EN

Qırmızı Ürəklər Fondu və Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb

Qırmızı Ürəklər Fondu və Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Təhsilin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.

Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.

Tədbirdə Elnur Nəsibov rəhbəri olduğu Fondun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək, sırf təqaüd layihələrinə hər zaman xüsusi diqqət ayrıldığını bildirib. Bu baxımdan Fondun ilk layihələrindən birinin məhz “Hənifə Məlikova-Zərdabi adına gənc qızların təhsilinə dəstək” təqaüd proqramının olduğu, ilkin olaraq qızların sayının 25, qısa müddət ərzində isə artıq 300-dək çatdığı vurğulanıb.

Yusif Poladov isə Qırmızı Ürəklər Fondunun artıq üçüncü ildir ki, sosial həssas qruplardan olan gənclərin təhsilini dəstəkləyən “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı”nı həyata keçirdiyini və bu günə qədər 51 nəfər tələbənin proqramdan yararlandığını qeyd edib. Fondun prezidenti proqramın əsas məqsədinin savadlı və istedadlı gənclərin inkişafına dəstək olmaq, gələcəkdə cəmiyyətə faydalı vətəndaşlar yetişdirmək olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Qırmızı Ürəklər Fondunun başlatdığı “Onu oxut” ianə toplama aksiyası çərçivəsində 2024/2025-ci tədris ilindən etibarən Təhsilin İnkişafı Fondu ilə birgə 600-dən yuxarı bal toplamış 23 nəfər birinci kurs tələbəsinə təhsil müddətində aylıq 200 manat təqaüd veriləcək.

Chosen
60
30
yeniazerbaycan.com

10Sources