EN

Kamran Əliyev Muhsin Şentürklə görüşdü - FOTOLAR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. Noyabrın 14-də Baş prokuror Kamran Əliyev Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Unikal" xəbər verir ki, Baş prokuror Kamran Əliyev dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər mütəşəkkil cinayətkarlığın, o cümlədən qanunsuz fəaliyyətlərin iqlim dəyişikliyinə səbəb olması və ətraf mühitə dağıdıcı təsirləri barədə danışıb.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muhsin Şentürk iki qardaş ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirərək, münasibətlərin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı COP29 zamanı mühüm qərarlar veriləcəyinə ümidvar olduğunu bildirib. 

Kamran Əliyev həmkarına dəvətini qəbul edərək tədbirdə nümayəndə heyəti ilə iştirakına görə təşəkkürünü ifadə edib.  

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı da iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Chosen
35
50
unikal.az

10Sources