EN

"Ünvanlı sosial yardım "Uşaq pulu" adlanan sosial müavinəti əvəz edə bilməz" - MÜNASİBƏT BİLDİRİLDİ

"Təbii artımda enmə dinamikası qlobal hadisədir. Tək Azərbaycanda deyil, bütün dünya üzrə bu tendensiya özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, Azərbaycan üçün heç vaxt bu qədər xarakterik olmayıb: "Azərbaycanda həmişə təbii artım artan dinamika ilə özünü göstərib. Çox əfsuslar olsun ki, son bir neçə ildir ki, Azərbaycanda təbii artımda enmə müşahidə olunur. Bunun da bir çox səbəbləri var. Birinci səbəbi odur ki, Azərbaycanda gənclərin sayında azalma var. On il əvvəl Azərbaycanda gənclər ölkə əhalisinin təqribən 29-30%-ni təşkil edirdisə, bu gün Azərbaycanda gənclər əhalinin təqribən 20-21%-ni təşkil edir. Gənclərin bir hissəsi xaricə müxtəlif məqsədlərlə gedirlər. Gənclər kariyera, təhsil arxasınca gedirlər. Həm də evlənmə yaşı artıb. Əvvəl tez ailə qururdular, bu gün isə qızlar ən tez 24-25 yaşında, oğlanlar isə 30-35 yaşında ailə qururlar. Eyni zamanda boşanmaların sayının artıb. Boşanmalar çoxaldıqca təbii artım da aşağı düşməlidir.

Azərbaycanda uzun müddət təkcə SSRİ dövründə deyil, ondan əvvəlki dövrdə də çoxuşaqlı ailələr üstünlük təşkil edib. Ancaq SSRİ dağıldıqdan sonra Azərbaycan adamı qlobal dünyaya açıldıqdan sonra düşüncələrində dəyişiklik oldu. Əgər əvvəllər çoxuşaqlı ailələr trend idisə, bununla bağlı cəmiyyətdə tendensiya hakimlik edirdi. Hətta Böyük Vətən müharibəsindən sonra itkiləri doldurmaq üçün SSRİ rəhbərliyi tərəfindən demoqrafiya siyasət təşkil olunurdu, stimullaşdırıcı dəstək tədbirləri həyata keçirilirdi. Çoxuşaqlı ailələrə müavinətlər verilməsi, əlavə imtiyazların verilməsi, "qəhrəman ana" statusu var idi. SSRİ dağıldıqdan sonra bütün bu motivasiya, dəstəkverici tədbirlər aradan götürüldü. Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonra insanlar qlobal dünyaya açıldı, bundan sonra başa düşdü ki, çoxuşaqlı ailə yox, az uşaq, amma keyfiyyətli uşaq böyütmək lazımdır. Buna görə də Azərbaycan ailəsində ailə planlaşması artıq dəyişməyə başladı. Ailə planlaşmasında bir, iki, ən yaxşı halda üç uşağa üstünlük verildi. Beləliklə də, ailə planlaşması ilə bağlı insanların düşüncəsinin dəyişməsi də təbii artımı ləngitdi.

Digər mühüm məqam ondan ibarətdir ki, insanlar indiki şəraitdə daha çox imkanlarına, şəraitlərinə uyğun ailə planlayırlar. Həmişə çoxuşaqlı ailələr kasıb olublar. Belə bir söz var idi ki, kasıbın nəyi də olmasa, uşaqdan bol olur. Ancaq görürük ki, insanlar daha eqoistdir, uşaq məsuliyyəti, qayğıları ilə yaşamaq istəmirlər. Həm də çoxuşaqlı ailələrin olması üçün dəstək layihələri olmalıdır. Hesab edirəm ki, Azərbaycan hələ ki, buna fokuslanılmayıb. Təbii artımda ona görə bir qədər ləngimə var. Əvvəllər həm də çoxuşaqlı ailələrin olması üçün xalq arasında "Uşaq pulu" adlanan sosial müavinətlər var idi. O kəsildikdən sonra çoxuşaqlı ailəyə maddi maraq da azaldı. Əgər təbii artımın inkişafını istəyiriksə, "Uşaq pulu" adlanan sosial müavinətləri bərpa etməliyik. Bildirirlər ki, ünvanlı sosial yardım onu əvəz edir. Belə düşünmürəm. Ünvanlı sosial yardım "Uşaq pulu" adlanan sosial müavinəti əvəz edə bilməz. Çünki ünvanlı sosial yardıma haradasa 160 min uşaq düşüb. Bəs digər uşaqlar necə olsun? Halbuki, Azərbaycanda 2 milyon 700 minə yaxın uşaq var. Bu baxımdan təbii artımın enməsi bizi düşündürürsə, çalışmalıyıq ki, təbii artımı stimullaşdıran dəstək layihələri həyata keçirək. O cümlədən, müavinətləri bərpa edək".

"Digər mühüm məqam isə odur ki, məsələn, qardaş Türkiyə Respublikasında gənc ailələr üçün Ailə və Gənclər fondu var. Onlar faizsiz kreditlər verir. Gənclər dörd ildən sonra hissə-hissə güzəştli şərtlərlə onu ödəməyə başlayırlar. Bizdə güzəştli mənzillər fondu var. Bu isə gənc ailələrin bir qismini əhatə edir. Çox yaxşı olardı ki, daha böyük kateqoriyanı əhatə etsin.

Səbəblərdən biri də regionlardan paytaxta axındır. Təbii artım həmişə regionlarda üstünlük təşkil edib. Amma son bir neçə ildə Azərbaycanda urbanizasiya müşahidə olunur.

Təbii artımın fəsadları kimi ilk növbədə orta perspektivdə Azərbaycanın əmək bazarında işçi qüvvəsinə ehtiyac yarana bilər. Əgər bu olmasa, təəssüf ki, təbii artımı, mexaniki artım əvəz edə bilər. Yəni xaricdən gələn miqrantlar əmək bazarına daxil olmağa çalışacaqlar. Bu da əlavə problemlər yaradacaq. Avropa ölkələri bu gün miqrantlara qarşı mübarizə aparır. Azərbaycanda da bu ola bilər.
Hərbi səfərbərliklə bağlı çətinliyimiz ola bilər. Çünki Azərbaycan elə geosiyasi nöqtədə yerləşir ki, həmişə güclü olmalıdır.

Həm də bütövlükdə genefon baxımından, milli təhlükəsizlik baxımından bizim üçün əhəmiyyətlidir. Bu məsələni nəzərdə saxlamalıyıq ki, təbii artımda ləngimə olmasın. Bu olmadıqca hesab edirəm ki, Azərbaycana sosial, iqtisadi, siyasi təhdidlər olmaz" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
44
sia.az

1Sources