EN

BDU-nun yeni layihəsi – universitetdə “Ekoməkan”

Noyabrın 14-də Bakı Dövlət Universitetində (BDU) “Ekoməkan”ın açılışı olub.

TƏHSİL.BİZ  xəbər verir ki, BDU-nun ərazisində təqribən 1000 kvadratmetr sahədə yaradılmış “Ekoməkan” müasir texnologiyaları və ekoloji həlləri xüsusi yanaşma ilə bir araya gətirir.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə mühüm töhfə olan COP29 çərçivəsində universitet yeni bir pilot layihəyə imza atıb. Rektor “Ekoməkan”ın bir neçə mühüm özəlliyə malik olduğunu deyib.

Diqqətə çatdırılıb ki, məkanda yaradılmış Akvaponik sistem (“Aquaponics system”) müasir aqrar texnologiyalardan biridir. Bu, suyun təkrar dövriyyəsi üsulu ilə (az su sərf etməklə) yüksək məhsuldarlığa nail olmaq imkanını laboratoriya şəraitində nümayiş etdirir. İnnovativ üsullarla bitki və balıq yetişdirilməsini özündə birləşdirən tsiklik sistem dayanıqlı kənd təsərrüfatı yanaşmasını ehtiva edir.

“Ekoməkan”da quraşdırılmış mikroyosun bioreaktoru fotosintez yolu ilə karbon qazından oksigenin alınmasını təmin edir və bioyanacaq, heyvan yemi, bioloji məhsul və s. kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilən biokütlənin formalaşması prosesinin laboratoriya şəraitində izlənilməsinə şərait yaradır.

Qeyd edilib ki, bu məkanda enerji səmərəliliyini təmin etmək və bərpaolunan enerji infrastrukturunu qurmaq üçün fotovoltaik çeviricilərdən (“solar panel”) istifadə olunur.

“Ekoməkan”da ətraf mühitə dair məlumatların rəqəmsal şəkildə alınaraq təhlil edilməsi və tədqiqatların nəticələrinin rəqəmsal platformalar üzərindən paylaşılması məqsədilə rəqəmsal ekoinformasiya sistemi quraşdırılıb.

Məkandakı “AQMesh” - hava keyfiyyətinin rəqəmsal monitorinqi sistemi müxtəlif tipli sensorlar vasitəsilə atmosferdə müxtəlif qazların miqdarını təyin edir, atmosferin çirklilik səviyyəsini anında izləməyə imkan verir.

“Davis Vantage Pro2” - rəqəmsal hava məlumatı sistemi küləyin sürəti və istiqaməti, külək vasitəsilə havanın soyuma və qızma indeksi, temperatur, rütubətlik, təzyiq və şeh nöqtəsi kimi parametrləri ölçməyə, xüsusi ekranda və mobil tətbiqlər vasitəsilə paylaşmağa imkan verir.

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək “Ekoməkan”da ətraf mühitin qorunması mövzusunda geniş ictimai maarifləndirmə işləri aparılacaq, BDU-nun sosial fəaliyyəti daha da gücləndiriləcək. Məkanın yaşıl sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi bitkilər əkilib.

Vurğulanıb ki, “Ekoməkan” BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan keyfiyyətli təhsil, dayanıqlı şəhərlər və icmalar, iqlim dəyişikliyi ilə mübarizə, yerüstü ekosistemlərin qorunması, tərəfdaşlıq istiqamətlərinə uyğun fəaliyyət göstərəcək.

Layihə çərçivəsində BDU həm yerli, həm də beynəlxalq ekoloji təşkilatlarla sıx əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq sayəsində ətraf mühitin qorunması mövzusunda qabaqcıl təcrübələrin Azərbaycana gətirilməsi və yerli ekoloji təşkilatların fəaliyyətlərinin beynəlxalq səviyyədə tanınması üçün zəmin yaradılacaq. Təşkil olunacaq könüllülük proqramları əsasında tələbələrin yerli və beynəlxalq ekoloji fəaliyyətlərə cəlb olunması planlaşdırılır.

Qeyd edək ki, “Ekoməkan” dövlət-özəl tərəfdaşlığı çərçivəsində BDU ilə “Bayramli Group”, həmçinin “LU-MUN Holding” və “Azecolab” şirkətləri ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihəyə xüsusi dəstək verib.

Chosen
26
tehsil.biz

1Sources