EN

Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Adil Kərimli belə bir mötəbər tədbirdə qardaş Türkiyə Cümhuriyyətinin də iştirakından məmnunluğunu söyləyib.

Azərbaycan ilə Türkiyə arasında mədəniyyətin bütün sahələrində uğurlu əməkdaşlığın qurulduğunu deyən nazir bu sahədə əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu deyib.

Qeyd olunub ki, noyabrın 2-dən 10-dək İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycanın ilk dəfə “fəxri qonaq” qismində iştirakı iki ölkə arasında əlaqələrin yüksək səviyyəsinin göstəricidir. Nazir sərgi müddətində Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə türkiyəli nazirə təşəkkür edib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkəmizin COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bildirib ki, əgər Türkiyə COP31-i qəbul edərsə, Azərbaycanın bu sahədəki təcrübəsinin öyrəniləcəyini deyib. O, COP29 çərçivəsində ətraf mühit və mədəniyyət məsələlərinin də diqqətdə saxlanmasının əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında bir sıra istiqamətlərdə, xüsusilə də arxeoloji irsin öyrənilməsi və kino sahəsində əməkdaşlığın perspektivləri qeyd edilib. Xüsusilə TÜRKSOY-un himayəsi ilə çəkilməsi planlaşdırılan “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filmi haqqında da söhbət açılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda türkiyəli nazirə xatirə hədiyyələri təqdim olunub.

Daha sonra nazirlər tədbir məkanındakı Azərbaycan, Türkiyə və Özbəkistanın pavilyonları ilə tanış olublar. Türkiyə və Özbəkistan pavilyonları ilə tanışlıqda Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov da iştirak edib.

Chosen
50
14
yeniazerbaycan.com

10Sources