EN

Qafqaz sülh masasında şərtlər yenə dəyişir: ABŞ və Qərbdən təlimat gözləyən İrəvan yeni situasiyanın girovuna çevrilir

Cənubi Qafqazda sülh prosesinin hansı istiqamətdə inkişaf edəcəyini tam dəqiqləşdirmək üçün ABŞ-da siyasi hakimiyyətin Tramp administrasiyasına təhvil verilməsindən sonra yaranacaq yeni situasiyanı gözləmək lazım gələcək... Çünki əgər, Tramp administrasiyası Ağ Evin indiki Cənubi Qafqaz siyasətində pozitiv dəyişikliklər edərsə, Ermənistan Azərbaycanla ən qısa zamanda yekun sülh sazişinin imzalanmasına məcbur qala bilər...

Cənubi Qafqazda sülh prosesinin inkişaf istiqamətləri hələ də qeyri-müəyyən olaraq, qalmaqda davam edir. Rəsmi İrəvan sülh prosesi ilə manipulyasiya etməklə yanaşı, savaşa hazırlaşır. Hər halda, Ermənistanın son vaxtlar xarici ölkələrdən davamlı olaraq, hərbi texnika idxal etməsi sülh prosesinə sadiq ölkə təsiri bağışlamır. Əksinə, rəsmi İrəvan bu prosesdən mümkün qədər məsafə saxlamağa çalışır. Və yekun sülh sazişinin imzalanma imkanlarını məhdudlaşdırmağa cəhd göstərir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Azərbaycan və Ermənistan arasında davamlı sülh vəziyyətinin bərqərar olması üçün əlindən gələn hər şeyi edib. Rəsmi Bakı hətta Ermənistanı Azərbaycanda keçirilən COP29 kimi önəmli beynəlxalq tədbirdə iştiraka da dəvət edib. Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan COP29 iştirakçıları arasında qeydiyyatdan keçsə də, Ermənistan təmsilçiləri tədbirə qatılmayıb. Və ən qəribəsi də odur ki, COP29 başlasa da, rəsmi İrəvan bu tədbirdə iştirakla bağlı hələ də hər hansı qərarın qəbul edilmədiyini bildirir.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg

Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki Qərbə inteqrasiya siyasəti yürüdən Ermənistan artıq müstəqil dövlət statusunu itirmək üzrədir. Belə ki, rəsmi İrəvan müstəqil qərarlar qəbul edə bilmir, atacağı bütün addımları ABŞ, Avropa Birliyi və Fransa ilə razılaşdırır. Bununla da Paşinyan hakimiyyəti Ermənistanın müstəqilliyini formal statusa çevirərək, Qərbin geopolitik müstəmləkəsi olması reallığı ilə barışıb. Və belə bir dövlət idarəetmə anlayışı olan Ermənistanla hər hansı məsələdə müzakirələrdən müsbət nəticələr gözləmək də çox çətindir.

Məsələ ondadır ki, rəsmi İrəvanla hər hansı məsələdə razılaşmaq üçün ilk növbədə Ermənistanın beynəlxalq himayədarları ilə də anlaşma nöqtələri axtarmaq lazımdır. Rəsmi Bakı isə buna qətiyyən həvəsli deyil. Çünki Azərbaycanın siyasi rəhbərliyi Ermənistanın beynəlxalq himayədarlarının Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında maraqlı olmadıqlarını tam dəqiqliyi ilə bilir. ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazda yeni savaşın törədilməsi üçün Ermənistanı silahlandırmağa çalışması da bu reallığı birmənalı şəkildə təsdiqləyir. Və bu baxımdan, rəsmi Bakının indiki mərhələdə daha çox situasiyaya uyğun davranmağa üstünlük verməsi tamamilə başadüşüləndir.

