EN

Ekoloji böhran, üstəgəl neokolonializm

Bir sıra xalqlar bu 2 kataklizmdən eyni dərəcədə əziyyət çəkirlər

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti müzakirə olunan məsələlərin aktuallığı, çıxışlarda səslənən təkliflərin konkretliyi ilə yadda qaldı. Bu da təbiidir. Avropanın aparıcı dövlətlərinin, xüsusilə Fransanın Afrika və Okeaniyadakı kiçik ada dövlətlərin təbiətinə vurduqları ziyan ölçüyəgəlməzdir. Onilliklər boyu bu ölkələrə qarşı müstəmləkə siyasəti yeridən “qoca qitə”nin gücləri təbii sərvətlərini taladıqları bu ölkələrin ekologiyasına ciddi yaralar vurublar.

Bu barədə sammitdə danışan Prezident İlham Əliyev Azərbaycanın kiçik ada dövlətlərinə daim birmənalı dəstəyini nümayiş etdirdiyini bildirdi: “Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Biz hər il Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq.

Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanıb”.

Prezident sammit iştirakçıları qarşısında çıxışında diqqəti beynəlxalq gündəlikdə mühüm məsələlərdən biri kimi neokolonializm və iqlim dəyişmələri mövzusuna toxunaraq, Fransa və Niderlandın Karib dənizi və Sakit Okean regionundakı “dəniz əraziləri”nin iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduğuna yönəltdi. Dənizdə suyun səviyyəsinin artması, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması kimi amillərin həmin regionlarda ciddi təhlükələrin yaranmasına səbəb olduğunu bildirən İlham Əliyev kiçik ada dövlətlərdəki icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimlər tərəfindən susdurulduğunu vurğuladı.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərin sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş onların böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını vurğuladı: “Siz – kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu, o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsasla 9 faiz azalacaq. Həmçinin ənənəvi yanacaqdan istifadə sürətlə və ədalətli şəkildə azalacaq. Bu, həmçinin o deməkdir ki, hər ölkə 1,5 dərəcəyə uyğun olması üçün COP30-a qədər yeni, iqtisadiyyatı əhatə edən milli iqlim fəaliyyəti planlarını və ya milli səviyyədə müəyyən edilmiş töhfələr sənədini təqdim edəcək”.

***

Millətlər Birliyi təşkilatının Baş katibi Patrisia Skotlend çıxışında birliyin 56 üzvündən 25-nin inkişaf etməkdə olan ada dövləti olduğuna və onların çox gözəl potensiala malik olduğuna diqqəti yönəltdi: “Onlar böyük çağırışlarla üzləşir. Onlar iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Bu, fiziki baxımdan daha az ərazi deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Və bütün bunlar onların müqavimət gücünü zəiflədir. Bu səbəbdən kiçik ada dövlətlərinə verilən prioritet birliyin proqramının əsasını və beynəlxalq sistemdə fəaliyyətimizin özəyini təşkil edir”.

Patrisia Skotlend COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək dedi: “COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair fondun yaradılması təşəbbüsü məndə böyük təəssürat yaratdı. Resursların açılmasını və paylanmasını təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə dəstək verməyə hazırıq. Mən bu təklifi ona görə verirəm ki, üzv dövlətlərimiz təcili şəkildə iqlim maliyyəsi ilə bağlı vədlərə ehtiyac duyur. Onlar buna Yaşıl İqlim Fondu, İtki və Zərərlər Fondu xətti ilə nail ola bilər. Afrika İttifaqında biz qitənin 55 ölkəsi olaraq iqlim dəyişmələrinə qarşı mübarizədə müxtəlif strategiyaları tərtib etmişik”.

“Strategiyaları uğurla tərtib etmək üçün biz başqa ölkələrdən fond yaradılmasını istəyirik, çünki bizim strategiyalarımız iqlim maliyyələşməsi ilə sıx əlaqəlidir”. Bunu çıxışında Afrika İttifaqının kənd təsərrüfatı, kənd inkişafı, mavi iqtisadiyyat və dayanıqlı ətraf mühit komissarı Cozefa Leonel Korrea Sako dedi. O bildirdi ki, 2015-ci ildə qəbul olunan Paris Sazişində müəyyən edilmiş öhdəliklər hələ də tam yerinə yetirilmir: “Biz, həmçinin itki və zərər fondunun işə düşməsini və davamlı fəaliyyət göstərməsini istəyirik. Atmosferə çox sayda karbon emissiyalarının buraxılmasına görə cavabdeh deyillər: “Halbuki biz Afrikada özümüzü yaşıl və mavi iqtisadiyyata həsr etmək istəyirik”. COP29 konfransının yüksək səmərəliliklə keçdiyini vurğulayan komissar burada mühüm razılaşmaların əldə olunacağına ümid etdiyini vurğuladı.

Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovaleni çıxışında dənizlərin səviyyəsinin yüksəlməsi ilə yaranan mövcud təhlükəni aradan qaldırmaq və qlobal temperatur artımını 1,5 dəcədə saxlamağın zəruriliyindən danışdı. Qeyd etdi ki, Tonqa dəniz səviyyəsinin yüksəlməsinə dair 2023-cü il Bəyannaməsi və 2021-ci il Dəniz Zonasına dair Bəyannamə də daxil olmaqla proaktiv addımlar atıb.

“BMT Baş katibinin “problemi varlılar yaradır, kasıblar isə bunun üçün ən yüksək qiyməti ödəməli olurlar” sözlərini yaxşı xatırlayırıq”. Çıxışında bu fikri bir daha təsdiqləyən Antiqua və Barbudanın Baş naziri Qaston Braun iqlim böhranı ilə mübarizədə hamını qətiyyətli addım atmağa çağırdı, Qlobal Şimal ölkələrinin kiçik ada ölkələrinə dəymiş ziyanı ödəmək öhdəliyini elan etdi.

“COP29-da müzakirə olunan məsələlərdən biri də iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma ilə bağlıdır. Konfransda iqlim dəyişikliyinin ən həssas təbəqələrə, o cümlədən diqqətdən kənarda qalanlara necə təsir göstərdiyini dünyaya çatdırmağa çalışırıq”. Bu fikirləri COP29-un Trinidad və Tobaqodan gəlmiş xanım Ardeno Karla Sircu bildirib. QHT sahəsində fəaliyyət göstərdiyini deyən Karla Sircu dayanıqlılığa diqqət yetirdiklərini və vətəndaş cəmiyyəti institutları ilə sıx işlədiklərini vurğulayıb: “Mən Karib dənizinin iqlim ədaləti antologiyasının həyatımıza müsbət nəticə verməsi üçün buradayam. Biz iqlim keçidi ilə bağlı məsələlər haqqında məlumatlılığı artırmaq üçün üzərimizə düşən vəzifələri yerinə yetiririk”.

Samoanın Təbii sərvətlər, ətraf mühit və torpaqlar naziri Toeolesulusulu Cedric Pose Salesa Schuster COP29 çərçivəsində İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) iqlim dəyişmələrinə həsr olunmuş Liderlər Sammitindəki çıxışında iqlim dəyişikliyi səbəbindən ölkəsinin üzləşdiyi böyük çətinliklərinə, problemlərin həssaslığı və xüsusi iqlim maliyyələşdirməsinə təcili ehtiyacın ön plana çıxarılmasının vacibliyindən danışıb: “Paris Sazişini həyata keçirməyə dəstək olmaq üçün SIDS-in yeni iqlim maliyyələşdirməsi əhəmiyyətlidir. Konkret tədbirlər arasında SIDS üçün minimum illik 39 milyon dollar və digər inkişaf etməkdə olan ölkələr üçün 220 milyard dollar ayrılması yer alır”. O, uyğunlaşma üçün maliyyənin ikiqat artırılmasının, qrant əsaslı maliyyələşmənin tətbiqinin vacibliyini vurğulayıb.

***

Bu gün kiçik ada dövlətlərin iqlim dəyişikliklərinin fəsadları ilə yanaşı, Fransanın və Niderlandın müstəmləkəçilik istibdadından da əziyyət çəkdikləri hamıya məlumdur. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrində yaşayan yerli xalqlar, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin sakinləri XXI əsrdə bu iki ölkənin qeyri-qanuni hakimiyyətindən əziyyət çəkirlər. Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən özünü idarə edən ərazilər kimi tanınsa da, onların dekolonizasiya prosesi hələ də ləngidilir.

Prezident İlham Əliyevin sammitdə çıxışını Azərbaycanın ev sahibliyi etdiyi COP29-a etinasız yanaşan Avropa ölkə və institutlarına ünvanladığı ritorik sualla tamamlamasını qanunauyğunluq kimi qəbul etmək olar: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”.

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

Chosen
73
xalqqazeti.az

1Sources