EN

“Fast food” qidalanma ilə gənclər hədəfə alınıb

“Fast food” tez və asanlıqla hazırlanan, qısa zamanda yeyilməyə hazır olan, daha çox kütləvi istehsal edilən qidadır. “Fast food” qida ilə əlaqəli vacib amillərdən daha çox “xidmət sürəti” faktoruna əsaslanır. 1950-ci illərdə gündəlik həyatımıza daxil olan “fast food” restoran şəbəkələri hazırda bütün dünyanı hörümçək toru kimi bürüyüb. Restoranların sayı artdıqca, yeməklərin çeşidi də artır.

Yüksək kalorili, aşağı qida dəyəri ilə səciyyələnən “fast food” tez-tez həddindən artıq miqdarda şəkər, qeyri-sağlam yağlar və duz ehtiva edir. Bu inqrediyentlər dadı artırmaqla yanaşı, beyinə və bütün orqanizmə zərərləri də artırır. Dünyanın bir çox yerində aparılan araşdırmalar göstərir ki, “fast food” istehlakı piylənmə, hipertoniya, 2-ci tip diabet və ürək-damar xəstəlikləri yaradır. Bu xəstəliklərin ən böyük müəyyən edilmiş səbəbi də artıq kalori, şəkər və qatqı maddələridir. Orta ölçülü bir McDonalds menyusu yediyiniz zaman gündəlik kalori ehtiyacınızın yarıdan çoxunu ödəmiş olursunuz. Həddindən artıq kalori isə piylənməyə səbəb olur. Piylənmədən sonra ürək-damar xəstəlikləri, böyrək problemləri, 2-ci tip diabet və qaraciyər xəstəlikləri kimi problemlər meydana çıxır.

Əsrimizin bəlasına çevrilən piylənmə ətrafımızda kifayət qədər çox insanın problemidir. Hazır qidalar, “fast food” məhsullara olan aludəliyimiz nəticəsində orqanizmdə yağ miqdarının sürətlə artması bu xəstəliyin boy qaldırmasına imkan yaradır. Sağlam ev xörəkləri yerinə ayaqüstü qidalanana çoxdur, kimimiz məcburiyyətdən, kimimiz könüllü. Ləzzətinə heyran olduğumuz “fast food” yeməkləri daha sonra artıq çəki olaraq bədənimizdən sallananda peşman olsaq da gec olur. Arıqlamağa çalışırıq, amma pilləkan yerinə lift, piyada gəzmək yerinə maşına minməyin verdiyi komfort arıqlamaq istəyimizi anında boğur və beləcə piylənmə xəstəlikləri orqanizmimizə dəvət edir.

“Fast food” qidalardakı başqa bir zərərli maddə natriumdur. Tövsiyə olunan gündəlik natrium qəbulu dəyəri 2300 mq-dır. Bir kasa taxıl tərkibli sıyıqda 250 mq natrium varsa, bir dilim pizzada 710 mq natrium var. Orta ölçülü bir McDonald's menyusu yeyəndə 1325 mq natrium qəbul edirsiniz. Bu, gündəlik tələbatın 57%-ni təşkil edir. Natrium həddindən artıq istehlak edildikdə hipertoniya və ürək-damar xəstəliklərinə səbəb olur. Ürək-damar səbəblərindən ölümlərin hər onundan biri natriumla bağlıdır. Orqanizmə qəbul edilən hər 2290 mq natrium üçün təxminən 40 mq kalsium itirilir. Gündə 40 mq kalsium itkisi 10 il ərzində 10% sümük itkisi deməkdir. Bu da gələcəkdə osteoporoza (sümük xəstəliyi) səbəb olur.

Ümumiyyətlə, qida sənayesində hər il minlərlə məhsulun tərkibində olduqca çox çeşiddə qatqı maddəsi istifadə olunur. Hal-hazırda insanlar hazır qidalar vasitəsi ilə gündə təxminən 2000 növ kimyəvi qatqı qəbul edirlər. Dadlandırıcılar, ətirləndiricilər, qatılaşdırıcılar, ağardıcılar, rəng qoruyucuları, köhnəlmə əleyhinə maddələr, nəmləndiricilər, boyalar, aromatlarlar və s. Yəni yediyimiz hər hazır qidanın tərkibində saysız-hesabsız qida əlavəsi var deyə bilərik.

“Fast food” qidaların yaratdığı başqa bir problem də sonsuzluqdur. Uzun müddət “fast food” istehlakı səbəbi ilə orqanizmə qəbul edilən yağların reproduktiv pozğunluqlara səbəb olduğu bildirilir. Reproduktiv və inkişaf pozulmaları ilə əlaqədar olaraq, “fast food” istehlakının da aybaşı nizamsızlığına, dəridə səpki və sızanaqlara səbəb olduğu düşünülür. “Fast food” dedikdə ağlımıza gələn təkcə tez hazırlanan qidalar deyil, həm də onlarla bərabər qəbul edilən qazlı içkilərdir. Bu qazlı içkilərin bir çoxunda “fast food”dan 10 dəfə çox şəkər var. Həddindən artıq şəkər daha çox yeməyə və zamanla şəkərə aludə olmağa səbəb olur.

“Fast food” istehlakı qan şəkəri səviyyələrində balanssızlığa səbəb ola bilər ki, bu da əhval-ruhiyyəmizə təsir edə bilər. Bundan əlavə, trans yağlar və şəkər orqanizmdə yaddaş və öyrənmə qabiliyyətini iflic edir. Trans yağlar beyində Alzheimer xəstəliyinin əlaməti olan beta-amiloid lövhələrinin əmələ gəlməsinə səbəb ola bilər. Qısa müddətdə belə, bu cür yağlarla zəngin qidalanma beynin öyrənmə qabiliyyətini zəiflədə bilər. Yüksək şəkər idrak qabiliyyətinin azalmasına təsir edir. Şəkər və karbohidratlarla zəngin “fast food” menyuları konsentrasiya qabiliyyətinin azalmasına səbəb olur. Xüsusilə inkişaf etməkdə olan beyinlərə - uşaqlar və yeniyetmələrə təsir böyükdür. Bu, onların akademik performansına və davranışlarına təsir edə bilər, çünki beyin diqqəti saxlamaq və emosiyaları tənzimləmək üçün mübarizə aparır, amma mübarizə üçün silahı yoxdur. Bu silah sağlam qidalanmadır, sağlam qida yerinə fast-food qəbul olunursa mübarizə üçün təminat yoxdur.

“Fast food” yüksək kalorili olduğuna görə sürətli enerji artırır, amma zamanla enerji səviyyəsinin sürətlə azalması müşahidə olunur. Yüksək şəkər tərkibi insulinin sürətlə artmasına, qan şəkərinin səviyyəsinin aşağı düşməsinə və yorğunluğa səbəb olur. Bu yorğunluq təkcə fiziki deyil; o, həmçinin idrak funksiyasına təsir edərək, diqqəti cəmləməyi və ayıq qalmağı çətinləşdirir.

Əsas qida maddələri, antioksidantlar və sağlam yağlar yerinə fast foodda olan qatqı maddələri, trans yağların təsiri ilə beyində oksidləşdirici stress və iltihab artması baş verir. Bu zaman Alzheimer kimi neyrodegenerativ xəstəliklərin inkişafı sürətlənir. “Fast food”da omeqa-3 yağ turşuları və vitaminlər kimi qoruyucu qidaların olmaması da beyin neyronların zədələnməsinə səbəb olur.

Lalə Mehralı

Chosen
75
sesqazeti.az

1Sources