EN

COP29 çərçivəsində "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" mövzusunda tədbir keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" mövzusunda panel keçirilib.

Olaylar xəbər verir ki, tədbirdə Paris Sazişində qeyd olunan əsas məqsəd və ssenarilərə diqqət yetirilib, xalis sıfır emissiyalarına doğru qlobal keçid araşdırılıb.

Paneldə sənayelərin yeni enerji modellərinə necə keçdiyi və yaşıl texnologiyalara sərmayə qoyduğu barədə mövzular gündəmə gətirilib.

ADA Universitetinin professoru Damyan Krnyevik Miskoviçin moderatorluğu ilə keçirilən tədbirdə COP29-un baş icraçı direktoru Elnur Soltanov, "SOCAR Green" şirkətinin baş direktoru Elnur Musayev, Moldova Respublikası Energetika Nazirliyinin karbonsuzlaşdırma üzrə dövlət katibi Karolin Novak və Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos keçid dövrünün enerji sistemlərinin iqtisadi problemlərini, o cümlədən infrastruktur investisiyaları, siyasət dəyişiklikləri və texnoloji tərəqqini müzakirə ediblər.

Tədbirdə texnoloji və iqtisadi aspektlərlə yanaşı, ədalətli keçid ideyası əsas götürülərək enerji keçidinin sosial tərəflərindən bəhs olunub. Qeyd edilib ki, bütün icmaların dayanıqlı enerjiyə keçid prosesində iştirakını təmin etmək bərabər sosial inkişaf üçün çox vacibdir. Sessiyada enerji keçidlərinin yeni iş yerlərinin yaradılması, icmaların dayanıqlılığı və xüsusilə inkişaf etməkdə olan ölkələrdə hər kəs üçün təmiz enerjiyə çıxışın üsulları araşdırılıb. Tədbirdə, həmçinin enerjiyə çıxış, əlçatanlıq və keçid dövrünün sosial-iqtisadi təsirləri ilə bağlı problem və imkanlar müzakirə olunub, eləcə də xalis sıfır emissiyalı gələcəyə nail olmaq üçün inklüziv strategiyaların əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
6
olaylar.az

7Sources