EN

COP29-da kiçik ada dövlətləri barədə yeni anons verildi…

Image

Aydın Mirzəzadə: “Azərbaycanın özü ərazi və əhali baxımından kiçik olsa da, ada dövlətlərinin problemlərinə çox həssaslıqla yanaşır”

Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxunaraq bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir: 

"Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb”.

Qeyd edək ki, kiçik ada dövlətlərinə Azərbaycan dövləti tərəfindən göstərilən bu qayğı və diqqət ziyalılar, millət vəkilləri, ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

“Kiçik ada dövlətləri resursları böyük səviyyədə olmadığı üçün bir çox məsələləri dünya ictimaiyyətinin diqqətinə çatdıra bilmir”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, az-az dövlətlər var ki, onları kiçik ada dövlətlərinin taleyi maraqlandırır: “Azərbaycanın özü ərazi və əhali baxımından kiçik olsa da, ada dövlətlərinin problemlərinə çox həssaslıqla yanaşır. Bunu biz Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə də gördük. 80-ə yaxın ölkəyə Azərbaycanın müxtəlif formada yardım etməsi Azərbaycanın adınadır. Prezident İlham Əliyev çıxışında  Ada Dövlətlərinin İnkişafı Fonduna 10 milyon dollar vəsait köçürülməsi məsələsinə də toxunub. Həmin dövlətlərin hüquqlarını da  COP29 kimi tədbirdə müdafiə etdi. COP29-da BMT baş katibinin iştirak etməsi bu konfransın əhəmiyyətini dünyaya nümayiş etdirir”. 

Millət vəkili bildirdi ki, kiçik ada dövlətləri resursları böyük səviyyədə olmadığı üçün bir çox məsələləri dünya ictimaiyyətinin diqqətinə çatdıra bilmir. Onlar üzləşdiyi problemlərin qarşısında aciz qalır: “Fransa və Niderlandın indiyə qədər dünyanın müxtəlif yerlərində müstəmləkə saxlaması doğru deyil. Müstəmləkəçilik XXI əsrin ruhuna uyğun deyil. Kiçik ada dövlətlərində təbiətə zərbə vuracaq təcrübələrin keçirilməsi həmin dövlətlərin mövcudluğunu, taleyini sual altında qoyur. Ölkə başçısı İlham Əliyev növbəti dəfə ada dövlətlərinin problemlərini gündəmə gətirdi. Bu, dövlətimizin müasirlik ruhundan, Heydər Əliyev və İlham Əliyev siyasətinin günün tələblərinə cavab verməsi səbəbindən baş verir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin çağırışı dünyada eşidiləcək, beynəlxalq təşkilatlar, böyük dövlətlər buna lazımi reaksiya verəcək”.

Günel CƏLİLOVA





Chosen
99
50
baki-xeber.com

10Sources