EN

Bakıda “Ədalətli keçid üçün sərmayələrin təşviqi” mövzusunda Yüksək Səviyyəli Dialoq keçirildi

Image

COP29 Sədrliyi tərəfindən konfransın dördüncü günündə “Ədalətli keçid üçün sərmayələrin təşviqi” mövzusunda Yüksək Səviyyəli Dialoq təşkil edilib.

Tədbirdə COP29 sədri adından Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov çıxış edib. Bildirib ki, bu Yüksək Səviyyəli Dialoq ədalətli keçidə sərmayələrin yatırılması yollarının müzakirəsi üçün fürsətdir. O qeyd edib ki, aşağı karbonlu iqtisadiyyata keçid yalnız enerji sistemlərinin, sənaye proseslərinin, kənd təsərrüfatı fəaliyyətinin və torpaq istifadəsinin transformasiyasını deyil, həm də imkanların ədalətli paylanmasını tələb edən mürəkkəb, çoxölçülü bir mərhələdir.

“Just Transition Finance Lab”ın icraçı direktoru Nik Robins "Ədalətli Keçid Məqsədlərinə uyğunlaşmaq üçün maliyyənin səfərbər edilməsi" mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, az karbonlu iqtisadiyyata qlobal keçid böyük investisiyalar tələb edir. Bu keçid balanslı, əhatəli və ədalətli olmalıdır. Bu yüksəksəviyyəli dialoq sektorlar və regionlar arasında ədalətli keçid üçün maliyyənin səfərbər edilməsinə, inkişaf etməkdə olan ölkələr, xüsusilə iqlim dəyişikliyinin mənfi təsirlərinə həssas ölkələr və icmalar üçün sadələşdirilmiş çıxışın təmin edilməsinə yönələcək. Müzakirələr həm dövlət, həm də özəl sektorun maliyyələşdirmə mexanizmləri və çoxtərəfli əməkdaşlığın rolu üzərində cəmləşəcək.

Daha sonra COP29 Sədrliyinin nümayəndəsi Jalə İbrahimovanın moderatorluğu ilə "Maliyyə bazarları, inkişaf bankları və hökumətlər uzunmüddətli, əhatəli keçid investisiyaları üçün kapitaldan necə istifadə edə bilərlər?" mövzusunda ikinci sessiya keçirilib. Sessiya iştirakçıları - Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) prezidenti Jin Liqun, Misir Ərəb Respublikasının planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Rania Al-Mashat, Filippinin Ətraf Mühit və Təbii Sərvətlər Departamenti katibinin müavini Maria Luvalhati Dorotan-Tiuseco, Cənubi Afrika Respublikasının Prezident yanında İqlim Komissiyasının icraçı direktoru Crispian Olver, Böyük Britaniyanın iqlim üzrə xüsusi nümayəndəsi xanım Rachel Kyte, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Baş katibinin müavini Erik Mwezi Manzi mövzu ətrafında müzakirələr aparıblar.

Müzakirələrdə müxtəlif iqtisadiyyatlarda ədalətli keçid üçün lazım olan əsas maliyyə mexanizmləri və alətlərdən səmərəli istifadə, ədalətli keçidin maliyyələşdirilməsi üçün sektora xas problemlər və onların həll yollarının araşdırılması və digər istiqamətlərə toxunulub. Həmçinin inkişaf etməkdə olan ölkələrin maliyyə ehtiyaclarını ödəmək üçün beynəlxalq əməkdaşlığı təşviq etmək və keçid planlarını dəstəkləmək barədə fikirlər irəli sürülüb.

Tədbirin sonuncu hissəsində müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri fikir mübadiləsi aparıblar.





Chosen
16
baki-xeber.com

1Sources