EN

Çin dinozavrlarının qalıqları mükəmməl vəziyyətdədir

Çində tapılmış dinozavrların niyə demək olar ki, hamısının qalıqlarının mükəmməl bir şəkildə qorunub qalması alimləri çox təəccübləndirib.

Azpost.info -nun məlumatına görə, tədqiqatçıların apardığı araşdırmalar zamanı o da məlum olub ki,
təxminən 120 və ya 130 milyon il bundan əvvəl, yəni dinozavrların yaşadığı dövrdə indiki Çinin şimal-şərqində çox zəngin bir ekosistem mövcud olub.

İsyan meşələrində və göllərində tapılmış fosillər 1980-ci illərə qədər, yerli sakinlər unikal tapıntıları əldə edib onları əcnəbi, eləcə də yerli kolleksiyaçılara, muzeylərə satmağa başlayana kimi tamamilə bütöv, həm də toxunulmaz qalmışdı.

1990-cı illərdə isə məlum oldu ki, İsyanın ərazisi təkcə sümükləri deyil, pulcuqları, tükləri, həmçinin də yumşaq toxumalarla bərabər, hətta mədə tərkibi olan hər növ orqanizmləri qoruyub saxlaya bilib.

Məhz bütün bunların nəticəsində onların arasında paleontologiyada elmi inqilaba səbəb olan unikal tapıntı ortaya çıxdı. Bu sübut isə məhz ilk quşların dinozavrların mənşəyinə bağlı olması nəzəriyyəsini tam təsdiqlədi və dünyada ilk yaranan quşlar növünə aid olmayan lələkli dinozavrların aşkar edilməsi elmdə yeniliyə səbəb oldu.

Uzun müddət idi ki, alimlərin fikrincə, bu qorunmanın səbəbi Pompeydə baş verən faciə kimi fəlakətli vulkan püskürməsinin nəticəsi olduğuna inanılırdı.

Bununla belə, son araşdırmalar göstərdi ki, bu proses daha da mərhələli olub, ölü canlılar quyuların çökməsi və güclü yağış dövrləri nəticəsində yaranmış oksigensiz yarğanların dərin “ciblərinə” düşüb. Məhz həmin proseslər parçalanmanın qarşısını almağa kömək edib.

Ətyeyən və otyeyən bu nəhəng canlıların əksəriyyəti vulkanik fəlakət nəzəriyyəsini təkzib edən çox qısa bir müddət ərzində, alimlərin təxmininə görə, 93.000 ildən də az sürən dövrdən sonra daşlaşıblar.

Uzun müddət aparılmış bu tədqiqatların aparıcı müəllifi sayılan Skott MkLennanın sözlərinə görə, onların qrupu tapıntıların dəqiq tarixini təyin etmək üçün qabaqcıl, elmi üsullardan yararlanmaqla, ətrafdakı qayalardan sirkon minerallarının təhlilini də aparmalı olublar.

İsyan formasiyasına aid fosillər adətən iki növdə olur: bütöv üçölçülü skeletlər, həm də yastılaşmış, lakin zədələnməyən, yaxşı qorunub saxlanılmış cəsədlər. Bütün belə nümunələr isə çox vaxt özündəki yumşaq toxumanı ehtiva edir.

Paleontoloqlar əmindirlər ki, artıq müasir elmdə İsyan formasiyası adlanan yeni bir nəzəriyyə nümunəsi mövcuddur. Alimlər bildiriblər ki, Çinin İsyan əyaləti dünyada bu cür tapıntılara malik olan yeganə bir ərazi olmasa da, lakin burada aparılmış qazıntıların intensivliyi misilsiz, həmçinin də tamamilə fərqli xarakter daşıyır.

Bu barədə yayılan digər məlumatda qeyd olunur ki, Çin dövləti çox ciddi bir şəkildə İsyandan tapılmış dinozavrlar qalıqlarının satışına nəzarət etməyə davam edir, eyni zamanda da bu qədim ərazinin ətrafında turizmin təşviqinə böyük diqqət yetirir.

“Bu fosillər fəlakətlərin deyil, sadəcə, adi hadisələrin nəticəsidir. İnsanlar qeyri-adi bir şey gördükləri yerdə həmişə möcüzə axtarmağa meyllidirlər.”-söyləyən və bu tədqiqatın həmmüəllifi kimi tanınan Paul Olsen elmi baxımdan çox qiymətli hesab etdiyi tapıntılar barədə şərh verib. Alimin fikrincə, bu qədim və daha çox tədqiqinə ehtiyac olan ərazini turistləri cəlb etmək məqsədilə əyləncəli bir gəzinti məkanına çevirmək tələsik verilmiş qərar ola bilər.

Oqtay Qorçu

Chosen
18
azpost.info

1Sources