EN

Dörd min polis: Paris İsrail millisinin iştirakı ilə oyuna hazırlaşır

Parisdə noyabrın 14-də keçiriləcək Fransa - İsrail beynəlxalq futbol matçının təhlükəsizliyini dörd min polis əməkdaşı təmin edəcək.

Paris polisinin rəhbəri Loran Nunesin sözlərinə görə, onun tabeliyində olan iki min yarım birbaşa “Stad de Frans” stadionunda yerləşəcək, qalanları isə Fransa paytaxtının küçələrində və ictimai nəqliyyatda patrul xidmətinə gedəcək.

Oxu24.com xəbər verir  ki, bu barədə  BBC  məlumat yayıb.


Bundan əlavə, stadionda 1600-ə yaxın şəxsi mühafizəçi vəzifə yerinə yetirəcək və İsrail komandasını elitar antiterror polis bölməsi qoruyacaq.

“Bu matç son dərəcə gərgin geosiyasi kontekst səbəbindən artan risk şəraitində baş tutacaq. Biz ictimai asayişi pozmaq cəhdlərinə dözməyəcəyik”, - Nunes bildirib.

Parisdəki qarşılaşma UEFA Millətlər Liqası turniri çərçivəsində baş tutacaq. Ona xüsusi diqqət bir həftə əvvəl Hollandiyanın “Ayaks” və “Makkabi” Təl-Əviv komandaları arasında keçirilən oyundan sonra Amsterdamda baş vermiş iğtişaşlar və israilli azarkeşlərə qarşı zorakılıqlarla bağlıdır.

Hollandiya polisi beş israillinin yaralandığını, İsrail mənbələri isə azı on itki olduğunu bildirib.

İsrail hakimiyyəti Amsterdamdakı hadisələri əsl “poqrom” və “anti-semit aksiyası” adlandırıb. Merin hesabatında iddia olunur ki, onlar Fələstin bayrağını cırıb, taksilərə hücum ediblər və ərəb əleyhinə şüarlar səsləndiriblər.

Fransa prezidenti Emmanuel Makron Amsterdam hadisələrindən sonra Avropa yəhudiləri ilə həmrəylik üçün matça şəxsən qatılacağını bildirib. Onunla birlikdə baş nazir Mişel Barnye, həmçinin Fransanın keçmiş prezidentləri Fransua Olland və Nikolya Sarkozi də iştirak edəcək.

Bildirilir ki, Parisdə keçiriləcək qarşılaşmada 80 min nəfərlik “Stad de Frans”ın cəmi dörddə biri dolu olacaq. İsrail hökuməti fanatlarına Fransaya uçmağı tövsiyə etməyib və bəzi məlumatlara görə, Təl-Əvivdən xüsusi uçuşların sayı 100-150 nəfəri keçməyəcək. Bununla belə, artıq Fransada və digər Avropa ölkələrində olan və ya orada yaşayan israillilər oyuna gələ bilərlər.

Əlavə təhlükəsizlik tədbiri olaraq, bu gün günortadan sonra stadionun ətrafındakı bütün bar və restoranlar bağlanacaq.

 

Nigar

 

Chosen
55
oxu24.com

1Sources