EN

Dünya İqtisadi Forumunun iştirakı ilə sessiya baş tutdu - FOTO

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə "Əməkdaşlığın Gücü: xalis sıfıra nail olmaq üçün birgə səylər" mövzusunda Yüksək Səviyyəli Sessiya keçirilib. Sessiyaya Dünya İqtisadi Forumunun idarəedici direktoru Gim Huai Neo moderatorluq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov iqlim dəyişikliyi ilə mübarizədə birgə əməkdaşlıq prinsipləri, qlobal siyasət və özəl sektorun bu sahəyə töhfəsi barədə fikirlərini bölüşüb. Bildirilib ki, iqlim dəyişikliyinin qarşısının alınmasında inklüziv tədbirlərin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi vacibdir. Eyni zamanda, qlobal iqlim problemləri fonunda hər kəsə bərabər yanaşmanın əhəmiyyəti vurğulanıb.

Sessiya zamanı Azərbaycanın davamlı inkişaf və yaşıl iqtisadiyyat sahəsindəki məqsədləri və bu istiqamətdə həyata keçirdiyi işlər barədə məlumat verilib. Ölkəmiz yaşıl enerji məqsədlərinə nail olmaq üçün innovativ texnologiyalar və qabaqcıl həllərin inkişafına xüsusi diqqət yetirir və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti ön plana çəkilir.

Ümumdünya Ticarət Təşkilatının Baş direktoru Nqozi Okonjo-İveala qlobal ticarət siyasətinin iqlim dəyişikliyinə uyğunlaşdırılmasının vacibliyindən və inkişaf etməkdə olan ölkələrin bu istiqamətdə dəstəklənməsinin önəmindən danışıb.

Özbəkistanın sərmayə, sənaye və ticarət naziri Laziz Kudratov qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini, region ölkələrinin bu sahədəki təşəbbüslərini və bərpa olunan enerji sahəsində birgə layihələrin vacibliyini vurğulayıb.

Dünya İqtisadi Forumunun icraçı direktoru Gim Huai Neo karbon emissiyasının sıfıra endirilməsinin iqtisadi artım və yeni iş yerlərinin yaradılması üçün böyük imkanlar yaratdığını və bu məqsədə çatmaq üçün dünya ölkələri arasında inteqrasiya olunmuş yanaşmaların vacibliyini bildirib.

Boston Consulting Group-un baş icraçı direktoru və İqlim Liderliyi Alyansının həmsədri Rich Lesser 2019-2022-ci illərdə ümumi emissiyaların 10% azaldığını və eyni zamanda gəlirlərini 18% artırdıqlarını qeyd edib, iqlim dəyişikliyi ilə mübarizədə özəl sektorun daha fəal iştirakı üçün hökumətlərlə sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Fortescue şirkətinin baş direktoru Endryu Forrest iqlim dəyişikliyi ilə mübarizədə təmiz enerjinin vacibliyini vurğulayıb və bərpa olunan enerji sektoruna investisiyaların artırılmasının qlobal iqlim məqsədlərinə çatmaq üçün önəmli olduğunu qeyd edib.

Sessiya iştirakçıları iqlim böhranının həlli üçün qlobal səviyyədə birgə fəaliyyətin zəruriliyini vurğulayıblar. Hökumətlər, şirkətlər və vətəndaş cəmiyyəti təşkilatları ortaq məsuliyyət daşımağa və konkret fəaliyyət planları ilə iqlim dəyişikliyi ilə mübarizəyə qoşulmağa çağırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
13
1
milli.az

2Sources