EN

Azərbaycanda 10 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 543 mindən çox şəxs qəbul edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 543 096 şəxs qəbul edilib və onlara 828 196 sayda xidmət göstərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, xidmətlərin 304,7 mindən çoxu şifahi xidmət (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı suallarının cavablandırılması), 166,4 mindən çoxu isə elektron xidmət (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Ümumi xidmətlərin 89,3 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• Asan İmza sertifikatının verilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Vergi ödəyicisinə arayışların verilməsi;

• Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

• Fiziki şəxsin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 29,7 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 11,1 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

10 ay ərzində 3 746 vergi ödəyicisinin iştirakı ilə 252 görüş keçirilib, 4.640 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1,9 milyondan çox sayda SMS göndərilib.

Chosen
41
9
operativmm.az

10Sources