EN

Həllac Mənsur KİMDİR?

Həllac Mənsur, şəxsiyyəti və fəaliyyəti təzadlı simalardan biridir. Əslən farsdır. 858-ci ildə indiki İranın Vasit bölgəsində doğulub. Babalarının məcusi - atəşpərəst olduğu deyilir. Yun əyirdiyi, ip toxuduğu haqda ziddiyyətli məlumatlar var. Sufi kimi tanınsa da dərviş cildinə girmiş cadugər, filosof, qədim hind - fars dinində olan kahin, dinsiz, Qərməti agenti olması haqda da məlumatlar var. Məşhur "Ənəlhəqq" (Mən Haqqam) təbirini şüar etməsi ilə məşhurdur ki, ondan sonra da Fəzlullah Nəimi, İmadəddin Nəsimi bundan istifadə edəcəkdir. "Bəhrul Maarif" kitabında ona aid edilən 12 Məqalat var ki, kimya, rimya, simya, limya elmindən istifadə edilmiş sehrə aiddir. Hindistan cadugərlərindən əxz etdiyi ola bilər.
"Kitabu Tavasin" adlı əsəri məlumdur ki, "Ta və Sin" İezidi dinində Mələk Tavusun isminin kodlarıdır. "Ta və Sin" ərəb hərfləridir. Quranda Taha və Yasin kod adlı surələr də var. Amma Həllacın istifadə etdiyi parol İezidi inancındakı Tavusun rəmzidir. Çünki Həllacın fəlsəfəsi də həmin dinə uyğundur. İblisin oddan yarandığı üçün sonda atəşə, öz əslinə qovuşacağını deyir. Adəmin də torpaqdan yarandığı üçün o da öz əslinə qovuşur. İblis Həllaca görə Allaha ən sadiq xilqətidir. Çünki Allah xəlq etdiklərini sınağa çəkəndə mələklər Adəmə səcdə etdi, amma İblis səcdəyə yalnız Yaradanın layiq olduğunu deyərək imtahandan sağlam çıxdı. Yaradan da ona görə İblisə möhlət verdi. Əslində ona böyük bir vəzifə, missiya verdi. İnsanları sınamaq, imtahan etmək funksiyasını həyata keçirmək üçün azad buraxdı. Cəhənnəm oddan olduğu üçün İblis orada əslinə qovuşacaq onsuz da...
Həllac Fironun sözlərini də Allahın sözü hesab edir. Quran Allah kəlamıdır, orada Fironun da sözləri qeyd edilib. Bütün məxluqat, bəşəriyyət, hətta özünü tanrı elan edənlər də Allahın bir parçası, təcəllası olduğu üçün onların da sözü haqdır Həllaca görə. Çünki Xaliqin bir parçasıdırlar.
Hələb Qalasında bir yəhudi ilə müsəlman mübahisə edirdi. Həllac müsəlmana dedi ki, itinə hürmə. Yaxud Allaha deyir ki, mən sənə layiqli şükr etməkdə acizəm. Mənim əvəzimdən özün özünə şükr et...
Qəribə, ecazkar həyatı ilə mücərrəd bir ömür sürüb. Hindistan səfərində xeyli insanı öz əqidəsinə gətirib. Məkkədə bir müddət yaşayıb. Qızmar daşın üstündə çılpaq halda tər tökdüyü yerdə onun sorağına gəlmiş bir mürşidin "sən kimsən?" sualına sualla cavab verir: İmamdan böyük kimdir? Adam deyir, Peyğəmbər. Həllac yenə sual edir: Peyğəmbərdən böyük kimdir? Şəxs, Allah deyə cavab verir. Həllac yenə sual edir: bəs Ondan böyük kimdir? Mürşid cavab verir ki, heç kim. Həllac ağlayaraq cavab verir: bax o heç kim mənəm!..
Saatlarla namaz qılıb zikr etdiyi, bütün Quranı iki rükətdə xətm etdiyi, özünə əzab verərək bir növü işgəncəli ömür sürdüyü qeyd edilir. Sehrə, kəramətə, möcüzəyə bənzər ecazkar işlər gördüyü olub. Elə onu məşhur edən də bu qabiliyyət olmuşdur. 8 ildən artıq həbsdə qaldığı müddətdə qəribə işlər gördüyü yazılır.
Məşhur sufi şeyxi Cüneyd Bağdadi ilə münasibəti olmuşdur. Sufilikdə, təsəvvüfdə cəzbə, şathiyyat deyilən hallar keçirib qəribə sözlər söylədiyi var. Ekstaz halında sufilərdə belə hallar təbiidir. Amma söylədiyi qəribə sözlərə və fikirlərə görə sufilər tərəfindən tənqid edilib, ilahi sirləri faş etməsi ilə ittiham olunub. Yəni, sənin keçirdiyin halları biz də keçirir, sənin bildiyini biz də bilirik, amma onları ictimailəşdirmək təsəvvüf ərkanına ziddir. Xasın anladığını avam anlamır.