Paşinyan hakimiyyəti son vaxtlara qədər Azərbaycanla yekun sülh sazişinin məhz COP29 ərəfəsində imzalamağa hazır olduğunu dəfələrlə və israrla təkrarlayırdı. Halbuki, indi məlum olur ki, rəsmi İrəvan Azərbaycanın göndərdiyi sülh sazişinə düzəliş və təkliflərə cavabı yenə də gecikdirilmiş. Əgər, yekun sülh sazişinin mətninin razılaşdırılmasına yönəlik təklifləri vaxtında cavablandırmırsa, onda rəsmi İrəvanın həmin sənədi COP29 ərəfəsində imzalamağa hazır olduğunu bəyan etməsi də sadəcə, siyasi manipulyasiya xarakteri daşıyır. Və qətiyyən şübhə doğurmur ki, Paşinyan hakimiyyəti hələ də Qərbdən təlimat gözləyir.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg

Böyük ehtimalla Paşinyan hakimiyyətinə ABŞ, Avropa Birliyi və Fransadan yekun sülh sazişi ilə bağlı təlimat əslində, çoxdan verilib. Rəsmi İrəvan da məhz həmin təlimata uyğun olaraq, sülh prosesini uzatmağa cəhd göstərir. Yəni, rəsmi İrəvanın bu ilin sonuna qədər həmin sənədin imzalanması barədə açıqlamaları da vaxtı uzatmaq məqsədi daşıyır. Və bu baxımdan, Ermənistan rəsmi dairələrinin Qərbin sülhdən yayınma təlimatlarına uyğun olaraq, ardıcıl bəhanələr icad etməyə çalışacağı qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Ermənistan nümayəndə heyətinin Bakıda keçirilən COP29 iqlim sammitində iştirak etməməsini əldən verilmiş fürsət olaraq, dəyərləndirib. Ancaq onun fikrincə, 2024-cü ilin sonunadək Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanması indi daha çox Ermənistanın mövqeyindən asılıdır: “Ermənistanla sülh müqaviləsinin əsas maddələri razılaşdırılıb. Ancaq hələ də razılaşdırılması vacib olan məsələlər var. Ona görə də, bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması Ermənistandan asılıdır”.

Göründüyü kimi, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması üçün münbit şərait mövcuddur. Ancaq bu situasiyadan maksimum səviyyədə istifadə edilməsi qarşısında müəyyən problemlər də qalmaqdadır. Üstəlik, bu problemlər Ermənistanın revanşist planlarına bağlı qeyri-konstruktiv mövqeyindən qaynaqlanır. Eyni zamanda, ABŞ, Avropa Birliyi və Fransa da Cənubi Qafqazda regional sülh prosesinin uğur qazanmasını əngəlləməyə cəhd göstərir. Və bütün bunlar həm Ermənistanın revanşist niyyətlərinə, həm də Qərbin regionda yeni savaşa yönəlik geopolitik maraqlarına bağlıdır.

c9db7be4-7f86-4101-aac1-2d49cbba3189.jpg

Belə anlaşılır ki, nə qədər gündəmə gətirilsə də bu ilin sonunadək Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma ehtimalı real deyil. Belə bir önəmli pozitiv regional addımın atılmasına Ermənistan hələlik qətiyyən hazır görünmür. Eyni zamanda, ABŞ və Qərb də Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına maraq göstərmir. Və bu baxımdan da sülh mövzusu üzərindən siyasi manipulyasiyalar daha çox bu önəmli prosesi əngəlləmək məqsədi daşıyır.

Ona görə də, Cənubi Qafqazda sülh prosesinin hansı istiqamətdə inkişaf edəcəyini dəqiqləşdirmək üçün ABŞ-da siyasi hakimiyyətin Tramp administrasiyasına təhvil verilməsindən sonra yaranacaq situasiyanı gözləmək lazım gələcək. Çünki əgər, Tramp administrasiyası Ağ Evin indiki Cənubi Qafqaz siyasətində pozitiv dəyişikliklər edərsə, Ermənistan Azərbaycanla ən qısa zamanda yekun sülh sazişinin imzalanmasına məcbur qala bilər. Yəni, hazırda razılaşdırılması vacib olan bəzi məsələlər, xüsusilə də, Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların təmizlənməsi də baş tutmuş olar. Və nəticədə Azərbaycan-Ermənistan yekun sülh sazişi qarşısında olan əsas problemlərdən daha biri aradan qaldırılar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Chosen
26
musavat.com

1Sources