EN

Çal-çağırlı boşanma, Demi Murun əndamı, İrina Şeykin şəffaf libası və s.

 

Başımız COP-a qarışıb, sənət dünyasındakı vacib yeniliklərdən xəbər tutmuruq. Namxuda, sənətçilərimiz də dinc durmurlar, özləri, həyatları, düşüncələri barədə xalqı bilgisiz qoymurlar.

Amma bəziləri sanki şəxsi həyatları barədə xəbər istehsalını bir az azaldıblar. Məsələn, evində ölən iki siçan barədə xəbərin 20-dən artıq saytda dərc edildiyi şairə-aparıcı Nazilə Səfərli yalnız bu günlərdə ifşa olunmuş estetik cərrahların müdafiəsinə qalxmasıyla gündəmə gəldi. O da ki heç yaxşı söhbət deyildi.

Elza Seyidcahan da neçə vaxtdır nə yeni saç düzümü ilə ortaya çıxır, nə də yeni şeir yazır. O gün baxıram ki, xanımın köhnə şeirini yeni adı ilə soxuşdururlar. Kimə gəlirsiniz? Xalq xanımın yaradıcılığını, tam külliyyatını əzbər bilir.

Yeri gəlmişkən, bəzi həmkarlarımız artıq bəstəçi-müğənni-şairə xanımın adından şeirlər yazıb paylaşırlar. Düzdür, oxşadırlar, amma bu, o deyil, tərsinə plagiatdır. Bir var, bir məşhur şairin şeirini öz adına çıxıb paylaşasan, bir də var, özün nəsə yazasan, məşhur şairin yazdığı kimi qələmə verəsən.

Eyni şeyi Vanqa nənənin proqnoqları xüsusunda da edənlər var. Vanqa nənə 40 ildir rəhmətə gedib, hələ də yeni-yeni proqnozları yayılır. Sanasan, nənənin 47 şəxsi katibi olub, o bir ucdan danışıb, onlar da elə hey yazıblar. Bu gedişlə görücü nənə hələ bir neçə yüz il boyunca “proqnoz verməkdə” davam edəcək.

Gənc müğənni Qumral isə pərəstişkarlarını intizarda qoymayıb, başına gələn pis işin nəticələrini paylaşıb. Heç demə, gözəl xanım gözə-nəfəsə gəlibmiş, büdrəyib yıxılıb, dizlərini becərib. Videosu da var, yalan demir. Açıqca görünür ki, xanımın hər iki dizində zədə var. Amma gərək o, bu paylaşıb ürəyi zəif olan fanatlarını üzməyəydi.

Müğənni Əbdül Xaliqin açıqlaması isə əsl yenilikdir. Onu bu yaxınlarda boşanma ziyafətinə dəvət ediblərmiş. Gedib görüb ki, bir modern cütlükdür, ayrılırlar. Ailəni dağıdanların ikisi də xoşbəxt görünürmüşlər, bir-birindən canlarını qurtardıqlarına görə sevinirmişlər. Yemək-içmək, deyib gülmək, çalıb-oxumaq da öz yerində. Bəlkə də belə yaxşıdır. Yoxsa boşanmaların 99 faizi dava-qırğınla başa çatır. Kişi avtomatik olaraq alkaş, narkoman, qumarbaz, gəzəyən, uşaqlarına baxmayan çıxır, qadının haqqında isə elə sözlər deyirlər, ta yazmasaq, yaxşıdır.

Əbdül Xaliq deyir ki, bu cür mədəni boşanmalar dəbə mindikdən sonra ayrılanlar daha sosial verilişlərə getməyəcəklər. Yox, bu mümkün deyil. Elə verilişləri təşkil edənlər necə olsun bəs? İşsiz qalsınlar? Xalq nə deyər? Başqalarının şəxsi həyatını saatlarla, günlərlə müzakirə etməyi sevənlər şoka girməzmi, depressiyaya düşməzmi? Olacaq iş deyil.

Bax, odur, Nia ilə Furkan ailə qurublar və saytların əksəriyyəti bu xəbəri yazıb, camaat xeyli rahatlaşıb.

Nia kimdir, Furkan nəçidir, onların ailə qurması niyə xəbər olmalıdır, dəxli yoxdur. Bu, məsələnin mahiyyətini, liftdə imsiləşmə haqq-hesabını bilməyən oxucuların verəcəyi sualdır. Çox adam onların sevgi tarixçəsinin detallarını bilirdi və həyəcanla izləyirdi.

Belə şeylər bir bizdə deyil, bu, dünya trendidir. Məsələn, dünən dünya mediasında belə bir xəbər vardı: “Demi Mur itinin ad günü şərəfinə bikinidə əndamını nümayiş etdirib”. Görünür, 62 yaşlı Demi nənənin, eləcə də “55 yaşlı Cennifer Lopes açıq-saçıq libasda” xəbərinin qəhrəmanının əndamının nümayişi hələ də kimlərəsə lazımdır.

Yaxud belə bir xəbər: “Marqo Robbi doğuşdan sonra öz fiqurasını nümayiş etdirib”. Çox vacibdir. Xalq bilməlidir ki, Marqo indi necədir. Bizdə olsa, deyərdilər, ay bacı, get körpəni əmizdir dəə.

“45 yaşlı Yelena Letuçaya bikinidə günəş vannası qəbul edib”. Bu fəsildə günəş vannası qəbul etmək mühüm məsələdir, xalq bu yenilikdən xəbər tutmalıdır.

Ən ciddi xəbər isə budur: “İrina Şeyk küçədə şəffaf libasda gəzib”.

İrina Şeykin həyatda ən böyük uğuru bir zamanlar adının futbolçu Ronaldo ilə çıxmasıdır. İndi gündəmdə qalmaqdan ötrü onun şəffaf paltarda küçədə gəzməsindən başqa variantı yoxdur. Neynəsin? Müğənni deyil, yeni klip çəkdirsin, aktrisa deyil, yeni serialda “cazibədar canan” roluna çəkilsin, məcburdur ki, adı ya başqa bir məşhur kişinin məşuqəsi kimi çıxsın, ya da hardasa boş bir şeyə görə dava salsın ki, desinlər, İrina Şeyk hələ yaşayır.

Günah özünün hər zibilindən karamel məmulatı düzəldənlərdə deyil, günah bu “konfet”ləri xalqa matah kimi sırıyanlarda, bir də ağızlarını ayıraraq, o cür səfeh xəbərləri acgözlüklə oxuyanlardadır.

 

Chosen
65
50
musavat.com

10Sources