EN

Elmir Musayev: “SOCAR Green” artıq 1,4 giqavat gücündə bərpa olunan enerji layihələri portfelinə sahibdir"

“SOCAR Green” artıq 1,4 qiqavat gücündə bərpa olunan enerji layihələri portfelinə sahibdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev COP29 çərçivəsində keçirilən "İstehsaldan daha çoxu: enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması" adlı tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, SOCAR artıq milli enerji şirkətinə çevrilmək astanasındadır: “Hazırda bir çox şirkət ənənəvi neft və qaz fəaliyyətindən qlobal və ya milli enerji şirkətinə çevrilmək istiqamətində əsaslı dəyişikliklər həyata keçirir.

E. Musayevin sözlərinə görə, SOCAR da bu dəyişikliklərin astanasındadır: SOCAR-ın adı neft və qazla sinonim olub. Lakin indi SOCAR milli enerji şirkətinə çevrilmək istiqamətində ciddi addımlar atır və artıq bir sıra dekarbonizasiya təşəbbüslərinə başlayıb. COP29-un Bakıda keçirilməsi də bu dəyişikliklərin bir hissəsidir. Keçən il COP28-də iştirak edənlər SOCAR-ın dekarbonizasiya üzrə iddialı hədəflərini öyrənə biliblər. Bu hədəflərə 2030-cu ilə qədər bütün əməliyyat aktivlərində sıfır rutinin yandırılması, 2035-ci ilə qədər “upstream” seqmentində sıfır metan emissiyasına nail olmaq və 2030-cu ilə qədər karbon emissiyasının intensivliyini əhəmiyyətli dərəcədə azaltmaq daxildir.”

E. Musayev bildirib ki, SOCAR-ın məqsədi 2022-ci il baza ilinə nisbətən korporativ emissiya intensivliyini 30 %, 2035-ci ilə qədər isə ümumi emissiyaları 20 % azaltmaqdır. Uzunmüddətli hədəf isə 2050-ci ilə qədər sıfır karbon səviyyəsinə çatmaqdır.

“SOCAR Green”in direktoru əlavə edib ki, şirkətin mandatı yalnız günəş və külək enerjisi layihələri ilə məhdudlaşmır. “Biz karbontutma, istifadə, saxlama, “yaşıl hydrogen” istehsalı və digər yeni texnologiyaların səmərəliliyinin öyrənilməsi istiqamətində də ciddi səylər göstəririk. Bu layihələr çərçivəsində SOCAR-ın infrastrukturunu yenidən nəzərdən keçirir və yaşıl təşəbbüslərə uyğunlaşdırırıq. SOCAR "Climate and Sustainability Lighthouse" proqramı çərçivəsində BP ilə əməkdaşlıq edir və bu, SOCAR-ın aktivlərini dekarbonizasiya etməyə dəstək verir. Şirkət “Enerji keçidi və ətraf mühit” adlı yeni bir seqment yaradaraq bu təşəbbüsləri idarə edir. 2023-cü ilin dekabr ayında SOCAR-ın Nəzarət Şurası yaşıl təşəbbüsləri irəli aparmaq üçün xüsusi bir qurumun yaradılmasına qərar verib və 2024-cü ilin martda “SOCAR Green” rəsmi olaraq fəaliyyətə başlayıb”.

E. Musayev vurğulayıb ki, “SOCAR Green”in məqsədi təkcə SOCAR-ın dekarbonizasiya hədəflərinə nail olmaq deyil, eyni zamanda ölkənin enerji keçidi sahəsindəki məqsədlərinə töhfə verməkdir: “İki ildən az bir müddətdə artıq 1,4 giqavat gücündə bərpa olunan enerji layihələri portfelinə sahibik. Məsələn, bir qiqavat gücündəki "Meqa" layihəsi çərçivəsində “Total” şirkəti ilə əməkdaşlıq edirik. Bundan əlavə, BP ilə birgə Bakıda yerləşən neft və qaz terminalını dekarbonizasiya etmək üçün fotovoltaik layihə həyata keçiririk. SOCAR Çin tərəfdaşları ilə ümumilikdə 160 meqavat gücündə günəş enerjisi layihəsi üzərində çalışır”.

O, həmçinin qeyd edib ki, “SOCAR Green” bu böyük dəyişiklikləri dərk edir və qarşıda duran çətinlikləri qəbul edir: “Lakin biz bu dəyişikliklərə hazır olduğumuzu düşünür və enerji keçidində böyük rol oynamağı hədəfləyirik.”

Regionda həyata keçirilən daha böyük miqyaslı layihələrə də toxunan E. Musayev Avropa bazarına ixrac üçün nəzərdə tutulan təxminən beş gigavatlıq yaşıl enerji dəhlizləri, Qara dəniz sualtı kabeli və Xəzər-Qara dəniz-Avropa enerji dəhlizi layihələrinin “SOCAR Green” tərəfindən yaxından izlənildiyini vurğulayıb.

Chosen
80
report.az

1Sources