EN

Fransa COP29-da iştirakdan geri çəkildi

Bakıda keçirilən COP29 tədbirinin üçüncü günündə Fransa iqlim danışıqlarından geri çəkilib.

Fransa Azərbaycan Prezidentinin rəsmi Parisi Yeni Kaledoniyada “müstəmləkə cinayətlərində” ittiham etməsindən sonra bu addımı atıb.

“Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir”, İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində deyib.

O əlavə edib ki, “bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır”.

Fransanın ekologiya naziri Agnes Pannier-Runacher Əliyevin "təəsüf doğuran" çıxışına etiraz olaraq səfərini ləğv etdiyini söyləyib.

O, Əliyevin çıxışını "qəbuledilməz və …COP prezidentliyinə yaraşmayan” adlandırıb.

Xanım Pannier-Runacher onu da deyib ki, bu, onun təbirincə, BMT iqlim danışıqlarının aparılması üçün "davranış kodeksinin kobud şəkildə pozulması idi".

Nazir Prezident Əliyevin təbii resurslara “Tanrının hədiyyəsi” dediyini xatırladaraq, bunu “qazıntı yanacaqlarla bağlı eyni dərəcədə qəbuledilməz şərhlər” adlandırıb.

Pannier-Runacher deyib ki, o ölkəsinə qayıtsa da, Bakıdakı fransalı komanda “planeti və əhalini iqlim dəyişikliyindən qorumaq üçün” razılaşma əldə etmək səylərindən əl çəkməyəcək.

Fransa və Azərbaycan arasında münasibətlər bir neçə ildir ki, rəsmi Parisin Ermənistanı dəstəkləməsi və onunla hərbi əlaqələrinə görə pisləşməkdədir.

Azərbaycan bunun əvəzində Fransanın dənizaşırı ölkələrində ona qarşı etirazları dəstəkləyir.

Chosen
85
bbc.com

1Sources