EN

“Hər futbolçunun karyerasında çətinliklər olur” - Musa Qurbanlı

Millimizin hücumçusu Musa Qurbanlı sabah UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində Qəbələdə Estoniya seçməsi ilə keçiriləcək oyunla bağlı danışıb. 

“Qafqazinfo” xəbər verir ki, hücumçu matçdan öncə keçirilən mətbuat konfransında matç haqqında fikirlərini bildirib:

“Artıq 5 gündür, buradayıq, hər gün məşqlərimiz olur. Bu, bizim üçün çox vacib matçdır. Taktiki və mental cəhətdən oyuna fokuslanmışıq. Layiqli oyun göstərmək və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

O, daha sonra jurnalistlərin suallarını cavablayıb. 

- D Liqasına yuvarlanmaq təhlükəsi var. Komandanın üzərində bunun təzyiqi hiss edilir?

- Əlbəttə ki, fərqindəyik. Oyunun nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik.

-  Bu mövsüm qol vurmamağınızın səbəbi nədir?

- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Oynamağa təzə başlamışam. Optimal formamı bərpa etdikdən sonra qollar vurmağa başlayacam.

- Fernandu Santuş milliyə gələndən nəticələr dəyişmir, milli yenə uduzur. Dəyişən nəsə var?

- Hər məşqçinin öz fəlsəfəsi var. Fernandu Santuş böyük məşçidir. Bu onunla ilk toplanışımdır. Biz də məşqçinin fəlsəfəsinə alışmalıyıq. Meydanda istədiyimizi edəndən sonra nəticələr daha yaxşı olacaq.

- “Yurqorden” karyeran uğurlu alınmadı. Bunun təsiri üzərində qalıb?

- Əlbəttə ki, bunu normal qarşılayıram. Mental olaraq asan deyildi. Bilirdim ki, məndən gözləntilər böyükdür. Çalışıram ki, müsbət şeylər olsun. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu, normaldır, dərs çıxarmalıyam. Hələ gəncəm, karyeramın başındayam. Düşünürəm ki, Avropada oynamaq mənim üçün yaxşı təcrübə oldu. Çalışıram ki, gələcəkdə daha yaxşısını edim. 

Chosen
51
7
qafqazinfo.az

9Sources