EN

ABŞ-da Trampın ikinci müddəti birincidən daha radikal olacağəndan narahatdırlar

ABŞ-da Donald Trampın ikinci prezidentlik müddətinin birincisindən daha radikal olacağından narahatdırlar və tənqidçilər onun kadr qərarlarını "pisdən pisə" adlandırırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.

Qeyd olunur ki, Trampın bəzi erkən təyinatları ilə bağlı narahatlıq Florida ştatından olan qalmaqallı konqresmen Mett Qeytsin ABŞ-ın Baş prokuroru olacağı məlum olduqdan sonra hiddətə çevrilib.

"The Guardian"ın yazdığına görə, bu seçim respublikaçılar arasında da inamsızlıq yaradıb və Trampın ona qarşı başladılan cinayət araşdırmalarına görə qisas olaraq Ədliyyə Nazirliyində kütləvi ixtisarı həyata keçirmək niyyətində olduğu qorxusunu artırıb.

Qeyts 2023-cü ildən bəri ABŞ Konqresinin Etika Komissiyası tərəfindən təhqiqat altındadır: O, cinsi zorakılıq məqsədilə insan alverində şübhəli bilinir.

Gələcək baş prokuror ABŞ Ədliyyə Nazirliyi haqqında belə deyib: "Bəli, mən ora gedib lənətə gəlmiş başları kəsməyə başlayacağam".

Trampın ilk dövründə Ağ Evdə hüquqşünas olan Tay Kobb Qeytsin təyinatını "Amerikaya böyük orta barmaq” adlandırıb.

"Mett Qeyts akademik, peşəkar, etik, əxlaqi və təcrübə baxımından tamamilə bacarıqsızdır", deyə o, CNN-ə müsahibəsində bildirib.

"The Guardian” qeyd edir ki, daha iki gözlənilməz təyinat Pit Qeqset və Tulsi Qabbarddır.

Respublikaçılar partiyasına keçən keçmiş demokrat konqresmen, 43 yaşlı Qabbard Rusiya ritorikasını qəbul etməkdə və Kreml təbliğatını yaymaqda ittiham olunsa da, ABŞ kəşfiyyat xidmətlərinə rəhbərlik edəcək.

44 yaşlı Milli Qvardiya veteranı və "Fox News" kanalının aparıcısı Pit Qeqsetin müdafiə naziri təyin olunması da narahatlıqları artırıb. ABŞ Müdafiə Nazirliyinin rəsmiləri qeyd ediblər ki, Qeqset yalnız "Fox News"da personaj kimi tanınır və heç vaxt hökumətdə işləməyib. Nazirlik həmçinin Pentaqonda generalların və zabitlərin mümkün "təmizlənməsindən” və vəziyyəti düzgün başa düşmədən proqramların ixtisarından qorxur.

Tramp komandasında digər radikal fiqur Trampın miqrantların kütləvi deportasiyası planlarının "memarı” Stiv Millerdir. O bildirib ki, Trampın ikinci müddəti deportasiyaların sayının ildə bir milyondan çox artması deməkdir. 

Nəşrin məlumatına görə, Tramp ABŞ-ın İsraildəki səfiri vəzifəsinə Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakabini seçməsi ilə də diqqət çəkib. Hakabi daha əvvəl bildirib ki, İsrailin  İordan çayının qərb sahilinə sahiblənməyə haqqı vardır. 

Nizami Bağırov
Chosen
70
50
qaynarinfo.az

10Sources