EN

Arif Əsədov: “Futbolda gələcəyimiz məğlubiyyət ruhu ilə böyüyür” – MÜSAHİBƏ

Azərbaycanın müxtəlif yaş qrupları üzrə futbol millilərinin sabiq baş məşqçisi Arif Əsədovun İdman.biz saytına müsahibəsi

- Ötən gün Avropa çempionatının seçmə mərhələsində U-17 millimiz Macarıstana 0:4, U-19 İslandiyaya 0:2 uduzdu. Bu matçları necə şərh edərdiz?

- Hər 2 millimizin nəticələrindən xəbərim var. Təbii ki, qrupumuz çətindir. Son dövrlər bütün komandalar bizim üçün çətin gəlir. İlk oyunlardır. Hələ qarşıda 2 matç var. İlk oyundan çox şey asılıdır. Qazanılan qələbə ilə növbəti mərhələ şansını yarıbayarı artırırsan. O baxımdan birinci matçda məğlub olmaq komandalara yaxşı təsir göstərmir. Ümid edək ki, qalan 2 matçda yaxşı nəticə qazanarıq.

- U-19 millimiz 9, U-17 isə 6 oyundur qələbəyə həsrətdir. Bu komandalarla gələcəyə ümidlə baxmaq olar?

- Bu göstəricilər heç də xoş deyil. Millilərimizin son dövrlərdə məğlub olmaqları o deməkdir ki, gələcəyimiz məğlubiyyət ruhu ilə böyüyür. Bu heç də yaxşı deyil. Hamımız da bilirik ki, bu qlobal problemdir. Uşaq futbolu ilə bağlıdır. Futbolçuların yetişməməsi, seçimlərin az olması əsas problemlərdir. Millimizin məşqçiləri yığmaya aşağı yaş qrup üzrə çempionatlardan futbolçu seçirlərsə, rəqiblərin çalışdırıcıları bu yaşda oyunçuları daha yaxşı, əsas komandalarda oynayanlardan gətirirlər. Bunun özü də əsas faktorlardandır.

- Aşağı yaş qrupları üzrə millilərimizin yaxşı nəticələr qazanması üçün nələr çatmır? Çıxış yolunu nədə görürsüz?

- Özüm də bu yaş qruplarında 2 tsklda baş məşqçi işləmişəm. İlk dəfə də U-19 millimiz mənim dönəmimdə mərhələ keçə bilib. O dövrlərdə seçimlər var idi. Biz I Liqadan daim forma şansı qazanan Elvin Məmmədov, Cavid Hüseynov, Nodar Məmmədov kimi futbolçuları gətirmişdik. Tez-tez turnirlərə gedib özümüzdən böyük yaş qrupları ilə oyunlar keçirirdik. Bu bizim strategiyamız idi. Amma indi həm yarışlar, həm də oyun praktikasının azlığı, yerli liqaların keyfiyyətinin aşağı düşməsi nəticəyə təsir edir. “Nələr etməliyik” sualına cavab isə yeni rəhbərlik gəlib və strategiya planı hazırlanır. Ümid edək ki, bu, aşağı yaş qruplarının da inkişafına yönəldiləcək. Çünki kökdən təməl olmasa, çox çətindir. Ona görə arzu edirəm ki, yeni rəhbərlik fikri daha çox o istiqamətə yönəltsin.

- Bəs klublarımız bu yöndə nə iş görməlidir? Premyer Liqa təmsilçilərinin baş məşqçilərinin burda köməyi nə ola bilər?

- Klublarımız gənc oyunçulara mütləq şans verməlidirlər. Bütün komandalarımız avrokubokları hədəf götürməməlidirlər. Azərbaycan futbolunu, millilərimizi də fikirləşməlidilər. Nə qədər gənc oyunçularımıza şans verilsə, bir o qədər onlar da püxtələşər. “Neftçi” son matçda 18 yaşlı Murad Məmmədova şans verdi. Nəticəsi də göz qabağındadır. Digər klublarımız da hər oyunda 1-2 gənci meydana buraxsa, seçim də genişlənər. Elə götürək, U-21 yığmamızı. Onların ötən il çətinliklərlə üzləşməsinin əsas səbəbi Premyer Liqada limitin ləğvi oldu. Buna görə də seçim azaldı. İngiltərə millisinə qarşı sən I, II, Əvəzedici Liqadan oyunçu götürürsən və Premyer Liqanın futbolçusuna qarşı oynayırsan. Böyük fərq var.

- Qarşıda Azərbaycanın əsas yığmasının da oyunları var. Bu matçlardan gözləntiniz nədir?

- Bizi Millətlər Liqasında vacib oyunlar gözləyir. Xüsusi ilə də Estoniyaya qarşı. Çünki D divizionuna düşməmək üçün millimiz mütləq qalib gəlməlidir. Özü də bizə 3 top fərqli qələbə lazımdır. İnanıram ki, yığmamız qalib gələcək. Rəqib də bunu bilir və müsahibələrindən görürük ki, əsas bizlə matça kökləniblər. Vacibdir ki, ilk dəqiqələrdən oyunumuz alınsın və qol vuraq. Onlar müdafiədən oynayıb vaxtı uzatmağa çalışacaqlar. Tez bir zamanda qol vurub, Estoniyanı açıq futbol oynamağa məcbur etməliyik. Problemlər var. Qapıçı mövqeyində Şahruddin Məhəmmədəliyevin olmamasından sonra qeyri-stabillik var, hücumda Mahir Emreli və Renat Dadaşov da olmayacaq. Amma inanırıq ki, millimiz bu rəqibə qalib gəlməyə qadirdir.

Emin Ağa
İdman.biz

Chosen
59
idman.biz

1Sources