EN

Bakının son tələbi belədir: İki-üç sözü dəyişməklə məsələ həll olunmur...

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar. Nikol Paşinyan məqbul həll yolu dedikdə nəyi nəzərdə tutur?

- Artıq tərəflər arasında müzakirələrin konteksi tam aydındır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana xüsusi şərtlər əsasında yolun açılması da müzakirə mövzularından biridir. Bakının təklifi bəllidir. Bu, təhlükəsizlik və müstəsna xarakterə malik kommunikasiya xəttini nəzərdə tutur. Sadəcə olaraq Ermənistanın bu məsələdə olan təklifinin nədən ibarət olduğu tam aydın deyil. Görünən isə odur ki, kommunikasiya xəttinin açılması tərəflər arasındakı məsələlərin həllində əsas şərtlərdən biridir.

- Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib. Regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həlli nədən ibarətdir? Onu da qeyd etmək lazımdır ki, müəyyən dövrlərdə kommunikasiyaların tarixi kontekstdə həlli də gündəmə gətirilib...

- Sözsüz ki, burada iki mühüm variant var. İlk növbədə kommunikasiya xəttinin bir ölkənin iki hissəsini birləşdirən anlayışla açılmasından söhbət gedir. Çünki xüsusi şəraitdə istifadə edilən kommunikasiya anlayışları mövcuddur. Eyni zamanda qarşılıqlı olaraq üçüncü ölkələrlə kommunikasiyaların və mal mübadilələrinin təmin edilməsi kimi yanaşmalar da var. Ermənistan da digər ölkələrlə birbaşa kommunikasiya qurmaq istəyir. Söhbət tranzit və digər keçidlərdən gedir. Azərbaycan da burada Türkiyə ilə birbaşa kommunikasiya xətti qurmaqda maraqlıdır. Amma bir ölkənin iki hissəsi arasında olan bağlantı anlayışı fərqli bir məsələdir.

- Rəsmi İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verdiyini açıqlayıb. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir. Həmin bəndlər deyildikdə nələr nəzərdə tutulur?

- Əslində indi tərəflər arasında müzakirə edilən heç də yekun sülh sazişi deyil. Bu çərçivə sazişidir. Gələcəkdə olacaq sülhün əsas tezisləri çərçivə razılaşmasında əksini tapıb. Azərbaycanın tələbi odur ki, hərbi işğalın siyasi, iqtisadi, hüquqi və digər sahələrdə olan qalıqlarını Ermənistan öz siyasətindən tamamilə çıxartsın. Ona görə də, Bakının tələbi tam aydındır. Hərbi işğala Azərbaycan Ordusu son soyub. Amma Ermənistanın işğal siyasətinin tərkib hissəsi olan siyasi məsuliyyət məsələsi hələ də öz əksini tapmayıb.

- Rəsmi Bakının Ermənistandan əsas tələbləri nədən ibarətdir?

- Əgər Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı referenduma getsə, bununla bağlı geniş təbliğat aparılcaq. Azərbaycana qarşı aparılmış işğal, anneksiya siyasətinə və onun təbliğatına bu yolla son qoyulmalıdır. Referendum nəticəsində Ermənistan cəmiyyətində geniş müzakirələr gedəcək. Aparılan müzakirələrdə məhz erməni cəmiyyətinin Azərbaycana olan münasibəti özünü açıq şəkildə göstərəcək.

- Yəqin ki, söhbət Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasından gedir...

- Azərbaycana kağız parçası deyil, əsaslı sülh lazımdır. Bu o deməkdir ki, Ermənistan cəmiyyəti Azərbaycanla sülh istəyib-istəmədiyini açıq şəkildə bildirməlidir. Çərçivə razılaşmasında da məhz bu prinsiplər öz əksini tapmalıdır. Eyni zamanda referendumdan sonra onun arxasında olan proses də maraqlıdır. Təkcə iki-üç sözün dəyişməsi ilə məsələ həll oluna bilməz.


Müəllif: Tapdıq Qurbanlı
Chosen
65
teleqraf.com

1Sources