzməsi ilə gəlib.
Şuşada fəhlə qardaşımızın Xanın oxuduğu “Qarabağ” şikəstəsinin sədası altında daşı daş üstünə qoyması ilə gəlib.
Laçında Həkəri çayının hər səhər insan selini görüb coşması ilə gəlib.
Və sən də bunu görürsən. Həm də ürəyinlə, beyninlə, qanın və ruhunla hiss edirsən.
Onda deyirsən, həə…
Bu eldən axır ki, namərdlər gedib!
Bu elə mərdlər gəlib artıq!
Mərdlər, mərd insanlar, mərd oğullar…
Aydın Bağırov
Ağdam, İmarət kompleksi
09.11.2024