EN

Elektrikli avtomobil satışlarında yeni qlobal rekord qeydə alındı

Qlobal hibrid və elektrikli avtomobil satışları, Çinin liderliyində, oktyabr ayında illik müqayisədə 35 faiz artaraq 1,72 milyona çatıb.

Valyuta.az xəbər verir ki, bu barədə elektrikli nəqliyyat vasitələri sahəsində araşdırmalar aparan Böyük Britaniya mərkəzli "Rho Motion" şirkəti məlumat yayıb.

Qeyd olunub ki, həmin satışların 1,2 milyonu Çində baş tutub; burada satışlar aylıq müqayisədə 6 faiz və illik müqayisədə 54 faiz artaraq rekord yeniləyib.

Avropa İttifaqı (Aİ) və Birləşmiş Krallıqda ötən ay satışlar 0,8 faiz artaraq 260 minə yüksəlib.

Digər tərəfdən, yanvar-oktyabr dövründə dünyada ümumi elektrikli avtomobil satışları 24 faiz artaraq 13,3 milyona çatıb.

Bu dövrdə ümumi satışların 8,4 milyonu Çində, 2,5 milyonu Aİ və Birləşmiş Krallıqda, 1,4 milyonu ABŞ və Kanadada reallaşıb. Satışların qalan hissəsi isə (1 milyon) dünyanın digər bölgələrində baş verib.

"Rho Motion"un məlumat meneceri Çarlz Lester, qlobal elektrikli avtomobil bazarının oktyabrda ardıcıl olaraq ikinci ayda rekord satışlara nail olduğunu və yenidən artım tempinə girdiyini vurğulayıb.

Satışların böyük hissəsinin Çində baş verdiyini bildirən Lester, "Qərbli istehsalçılar açıq şəkildə bu vəziyyətdən özlərini təhdid altında hiss edirlər," ifadəsini işlədib.

Bu arada Avropa avtomobil sənayesinin, başda elektrik istehsalı olmaqla, yüksək istehsal xərcləri, azalan tələbat və Çinin artan rəqabəti də daxil olmaqla çoxsaylı çətinliklərlə üzləşdiyi diqqət çəkir.

Avropanın ən böyük avtomobil istehsalçısı "Volkswagen", istehsal xərclərinin yüksək olması səbəbindən Almaniyada ilk dəfə olaraq zavod bağlamağı planlaşdırır.

Rəhim

Chosen
74
valyuta.az

1Sources