EN

COP29: Ölkə başçısının çıxışı qlobal liderliyimizin sübutudur – ANALİZ

Azərbaycan Prezidenti İlham Əliyevin COP29 Liderlər Sammitindəki çıxışı ölkəmizin beynəlxalq səviyyədə artan əhəmiyyətini strateji mövqeyini və qlobal məsələlərdə liderlik iddiasını nümayiş etdirdi. Bu çıxış Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmasının səbəblərini və bunun arxasında dayanan əsas məqamları daha dərindən anlamağa imkan verir.
COP29-a ev sahibliyi etməklə Azərbaycan beynəlxalq arenada fəal rolunu və təsir gücünü bir daha sübut etdi. Dünyanın 200-dən artıq ölkəsinin yekdil qərarı ilə bu əlamətdar tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusən də iqlim dəyişikliyi ilə bağlı məsələlərdə etibarlı tərəfdaş kimi qəbul edildiyinin göstəricisidir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, COP29-un sədri kimi Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr arasında konsensusun əldə edilməsinə çalışacaq. Bu, Qlobal Cənub və Qlobal Şimal arasındakı əlaqələri gücləndirərək dünya ölkələri arasında iqlim məsələləri ilə bağlı daha sıx əməkdaşlıq üçün zəmin yaradacaq. Sözügedən yanaşma Azərbaycanın çoxşaxəli diplomatik siyasətinin davamı və çoxtərəfli əməkdaşlığa sadiqliyinin sübutudur.
Azərbaycanın regionda başladığı iri miqyaslı layihələr enerji və nəqliyyat sahəsində qlobal dəyişikliklərə səbəb olmuşdur. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan, bu sahədə regionun əsas tranzit və logistika mərkəzinə çevrilib. Prezident Əliyev çıxışında Azərbaycanın həyata keçirdiyi meqalayihələrdən bəhs edərək, ölkəmizin artıq Avrasiyanın enerji və daşımalar xəritəsini dəyişdirdiyini qeyd etdi. Bu layihələr arasında xüsusi önəm daşıyan Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli layihəsidir. Bu kabel vasitəsilə Azərbaycan öz yaşıl enerji potensialını Avropaya çatdıraraq, qitənin enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Kabelin texniki əsaslandırma işlərinin yekunlaşması, bu sahədə Azərbaycanın tərəfdaşları ilə ortaq uğurlarını təsdiqləyir.
Azərbaycanın multikulturalizm modeli və mədəniyyətlərarası dialoqun təşviqindəki rolu Prezident İlham Əliyevin çıxışında önəmli yer tutur. Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, Azərbaycan cəmiyyətinin həyat tərzidir. Müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ahəngdar birgə yaşayışı, Azərbaycanın dünyaya təqdim etdiyi dəyərli bir örnəkdir. Bu xüsusiyyət beynəlxalq tədbirlərdə Azərbaycanın nüfuzunu artırmaqla yanaşı, ölkəmizin qlobal dəyərlərə sadiqliyini göstərir. Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsi həm də ölkəmizin humanitar məsələlərdə liderliyini təsdiqləyir.
Ölkə başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə sadiqliyi və öz gücü ilə milli suverenliyini bərpa etməsi idi. Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin tələblərini icra etdi. Bu, ölkəmizin beynəlxalq hüquq və ədalət uğrunda apardığı mübarizənin nəticəsi idi. Azərbaycanın bu uğuru, həmçinin onun müstəqil siyasət yürüdə bilən güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirdi.
Tədbirə ev sahibliyi etməzdən əvvəl Azərbaycan müxtəlif qarayaxma kampaniyalarının hədəfinə çevrilmişdir. Prezident Əliyev bu cəhdlərin əsasən Qərb siyasətçiləri, nəzarət altında olan qeyri-hökumət təşkilatları və feyk-xəbər mediası tərəfindən həyata keçirildiyini qeyd etdi. Buna baxmayaraq, 72 min qeydiyyatdan keçmiş iştirakçı, 80-dən çox dövlət başçısının və digər yüksək səviyyəli nümayəndələrin iştirakı bu boykot cəhdlərinin tam uğursuzluğunu nümayiş etdirdi. Prezidentin bu məsələyə münasibəti Azərbaycanın milli maraqlarını müdafiə etməkdəki prinsipial mövqeyini və gücünü bir daha sübut edir.
Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı mövzusunda çıxışda vurğulananlar isə ölkəmizin Avropa üçün strateji əhəmiyyətini ortaya qoyur. Prezident Əliyev qeyd etdi ki, iki il əvvəl Avropa Komissiyasının təşəbbüsü ilə imzalanan Strateji Tərəfdaşlıq Sazişi Azərbaycanın qaz resurslarına olan böyük tələbatın nəticəsi idi. Bu fakt, Azərbaycanın enerji təminatında etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin COP29 Liderlər Sammitindəki çıxışı Azərbaycanın qlobal miqyasda güclənən mövqeyini və dünya problemlərinin həllində mühüm rol oynamağa hazır olduğunu əks etdirir. Azərbaycan, həm qlobal məsələlərdə liderlik etmək qabiliyyəti, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə beynəlxalq səhnədə ön sıralarda yer alır. Bu çıxış, ölkəmizin gələcəkdə daha böyük uğurlara imza atacağının bir xəbərdarlığıdır.

Ağa Əsa

Chosen
95
50
busaat.az

10Sources