EN

Azərbaycan qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir ŞƏRH

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun və fəal mövqeyinin təzahürüdür. Prezident İlham Əliyev noyabrın 12-də COP29 Liderlər Sammitində çıxış edərək Azərbaycanın qlobal əhəmiyyətli məsələlərə dair töhfələrini vurğuladı. 200 ölkənin yekdil razılığı ilə Azərbaycana bu əhəmiyyətli tədbirin keçirilməsi hüququ verildi ki, bu da ölkəmizə göstərilən yüksək hörmətin və etimadın təcəssümüdür.

Sammitin sədri kimi Azərbaycan, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına, Qlobal Cənubla Qlobal Şimal arasındakı əlaqələrin möhkəmlənməsinə yönəlmiş təşəbbüslər irəli sürməyi hədəfləyir. Eyni zamanda, Azərbaycan enerji və daşımalar sahəsində Avrasiyanın mərkəzində mühüm meqalayihələr reallaşdıraraq bölgədə çoxtərəfli əməkdaşlıq üçün məhsuldar platformalar yaratmışdır.

Azərbaycanın enerji sahəsindəki irimiqyaslı layihələrindən biri də Qara dənizin dibi ilə yaşıl enerji kabelinin çəkilməsidir. Bu layihənin texniki əsaslandırma işləri yekunlaşmaq üzrədir və Avropaya 2 giqavat gücündə yaşıl enerjinin nəqli nəzərdə tutulur. Bu, yalnız başlanğıcdır və Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi mühüm töhfənin nümunəsidir.

Ölkəmizin mədəniyyətlərarası dialoqun gücləndirilməsi və multikulturalizmin inkişafına verdiyi töhfələr də xüsusi diqqətə layiqdir. Azərbaycan multikulturalizmi dövlət siyasəti və həyat tərzi olaraq qəbul edərək bütün millətləri ahəngdar şəkildə bir araya gətirir. Bu, çoxtərəfliliyə və sülhə bağlılığımızın göstəricisidir.

Ölkəmizin müstəqil siyasəti beynəlxalq arenada böyük rəğbət qazanmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan BMT qətnamələrinin tələblərini təkbaşına icra edərək 30 il davam edən işğala son qoydu və tarixi ədaləti bərpa etdi. Bu nailiyyətlər, Azərbaycanın beynəlxalq hüququn və ədalətin tərəfində olduğunu bir daha sübut edir.

Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı bəzi xarici dairələr tərəfindən aparılan qarayaxma kampaniyalarına baxmayaraq, ölkəmiz bu tədbirdə böyük bir uğur qazanmışdır. Sammitdə 80-dən çox dövlət və hökumət başçısının, 196 ölkədən 72 min iştirakçının Bakıya toplaşması bu uğurun ən bariz sübutudur. Dünya Bakıda toplaşaraq, Azərbaycanın bu qlobal səviyyədə olan töhfələrinə və qonaqpərvərliyinə şahidlik edir.

Beləliklə, Azərbaycan, COP29 kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, həm qlobal çevrə problemlərinə dair səyləri dəstəkləyir, həm də ölkəmizin dünya miqyasında etibarlı tərəfdaş və lider rolunu bir daha nümayiş etdirir.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Chosen
89
sesqazeti.az

1Sources