EN

COP29-un Azərbaycanda keçirilməsi dünya dövlətlərinin ölkəmizə olan etimadının göstəricisidir - deputat

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi bir vaxtda ölkəmizə qarşı çirkin kampaniyanın aparılacağı gözlənilən idi. Dünya dövlətlərinin Azərbaycana, onun Prezidentinə göstərdiyi etimad – COP29-un ölkədə keçirilməsinə razılıq bəzi qüvvələrdə qısqanclıq yaradıb. Bu gün həmin qüvvələr var gücləri ilə Azərbaycana qarşı hərəkətə keçiblər və nəcib qlobal təşəbbüsə kölgə salmağa çalışırlar. Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı həmin qüvvələrə tutarlı cavab verdi. Dövlətimizin başçısının cavabı Sammit iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Bu o deməkdir ki, bəzi Qərb dövlətləri özlərindən başqa bütün dövlətlərə yuxarıdan aşağı baxır. Azərbaycan Prezidentinin mötəbər tribunadan səsləndirdiyi bu fikirlər günümüzün acı reallığını əks etdirir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O diqqətə çatdırıb ki, bu gün dünyanın əksər dövlətləri Qərbin ədalətsiz yanaşmalarından, təzyiq və təhdidlərindən, qarayaxma kampaniyalarından əziyyət çəkir: “İlk dəfə olaraq COP29 kimi mötəbər tədbirin yüksək tribunasından qərbin riyakar siyasəti çılpaqlığı ilə ortaya qoyuldu. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırması qlobal sammitdə faş edildi. Həqiqətən də Qərb siyasətçiləri digər ölkələri, xalqları geridə qalan toplum kimi görürlər. Bu isə heç cür qəbul edilən deyil.

Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışdı. Bildirdi ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Buna misal olaraq, Fransanın Əlcəzair əhalisini necə məhv etdiyini və sərvətlərini talan etdiyini göstərmək olar. Ancaq Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən Prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib. Bütün bunlardan sonra Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunmayıb. Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir. Göründüyü kimi, Fransa, Niderland kimi ölkələrin hökumətləri Azərbaycana qarşı çirkin kampaniyaları bəzi QHT və media resurslarının vasitəsilə həyata keçirir. Bu ölkələrin rəsmiləri Azərbaycan Prezidenti ilə görüşlərində çirkin kampaniyada istifadə etdikləri tezisləri dilə gətirmirlər, barəmizdə xoş sözlər deyirlər, amma pərdəarxasında iyrənc siyasətlərini davam etdirirlər.

Təəssüflər olsun ki, Fransa kimi ölkənin Prezidenti Emmanuel Makron XIX əsrin əvvəllərində yaşamış fransız siyasətçi, dövlət xadimi Şarl de Taleyranın siyasi xəttini davam etdirir. Taleyran bir-birinə zidd ittihamları bir sandığa qoyaraq siyasi təhdid yolu ilə özünü haqlı çıxarmaq qabiliyyətinə malik idi. Bu gün Makron iqtidarı da demokratiya, insan haqlarının müdafiəsi adı altında Azərbaycanı etnik təmizləmədə ittiham edir. Azərbaycanı etnik təmizləmədə, Qarabağdakı erməniləri ölkədən zorla çıxarmaqda ittiham etmək, yumşaq desək, vicdansızlıqdır. Otuz ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlamış, yüz minlərlə vətəndaşımızı yurd-yuvalarından didərgin salmış, Qarabağ kimi gözəl məkanı xarabalığa çevirmiş erməniləri haqlı tərəf kimi dünyaya təqdim etmək olduqca qeyri-etik siyasətdir. Prezidentin də qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu”.

Chosen
86
50
azerforum.com

10Sources