EN

Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır- Devalvasiya olacaqmı?

Neft qiymətlərinin yaxın zamanlarda ucuzlaşacağına dair proqnozlar verilir. 2024-cü ilin sonlarına doğru Brent markalı neftin qiymətinin 75-80 dollar arasında, 2025-ci ilin ortalarına doğru isə qiymətlərin 70 dollardan aşağı düşməsi ehtimalı var. Bu proqnozların əsas səbəbi Çin iqtisadiyyatında müşahidə olunan yavaşlama və qlobal neft tələbinin azalmasıdır. OPEC ölkələrinin istehsalı məhdudlaşdırması ilə yanaşı ABŞ, Braziliya və Kanada kimi ölkələrdəki istehsal artımı qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.

Düzdür, geopolitik hadisələr, xüsusən Yaxın Şərqdəki gərginliklər, qiymətlərdə müvəqqəti artımlara yol açıb. Lakin ümumilikdə təklifin tələbdən artıq olması proqnozlarda neft qiymətlərinin düşməsini ön plana çıxarır.

Qeyd edək ki, 2025-ci ildə neft qiymətlərinin azalacağı ilə bağlı bir neçə təşkilat proqnozlar irəli sürüb. “Bank of America” bu qiymətləri nəzərəçarpacaq dərəcədə aşağı sala biləcək bazar faktorlarını qeyd edir. Bankın proqnozuna görə, qlobal iqtisadiyyatdakı yavaşlama və hasilatın artırılması neftin qiymətlərini aşağı salan əsas səbəblərdən olacaq.

Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyi (IEA) də 2025-ci ildə neft qiymətləri ilə bağlı ehtiyatlı proqnozlar verir. Əsas səbəb kimi tələbin azalma potensialını və alternativ enerji mənbələrinə keçidin artmasını göstərir. Azərbaycan Dövlət Neft Fondu isə indiki bazar şərtlərinə əsasən, neft qiymətlərinin uzun müddətli sabitliyini gözləyir, lakin ucuzlaşmanın mümkün olduğunu inkar etmir.

Onu da nəzərə çatdıraq ki, neft qiymətlərinin aşağı düşməsi, ölkələrin iqtisadiyyatına ciddi təsir göstərən amil sayılır və xüsusən də neft ixracatına böyük asılılığı olan ölkələrdə devalvasiyaya səbəb ola bilər. Neft Azərbaycanın da daxil olduğu bəzi ölkələr üçün iqtisadiyyatın mühüm hissəsini təşkil edir və neft qiymətlərindəki azalma dövlət gəlirlərini və valyuta ehtiyatlarını azalda bilər. Bu vəziyyət, yerli valyutanın dəyərinin azalmasına və devalvasiyaya yol aça bilərmi?

Mütəxəssislərə görə, devalvasiyanın baş verməsi üçün yalnız neft qiymətlərinin düşməsi yetərli olmaya bilər. Bu hadisəyə digər amillər də təsir göstərə bilər, məsələn, xarici borcun yüksək olması, ticarət balansının mənfi olması və ya siyasi qeyri-sabitlik.

 Qarabağ

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Neft qiymətləri baxır, nə qədər aşağı düşəcək. Misal üçün, 30 dollara, yaxud, 20 dollara düşəcək? Yəni neft qiymətləri onsuz da 110-120 dollardan aşağı düşüb, 70-75 dollar olub. Amma devalvasiya olmadı ki?! Yəni əsas məsələ neft qiymətinin kəskin aşağı düşməsidir. Əgər uzun müddətə aşağı qiymətdə qalacağına dair gözləntilər özünü doğruldarsa, devalvasiya qaçılmazdır. Neft qiymətlərinin kəskin düşməsi – 50 dollardan aşağı uzun müddətdə qalması kifayət edər ki, hökumət devalvasiya qərarı versin.

Hələ də neftin qiymətinin 70-80 dollar intervalı tədiyyə balansımızı profsitli edib. Qorxu və narahatlıq yoxdur. Amma indiki qiymətlərdə də hökumət devalvasiyaya gedə bilər. Yəni burada hökumətin qarşısını alacaq bir qanun, yaxud da öhdəlik yoxdur.  Hökumət indi də müxtəlif mülahizələri əsas götürərək devalvasiyaya gedə bilər. Bu o demək deyil ki, neft qiymətləri kəskin düşməlidir. Neft qiymətlərinin kəskin aşağı düşdüyü zaman isə hesab edirəm ki, hökumətin  başqa yolu qalmayacaq. Bir müddət  gözləyə bilər, sonra devalvasiyaya getməyə məcbur qalacaq”.

 

Afaq Mirayiq,

Musavat.com

Chosen
131
47
musavat.com

10Sources