EN

Panel müzakirələri: sülh, yaşıl dünya və sağlam qida

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Yaşıl zonada mütəmadi panel müzakirələr təşkil olunur. Bu müzakirələrdən biri də “Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası” mövzusunda təşkil olunub. Tədbirdə müharibə nəticəsində dağılmış ərazilərin bərpasına və kənd təsərrüfatı vasitəsilə yerli icmaların canlandırılmasına yol açan mina təmizləmə səylərinin transformativ təsiri müzakirə olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev sessiya iştirakçılarını sülhün, torpağın və ekosistemlərin bərpası üçün birgə çalışmağa dəvət edib. O bildirib ki, münaqişədən zərər çəkmiş torpaqların, təbiətin və ekosistemlərin bərpası üçün birgə addımlar atılmalıdır. Minalarla çirklənmiş ərazilərdə təhlükəsizlik və inkişaf proseslərinin əngəlləndiyini deyən Mirzəyev yalnız torpaqları minalardan təmizləmək haqqında deyil, o torpaqların gələcək nəsillərə sülh içində ötürülməsi haqqında işlər görülməlidir. Çünki torpağın minalardan azad edilməsi, orada həyatın yenidən canlanması, kənd təsərrüfatının inkişafı, əhalinin köçürülməsi, iqtisadi fəaliyyətin bərpası və yeni bir ekosistemin yaradılması deməkdir.

Paneldə çıxış edən QHT Şöbəsinin rəhbəri Vook Cin Çanq “Sülh naminə görülən təşəbbüslərdə QHT-lərin rolu”, Azərbaycan Minatəmizləmə Agentliyinin Maarifləndirmə və Zərərçəkənlərlə İş şöbəsinin müdiri Ramil Əzizov “Ekosistemin qorunmasında mina təhlükəsi ilə mübarizənin rolu", "Sülhün Kökləri" təşkilatının baş direktoru və təsisçisi Heidi Kuhn post-konflikt əraziləri məhsuldar kənd təsərrüfatı ərazilərinə çevirmək üçün strategiyalar, iqtisadi imkanlar və davamlı təcrübələr, “Minalardan üzüm bağlarına” təşəbbüsü, mina aksiyası üzrə beynəlxalq ekspert Emil Həsənov "Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş ərazilərdə mina təmizləmə və torpaq bərpasında texniki çətinliklər və bu məsələlərin həllində beynəlxalq əməkdaşlığın rolu", Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafı Təşkilatının (IKED) sədri Tomas Andersson "İqtisadi artımın ətraf mühitin qorunması ilə balanslaşdırılması", Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairi isə “Post-konflikt ərazilərdə suvarma, torpağın bərpası və icmaların yaşayış imkanlarını dəstəkləmək üçün bərpa olunan enerjinin praktik tətbiqləri” mövzusunda çıxışlar ediblər.

COP29 tədbirləri arasında Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs-Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) birgə təşkilatçılığı ilə “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası da vardı. Tədbirdə COP29-un sədrliyinin iqlim dəyişikliyi sahəsində konkret həlləri nəzərdə tutan təşəbbüsləri, eləcə də İqlim və Sülh Fəaliyyəti üzrə Bakı konsepsiyası, həmçinin beynəlxalq sülhə iqlimlə əlaqəli təhlükələrin qarşısının alınması sahəsində əməli addımları ehtiva edən “Bakı İqlim üçün Sülh Çağırışı” ilə bağlı müzakirələr aparılıb.

İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Uqanda nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın səylərini gələcəyin təhdidlərinə qarşı əməli addımlar kimi yüksək qiymətləndirib, ölkəmizin təşəbbüslərinə dəstəklərini ifadə ediblər. İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sülh Azərbaycanın əsas prioritetidir: “İqlim dəyişikliyi qida təhlükəsizliyi ilə bağlı problemi də gücləndirir, su qıtlığını və torpağın deqradasiyasını sürətləndirir. Bunlar da öz növbəsində miqrasiyaya aparır. İqlim dəyişikliyinin yaratdığı fəlakətlər qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr üçün katalizator rolunu oynayır. Münaqişələr və onların nəticələrinin infrastruktura, torpağın deqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranını daha da artıracaq və sülhə, dayanıqlılığa və inkişafa zərər gətirəcək”.

COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) “İqlim böhranının ön cəbhəsində olan icmalar üçün inklüziv və hərtərəfli iqlim tədbirlərini təşviq edən iqlim maliyyəsi modelləri” mövzusunda forum keçirib. Forumda Alyansın rəhbəri Jozef Mikita Mvenda bildirib ki, PACJA 48 Afrika ölkəsindən 1000 QHT-ni özündə birləşdirən təşkilatın ümumi mövqeyini ifadə edir. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, iqlim maliyyəsinə çıxışı təşviq edən modellər və yanaşmalar mühüm əhəmiyyətə malikdir. Panel müzakirələrində PACJA təşkilatlarının ekspertləri - Cessika Mvenza, Ruçi Tripati də iştirak ediblər. PACJA-nın proqramlar və tədqiqatlar üzrə rəhbəri Çarlz Mvanqi daha əlçatan maliyyələşdirmə mexanizmləri barədə məruzələrlə çıxış ediblər. Onlar Afrikanın təcrid olunmuş icmalarının səsini gücləndirmək üçün Azərbaycanın yaratdığı imkanı yüksək qiymətləndirib.

COP29 çərçivəsində Yaşıl zonada Türkiyə pavilyonunda “Polad sənayesinin gələcəyi: karbonlaşma, dairəvi iqtisadiyyat və ortaya çıxan problemlər” adlı panel də keçirilib. Panel İstanbul Mədən və Metal İxracatçı Birliklərinin (İMMİB) təşkilatçılığı ilə reallaşıb. Tədbirdə çıxış edən Türkiyə İxracatçılar Məclisi Baş katibinin müavini Kübra Ulutaş bildirib ki, təşkilat 150 mindən çox əmtəə və xidmət ixracatçılarını bir araya gətirir. Birləşmiş Millətlər Universitetinin böyük elmi işçisi Sanae Okamoto çıxışında qeyd edib ki, yaşıl keçidə nail olanda sürətlənən kənd innovasiya ekosistemini dəstəkləmək üçün məkanın və icmanın olması çox vacibdir. Həmçinin inkubasiya sistemlərinin mövcudluğu, düzgün işləyən avadanlıq və infrastrukturun, logistikanın, həmçinin regionda dəstəkləyici lokal şəbəkələrin olub-olmadığını yoxlamaq da şərtlərdəndir.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə heyətinin üzvü, “Vat enerji” şirkətinin baş direktoru Altuğ Karataş vurğulayıb ki, son 3 ildə rəsmi olaraq COP zirvələrinin hər birində iştirak edib. “İş dünyasının verdiyi töhfəni cəmiyyətimiz yaradıb. Təbii ki, qalıq yanacaqlardan da istifadə olunur. Lakin transformasiya baş verir. Məqsədimiz istehsal olunan firmaların təmiz, bərpaolunan enerji almasıdır”,- deyə o, əlavə edib.

COP29 tədbiri çərçivəsində "Azərsun Holdinq” tərəfindən "Keçidin gücləndirilməsi: Gələcəyin enerjisini bugündən maliyyələşdirmək” adlı panel müzakirəsi də təşkil edilib. Panel müzakirəsində “Azərsun Holdinqin” İdarə Heyətinin üzvü Savaş Uzan, Misirin ətraf mühit nazirinin müşaviri Ömər Əbdüləziz, "İnogem Alliance"nin prezidenti Anjelik Dikson, "Antea Group"un baş direktoru Aleks Fürqüson, bərpa olunan enerji üzrə ekspert Şərəf Əsgərova, "Tonkin and Tylor" şirkətinin icraçı rəhbəri Bret Ogilvi iştirak ediblər. Panel iştirakçıları yaşıl enerjiyə keçid, iqlim maliyyələşməsi mövzusunda geniş müzakirələr aparıb. Qeyd edək ki, panel müzakirələr COP29 davam etdiyi müddətdə mütəmadi təşkil olunacaq.

Chosen
44
1
sesqazeti.az

2Sources