EN

"Efirlərə getməyə özümə qadağa qoymuşam" - MÜĞƏNNİ DANIŞDI

“Birincisi, etik kodeksə çox uyğun olmayan və qətiyyən qadağan olunan bir şeydir ki, “Ailə vəziyyətində nə baş verir?” “Ev belə gəldi”, “həyatın niyə belə oldu?”. Yəni, sənətindən asılı olmayaraq insanın fəaliyyəti, illəri necə keçib, hansı işlər görüb, nə uğurlar qazanıb, bunlar bir kənarda qalır və ailə mövzuları ortalığa atılır. Bunlar ümumiyyətlə nə tərbiyəyə uyğundur? Sən burada özgənin evinə soxulub, min dənə suallar verib, min hoqqa çıxardırsan. Axı bunlar lazımsız bir şeylərdir”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar artist Firuzə İbadova deyib.

Firuzə İbadova sözlərinə belə davam edib: “Yəni efirlərdə göstərməyə başqa bir şeylər yoxdur? Ona görə efirlərə getməyə mən özümə qadağa qoymuşam. Bir-iki efir istisna olmaqla təbii ki. Axı, bunun insanlara heç bir aidiyyatı yoxdur. Mən necə yaşayıram, harada yaşayıram, evdəyəm, meşədəyəm, çöldəyəm. Bunun kimə nə aidiyyatı var. Aidiyyat onda olur ki, mən hansı mahnıları ifa etmişəm, mənim ifalarımdan nə qədər sənət adamları bəhrələnib. Bunlardan danışmaq lazımdır. Mən illərimi nələrə vermişəm, hansı musiqiyə həsr etmişəm, hansı sənət uğrunda mübarizə aparmışam. Bütün çətinliklərə qatlaşmışam. İnsanlara bunlar maraqlıdır. Yoxsa mənim həyat məktəbim, həyat tərzim mən necə yaşayıram. Bunlar lazımsız bir şeylərdir. Bilmirəm bunun adı reytinqdir, nəyin reytinqidir.

Sənət sahəsində istəyir həkim, istəyir professor, istəyir alim, yəni ziyalılarımız var. Elə hər şeyi musiqi ilə bağlayıb adını da şou-biznes qoyublar. Şou-biznesin heç anlamını bilmirlər nədir. Şou-biznes Azərbaycanda yoxdur. Şou-biznesin anlamı çox böyük bir anlamdır. Kimin var-dövləti, pulu çoxdursa o şou-biznes aləminin ən nəhəngi deyil. Ona qalsa onda ən böyük nəhəng biri Zeynəb Xanlarovadır. Bunu desinlər. Muğam sahəsində Arif müəllimə cansağlığı versin qurban olduğum, o boyda tələbələr yetişdirib. Bunlardan yazın, bunlardan danışın. Reytinqinizi belə şeylərlə də doldura bilərsiniz. Yoxsa ki bu eyni müğənnilər, eyni suallar əlbəttə ki mənim kimi insanlar da ora gedəndə küsüb qayıdırlar. Filan ildə belə oldu, niyə belə oldu. Bunu bir dəfə açdınız, tökdünüz elə hər saatda açıb tökməyin nə mənası var. Ona görə də mən bu televiziyada gedən bu sorğu-suallı verilişlərə baxmıram. Ordan-burdan eşidirəm, sual da verəndə deyirəm vallah mən baxmıram. İnciməyin sual verdiniz. Mən sizə cavab verə bilmirəm. Çünki mən baxmıram. Mən Azərbaycan kanallarına baxmıram. Axı nəyə baxım. Kimin hansı evi var? Kimin hansı qızılı var? Kimin neçə maşını var? Axı bu da iş deyil. Bunları axır ki, bir nəzarətə götürən olmalıdır. Yəni bu verilişlərlə niyə məşğul olan yoxdur. Hamı reytinqə görə pul qazanır. Amma milləti tar-mar edirlər, kasıb yaşayan insanlar var, onlar yazıqdı, zəhmətlə yaşayırlar. Axı onlar da baxır, deyir ki mən də belə yaşamaq istəyirəm.

Nə qədər müğənni adını qoyur müğənni gəlir mikrofonu götürür. Ona qalsa hamı çıxıb oxuyar. İfa səsi tamamilə fərqlidir. Hər danışan, dili olan, danışmağı bacaran adam elə müğənni deyil. Müğənnilik böyük, ali sənətdir və peşəkar sənətdir. Kimin gözəl səsi var, səsdə metal olmalıdır, qiymətli metal olmalıdır. Bunu sənətkarlar bilir mən nədən danışıram. O oxuyan səsin ki qiymətli metalı var, o müğənni ola bilər və o adı qazana bilər. Elə əlinə mikrofon götürür çıxır, özünü restoranda çəkdirir. Oradan yazırlar müğənni belə geyinib. O müğənni deyil, müğənni elə etmir, müğənni heç yerini açmır, müğənni mahnılarını ifa edir. Mən bilirəm, mənim bu sözlərim qalmaqal yarada bilər. Mən qalmaqal adamı deyiləm.

Sadəcə olaraq sizin sualları oxuyub mövzu efirdə müğənnilərə şəxsi həyatı ilə bağlı sual verən aparıcılar sizcə onu nə dərəcədə düzgün edirlər. Etik kodeksə uyğun deyil, niyə belə edirlər onlar özləri bilirlər. Yəqin ki mənə də dəfələrlə belə hallar yaradıblar. Mən ona görə efirlərdən uzağam və mən heç kəsin telefonunu götürmürəm. Hətta belə hörmət etdiyim, özünə hörmət etdiyim aparıcının da telefonunu götürmürəm. Ona görə ki efirlərdən qaçıram, efir istəmirəm. Mən efirə onun üçün gəlmədim ki, hər nə varsa ortalığa qoyum. Nə qədər eyni şeyi təkrar etmək olar. Bir dəfə sual verilər cavab alınar, onunla da bitər. Amma bunlar belə etmirlər. O çağırır o kanal eyni sual, sonra o birisi çağırır gedir saytlara. Mən indiki televiziyaları saytlarlarla əlbir olub işləmələrinə belə baxıram. Bunu daha doğru açıq etiraf edirəm ki, mən elə baxıram ki televizorda nə baş verir. O dəqiqə bir insan gəlir ora saytlara məlumat verirlər və saytlar da bunu çox biabırçı vəziyyətə qədər açıb tökürlər. Lazım deyil, bu bizə uğur gətirən şey deyil. Axı Azərbaycan zəfər çalan bir ölkədir. Yaxşı işlərdən danışın, tək elə müğənnilərdən yox. Mədəniyyətdən də, teatrdan da, kinodan da, elm sahəsində işi olan insanlardan, hətta əzab-əziyyətlə işləyən fəhlələrimiz onlarla da maraqlanın, onlardan da dəvət edin. Onda hər şey bəlkə də başqalaşar. Bütün dünya bunu görür”.

Ayşən Vəli

Chosen
80
50
sia.az

10Sources