EN

“Putin danışıqlara və güzəştlərə hazır deyil” - “Tramp-Putin “isti” münasibətinin arxasında dərin gərginlik var”

Çoxları Donald Trampın tezliklə Vladimir Putinlə “dil tapacağını” düşünsə də, bunun əksini göstərən kifayət qədər ciddi arqumentlər var.

“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”-ın yazdığına görə, Tramp və Putin arasında üzdə görünən “isti” münasibətlərin arxasında daha dərin gərginlik var.

Nəşr xatırladır ki, Trampın birinci prezidentliyi dövründə Vaşinqtonla Moskva arasında münasibətlər yalnız pisləşib: “Putin və Tramp silahlara nəzarət, təhlükəsizlik sahəsində əməkdaşlıq və 2014-cü ildə Rusiya qoşunlarının ərazisini işğal etdiyi Ukraynaya ABŞ-nin davamlı dəstəyi kimi əsas məsələlərdə razılığa gələ bilmədilər”.

Trampın dövründə ABŞ-nin NATO-dakı nümayəndəsi olmuş Kurt Volker əmindir ki, Trampın Putinin ünvanına “isti” sözləri əslində, onun danışıqlarda daha çox merkantil taktikasını gizlətməyə xidmət edir: "Onun (Trampın-red.) birinci müddətinə nəzər salsanız, o, Putin haqqında çox isti fikirlər səsləndirib. Eyni zamanda, o, Ukraynaya silah embarqosunu qaldırıb".

Onun fikrincə, Tramp bilərəkdən “sövdələşmə əldə etmək istədiyi” adamı “şeytanlaşdırmır”. Qəzetin yazdığı kimi, Tramp və Putin indi isti ictimai ritorikaya qayıdıblar, lakin “bu yoldaşlıq daha dərin gərginliyi maskalayır”.

Qəzet daha sonra rusiyalı şərhçi Andrey Kolesnikovun fikirlərinə yer verir: "Putin hər hansı mümkün sülh planı ətrafında substantiv söhbətə hazır deyil. Çünki o, heç bir güzəştə getməyə də hazır deyil, nöqtə. O, (müharibəni)davam etmək üçün kifayət qədər maliyyə və emosional resurslara malik olduğuna inanır".

Məqalədə qeyd olunur ki, Tramp hələ prezidentlik andını içməzdən əvvəl Ukraynadakı müharibəni dayandıracağını vəd etsə də, Putin artrıq danışıqlar masasına hansı şərtlərlə oturmağa hazır olduğunu açıqlayıb: "Putin Ukraynadan böyük ərazi güzəştləri və Kiyevin NATO-ya qoşulmayacağına zəmanət istəyir. Bundan əlavə, o, ABŞ-nin sanksiyalarının yumşaldılmasını da tələb edir".

ABŞ-nin Rusiyadakı keçmiş diplomatlarından biri qəzetə deyib ki, Putin döyüş meydanında vəziyyətin onun xeyrinə olduğuna inanır və Trampla daha yaxşı əlaqələri onun mövqeyini və davranışını yumşaltmasına səbəb olmayacaq.

C.Məmmədov

“AzPolitika.info”

Chosen
15
azpolitika.info

1Sources