EN

EMTA sənəd qəbulu elan edib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) qaz qurğularına, qaz xətlərinə və tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət üzrə ixtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı attestasiyanın keçirilməsi üçün sənəd qəbulu elan edib. SİA xəbər verir ki, Attestasiya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu ilə keçiriləcək.

Attestasiyada iştirak etmək istəyən namizədlər energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə, müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsinə malik olmalıdırlar.
Attestasiya proqramı Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Müvafiq qanunvericiliyə uyğun olaraq, hüquqi şəxsin işçisinin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin ixtisaslaşmış podratçı kimi fəaliyyət göstərməsi üçün ixtisas attestatı olmalıdır. Texniki xidmətin həyata keçirilməsi üçün ixtisas attestatının verilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə əsasən namizədlərin bilik səviyyəsi yoxlanılmalıdır.

Əlavə məlumatlar Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi internet səhifəsindən ( www.regulator.gov.az) və ya 974 Çağrı Mərkəzindən əldə edilə bilər.
Namizədlər ərizə və müvafiq sənədləri Agentliyə birbaşa təqdim edə və ya poçt vasitəsilə göndərə bilərlər. Sənədlərin qəbulu 23 noyabr 2024-cü il saat 17:00-dək həyata keçirilir.

:

Chosen
18
1
sia.az

2Sources