EN

Sosioloqdan sərt sözlər: Hər adam ailə qurmamalıdır!

Bakıda kişi hamilə arvadını xəstəxanada tərk edib.
Bu barədə Qadın və Uşaq Sığınacağının sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, hamilə olan həyat yoldaşını Sabunçu xəstəxanasına müayinə adı ilə aparan ər orada onu tərk edərək qaçıb:
"Artıq bir aydır ki, qadın xəstəxanada qalır və həyat yoldaşının onu geri götürməsini gözləyir. Daha sonra həyat yoldaşı ona pasportunun şəklini göndərərək xaricdə olduğunu bildirib və öz başının çarəsinə baxmasını məsləhət görüb".

Sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a söyləyib ki, günümüzdəki ailələrdə məzmun və struktur dəyişiklikləri baş verir:      

"Ailə quran cütlüklərin tez-tez məsuliyyətsizliklərini əks etdirən hallarla qarşılaşırıq. Bu da gənclərin evlənərkən ailənin məsuliyyətini tam anlamamalarından qaynaqlanır. İndiki dövrdə cütlüklər ailənin böhranlı anlarına hazırlıqlı olmurlar. Ona görə də cəmiyyətdə ailə dəyərlərini aşılamalıyıq. Bununla bağlı orta və ali məktəblərdə dərslər keçilməli, kütləvi informasiya vasitələrində vətəndaşlara ailə dəyərləri təbliğ olunmalıdır. Ümumiyyətlə, ailə qurmağa hazırlaşan gənclər bir-birilərini yaxşı tanımalıdırlar. Çətin anlarda sınaqdan keçirdikdən sonra bu yolda addım atmaq məsədəuyğundur. Çünki nikah müqaviləsi bağlanarkən belə, çətin vəziyyətdə bir-birinə dayaq olmağa söz verirlər. Əfsus ki, indiki dövrdə bu sözə az adam əməl edir. Hadisədən göründüyü kimi çoxu etibarsızlıq nümayiş etdirir. Bir müddətdən sonra peşman olsalar da gec olur. Qadınlar isə kişiləri belə səhvlərinə görə, bağışlamamaqda haqlıdır. Çünki bu cür çətin anlarda qadını və övladını köməksiz vəziyyətdə qoymaq anormallıqdır. Bu hadisə ictimai cəhətdən qınanmalıdır. Yaxşı olardı ki, ailə psixoloqu və ailələrlə işləyən sosial işçi instutu yaradılsın. Bu zaman qismən boşanmaların və münaqişələrin tənzimlənməsində nail ola bilərik. Hər adam ailə qurmamalıdır. Çünki ailə daha dərin fəlsəfədir. Ailənin dəyərini, məsuliyyəti, həyat yoldaşı missiyasını başa düşən kəslər evlənməlidir. Çünki cəmiyyətə, sağlam,dayanıqlı ailələr gərəklidir".
Chosen
44
sherg.az

1Sources