Tələbələrinə, müridlərinə yazdığı bir məktubda "Kəbəni yıx" sözünə və İslamın zahiri ənənəsinə, şəriətə zidd ifadələrə görə ölüm hökmünə məhkum edilib. Bu ifadəni məcazi mənada şərh edənlər olsa da Həllacın əslində Qərməti agenti olması haqda da məlumatlar var. Çünki onun yaşamı, səyahətləri, təsəvvüf pərdəli siyasi fəaliyyəti buna əsas verir. Qərmətilər təqiyyədən (əsl əqidə, məqsəd və ideoloji xəttin gizlədilməsi) və başqa dinlərdən, fəlsəfə məktəblərindən geniş istifadə edirdilər. İslam dünyasının ilk kommunistləri idilər. O dövr üçün xarakterik olan fəlsəfə, sehr, dinlərin mahiyyəti, kimya, astronomiya kimi bilgiləri ideologiya kimi çulğalaşdırıb istifadə edirdilər. Qərmətilər Bəhreyndə zənci qul üsyanı ilə hakimiyyətə gəlmişdilər, əqidəcə İsmaili şiəliyindən bir qol idilər. Radikal və məxfi planlar üzrə hərəkət edirdilər, azad fikirli idilər. Kəbəni yandırıb Qara Daşı ortadan sındırıb apararaq öz rəhbərlərinin sarayında pilləkənə döşəmişdilər. Həmin vaxt Həccdə olan bütün zəvvarları doğrayıb Zəmzəm quyusuna tökmüşdülər. Onlar üçün Kəbə, su quyusu yox, insan obrazı ali dəyər idi və Kəbənin deyil, insanlığın, humanizmin, bərabərliyin başına dolanmaq lazım idi...
Həllacı da bu hərəkatla əlaqələndirənlər var.
Həllaca görə kainatda, dünyada bərabərlik, bütünlük vardır. Hər şəxsin həyatı ölümündə, ölümü isə həyatındadır. Buna görə də, insanın "Ənəl Həqq" deməsi doğrudur. Başqa izahlara görə isə, Həllac Allahı zikr etdiyi zaman ondan başqa hər şeyi, hətta öz nəfsini də unudaraq belə bir ekstaz hallarından (sufilikdə buna səkr halı deyilir) birində, "sən kimsən? ", - deyə soruşanlara "Ənəl-Həqq" cavabını vermişdir. Çünki bu sözün əsl mənası "Mən yoxam, yalnız Haqq vardır" deməkdir. Bu vəziyyətdə isə insanın ruhu Allaha qovuşur və sufilikdə mövcud olan ən yüksək mövqeyə ucalır. Bu fikrə görə, Həllac Mənsur çox böyük bir vəlidir və tam mənası ilə müsəlman sufilərindəndir. Bu görüşü dəstəkləyənlər arasında İbn Ata, Fəxrəddin Razi, Əbu Abdulla Hafif, Şibli, Əbul Qasım Nasrabadi, Şeyx Əbu Səid Əbul Xayr, Əbul Qasım Gürgani, Əbu Əli Fərmədi və Yusif Həmədani kimi böyük şəxslər vardır. Bəzi mənbələrə görə, Mənsur Həllac böyük şair İmadəddin Nəsiminin sələfidir. Çünki "Ənəl-Həqq" sözünü ilk işlədən məhz Həllacdır. Üstündən min ildən çox vaxt keçməsinə baxmayaraq, Mənsur Həllacın həyatı və fəaliyyəti hələ də geniş maraq doğurur, Qərb şərqşünasları da onun həyatını incələyib, çoxlarının diqqətini çəkmişdir.
Nəhayət Bağdada aparılmış və qazı Əbu Ömər Həmmadinin fitvası, Abbasi xəlifəsi Müqtədirin əmri ilə 922, bəzi məlumatlara görə isə, 919-cu ildə Bağdadda edam edilmişdir. İşgəncə ilə öldürülüb yandırılması, külünün Dəclə çayına axıdılması haqda rəvayətlər var. Fakt budur ki, məzarı yoxdur. Ola bilsin ziyarətgah olmaması üçün ya qeyd olunduğu kimi yandırıblar ya da gizli dəfn edilib.
Həmişə qalın yun paltarlar geydiyi, günlərlə ac qaldığı, əzablı həyat yaşadığı deyilir. Ramazan ayı başlayanda oruca niyyət edib iftarı bayramda açdığı haqda mətnlər var.
Şəxsiyyəti və fəaliyyətini 80 faiz gizli hesab etmək olar. Çünki tam məlum deyil. Həm mənbələr, məlumatlar kifayət qədər dolğun deyil, həm də onu istəməyənlər qərəzli yazıb, sufilər isə çox şişirdib.
Onun fikirləri, fəlsəfəsi özündən sonra çoxlarında iz və təsir qoyub. Bəzi fəlsəfi cərəyanların tərkibində, dini təriqətlərdə Həllacın düşüncələri tərkib tapıb. İsmaili-Batini dini-siyasi ideoloji məzhəbinin çoxsaylı qollarından biri kimi sonralar yaranan Hürufilikdə, Nəiminin əsərlərində, Nəsiminin şeirlərində Həllac Mənsurun şüarları, sözləri, fikirləri əksini tapmışdır, təkrarlanmışdır.

Tural İrfan, dinşünas - yazar
Chosen
33
news365.az

1Sources