EN

Sinqapur nümayəndəsi: "Proqramımızın bir qismi Azərbaycanın baxışları ilə üst-üstə düşür"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz 3-cü COP-dur ki, Sinqapur pavilyonunu təşkil edirik və iqlim dayanıqlılığı naminə ortaq baxışımızı təqdim etmək üçün bu pavilyonu qurmuşuq".
Bunu Oxu.Az-a açıqlamasında COP29 Sinqapur pavilyonunun Təşkilat Komitəsinin sədri Tay Yuan Şerng deyib.
O bildirib ki, bu pavilyon ortaq əməkdaşlıqlar yarada bilmək üçün məkan rolunu oynamaq üçün nəzərdə tutulub:
"Burada hökumət təmsilçiləri, akademiklər, özəl sektor və gənclərin təmsilçiləri birgə mübarizə apararaq iqlim dayanıqlılığı üçün ortaq mövqe ortaya qoymağa çalışacaqlar. Bizim 40-a yaxın proqramımız nəzərdə tutulub, bunların bir qismi COP29 prezidenti olan Azərbaycanın baxışları ilə üst-üstə düşür. Xüsusən də enerji keçidi və karbon bazarları sahələrində baxışlarımız ortaqdır.
Bizim nümayəndə heyətinin tərkibində 20 gənc var və onlar pavilyonda 4 tədbir təşkil edəcəklər. Onlar, həmçinin danışıqlara qatılacaq, müxtəlif hökumət təmsilçiləri və COP-un iştirakçıları ilə əlaqə quracaqlar. Bununla biz gənclərin də səsinin iqlim dəyişikliyi ilə mübarizədə eşidilməsini, onların da bu prosesləri öyrənməsini istəyirik", - deyə nümayəndə heyətinin üzvü deyib.
O bildirib ki, iqlim dəyişikliyi bütün dünyanın qarşısında duran çağırışlardan biridir və bir ölkədə bütün dünya ölkələrini bir araya toplamaq çətin işdir:
"Bu baxımdan, COP29 bütün ölkələri bir yerə toplayıb iqlim fəaliyyətini müzakirə etmək üçün ən önəmli tədbirlərindən biridir və biz də Azərbaycana təşəkkür edirik ki, bunu yüksək şəkildə təşkil edib".
"Bu il, bizim Milli Su Agentliyi Sinqapur pavilyonunda su resurslarının idarə olunmasına dair çoxşaxəli yanaşmasını vurğulayan bir sessiya keçirəcək. Sessiyada davamlı inkişafın təşviqi və iqlim dəyişikliyi qarşısında su resurslarının qorunması üçün tərəfdaşlıq və əməkdaşlıq, texnoloji innovasiyalar, idarəetmə və yenilikçi maliyyələşdirmənin əsas rol oynadığı araşdırılacaq. Sinqapurun su resurslarının idarə olunmasına dair inteqrasiya olunan yanaşması məhdud torpaq əraziləri və təbii su resurslarının çatışmazlığı kimi unikallıq təşkil edən problemlərimizdən irəli gəlir. Holistik yanaşmamız digər ölkələrdə fərqli çətinliklərə görə eynilə tətbiq oluna bilməsə də, Sinqapurun su ilə bağlı təcrübəsi digər şəhərlər üçün şəhər su idarəetməsində dəyərli dərslər təqdim edə bilər.
Məsələn, Sinqapurun şəhər planlaşdırılmasında su toplama ərazilərinin genişləndirilməsi və yağış suyu ilə istifadə olunan suyun ayrıca sistemlərdə toplanması kimi uzunmüddətli planlaşdırma nəzərə alınır. Bu inteqrasiya olunmuş sistem yanaşması və uzunmüddətli planlaşdırma digər şəhərlər üçün faydalı bir istinad mənbəyi ola bilər. Biz beynəlxalq və sənaye üzrə tərəfdaşlarımızla yeni həllər və texnologiyalar hazırlamaq, həmçinin təcrübəmizi və biliklərimizi paylaşmaq üçün əməkdaşlığımızı davam etdiririk", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Chosen
63
50
oxu.az

10Sources