EN

"Pezeşkian şiddətdən qaçmaq üçün bu yola əl atır" - Politoloq

İran hakimiyyəti məcburi hicab qaydalarına riayət etməyən qadınları nəzarət altına almaq üçün Tehranda yeni psixi sağlamlıq müəssisəsi təsis etmək niyyətindədir.

İranda yeni dövrün başlayacağına söz verən prezident Məsud Pezeşkianın bu qərara razılıq verməsinə səbəb nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, qadınlara qarşı tətbiq olunan bu sərtləşmə bilavasitə Xamneinin siyasətinin tərkib hissəsidir.

"Bu, İran prezidenti Məsud Pezeşkianın siyasəti deyil. Çünki şəriət məsələləri əsasən ali ruhaninin məsuliyyət sahəsidir. Düşünürəm ki, Pezeşkian bu məsələdə nəinki sərtləşməyə gedir, əksinə, məsələləri qadınlar üçün yüngülləşdirmək xarakterli bəzi həll istiqamətləri ortaya qoyub. Məsələn, xüsusi klinikalar var ki, baş örtüsündən istifadə etməyən qadınları həmin klinikalara cəlb edirlər. Burada məqsəd nədir? Çünki əvvəllər qadınları baş örtüsünə görə həbs edib, döyüb cəzalandırırdılar. Bundan öncə Məhsa Əmini adlı qadının da baş örtüyünə görə həbsxanada döyülüb, öldürülmə hadisəsi hər kəsə bəllidir və bununla bağlı çox ciddi sosial etirazlar başlamışdı. Buna görə də Pezeşkian həbsdənsə hansısa şiddət, zorakılıq görməkdənsə bu qadınların daha çox klinikalara cəlb olunmasını istəyir. Ancaq bu həll yolu deyil. Çünki baş örtüsündən istifadə etməyən qadın xəstə deyil. Əgər bir qadın bunu istəmirsə, bundan imtina edirsə, bu onun təbii haqqıdır və buna hörmət olunmalıdır.

Əslində Quranı oxuyanlar çox gözəl bilirlər ki, Qurani Kərimdə qadınların məcburi zorakı olaraq hicab ifadəsi yoxdur. Qurani Kərimdə ifadələr daha çox rumuz, simvollarla bildirilir. Yəni Quranda yazılan fikirlər hərfi olaraq tərcümə oluna bilməz. Burada rumuzlarla daha çox dərin dərinliklərdə olan fikirləri açığa çıxarmağa ehtiyac var. Çünki şəriət qanunları bu insan oğlu tərəfindən ortalığa atılmış bir fırıldaqdır və bu, insanları idarə etmək üçün istifadə olunur". 

Diaspora.tv

Politoloq qeyd etdi ki, hazırda İslam dini insanları daha rahat idarə etmək üçün istifadə olunur.

"İslam peyğəmbərinin və onun dörd xəlifəsindən sonra Əməvilər hakimiyyətə gəldi və məhz onların dönəmindən sonra demək olar ki, İslam tamamilə fərqli bir istiqamətə yönəldildi. Bu, insanları daha rahat idarə etmək üçün ortalığa atılmış bir manipulyasiya, fırıldaq idi. Ona görə də məhz bunun nəticəsidir ki, bu gün İslam ölkələrində daha çox təslimiyyət və köləlik əhval ruhiyyəsi hökm sürür. Elm və texnologiya daha az inkişaf edir. Ancaq bu o demək deyil ki, müsəlman toplumu buna qadir deyil. Bütün riyaziyyat və ən dəqiq elmlər məhz Şərqdən gəlib. Qərbin İntibah dövrü Şərqdən oğurladığı elmlər fikirlər əsasında təməllər qurmaqla formalaşdırıb, bu günə gəlib çıxıblar. Yəni bu geri qalan zehniyyəti davam etdirmək bir çox rejimlərin, hakimiyyət rejimlərinin maraqlarındadır ki, cəmiyyəti daha rahat idarə edə bilsinlər. Bir insanın konkret yaradılış fitrətı var. İnsanın o fitrət üzrə yaşamağı onun şəriətidir. Başqa bir şəriəti elan edib, bunu tətbiq etmək cinayət, insanın azadlığını əlindən almaqdır.

Ona görə də baş örtüsünə görə qadını tutmaq, cəzalandırmaq, öldürmək bu geri zəkalılığın ən bariz formasıdır. Əgər o bunu istəmirsə, buna görə insanı zorakı metodlarla məcbur etmək olmaz".

Türkan İSGƏNDƏRLİ

Chosen
72
50
redaktor.az

10Sources