EN

"Taliban" BMT-yə üzv olur? — AÇIQLAMA

 Əfqanıstanda hakim “Taliban” hərəkatı Birləşmiş Millətlər Təşkilatına (BMT) qoşulmaq üçün müraciət edib. Bu barədə Əfqanıstanın xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanikzay bəyan edib. O, “Taliban”ın bütün ölkələrlə müsbət münasibətlərə can atdığını deyib. “İslam Əmirliyi bütün ölkələrlə istənilən məsələdə əməkdaşlığa hazırdır”, – deyə nazir müavini bildirib. Şer Məhəmməd Abbas Stanikzay, həmçinin əlavə edib ki, hazırkı hökumətin heç bir ölkə ilə problemi yoxdur: “İslam Əmirliyi dünya ilə, həmçinin Rusiya, Çin və ABŞ kimi dövlətlərlə dostluq münasibətləri qurmaq istəyir”, – deyən nazir müavini Əfqanıstanın heç kimlə münaqişədə və ya qarşıdurmada olmaq istəmədiyini vurğulayıb.

Nazir müavininin açıqlamasına münasibət bildirən siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, Taliban hökumətinin qarşısında dayanan bir nömrəli məsələ onun beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. S.Soltan Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda Taliban hökumətini Qətərdən başqa heç bir dövlət rəsmi olaraq tanımır:

“Bir çoxları "Taliban"ı terrorçu təşkilat olaraq qəbul edir. Odur ki, "Taliban" kiçik bir təşkilat olduğunu və qurduğu hökumətin dünya ilə ayaqlaşa biləcəyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyir. "Taliban" BMT tərəfindən tanınmaq və onun nümayəndəsinin ölkəsində olmasını istəyir. Fikrimcə, zaman keçdikcə Taliban hökuməti müxtəlif dövlətlər tərəfindən tanınmağa başlayacaq. Çünki Taliban hökumətinin müxtəlif səviyyəli üzvləri ilə, nazirlərlə dünyanın bir çox ölkələrində görüşlər keçirilir. Hətta bunu rəsmi görüşlər də adlandırırlar. Hesab edirəm ki, BMT gələcəkdə "Taliban"ın bu tip müraciətlərini müsbət qarşılayacaq. "Taliban"ın qarşısında qoyulan əsas tələb ölkədə qadın hüquqlarını pozmamaq və insan hüquqlarına hörmətlə yanaşmaqdır, fikir və söz azadlığını, media azadlığını təmin etməkdir. Bu məsələlərdə "Taliban" radikal davrandığından müxtəlif təşkilatlar və dövlətlər, o cümlədən, BMT onu qınayır”.

Törə Zeynallı
Demokrat.az

Chosen
39
demokrat.az

1Sources