EN

Xankəndidə açılan fabrik öz xammalımızla işləyə bilər, əgər...

Yüksəkkeyfiyyətli məhsulun əldə olunması təmin edilərsə, buna nail olmaq mümkündür

Azərbaycanın işğaldan azad olunan ərazilərində istehsal müəssisələrinin yaradılması doğma torpaqlarına qayıdan insanların məşğulluğunun təmin olunması baxımından son dərəcə vacib amildir. Belə müəssisələrin gələcək perspektivlər, iqtisadiyyatın inkişaf meyilləri, eyni zamanda əvvəlki müsbət ənənələr nəzərə alınmaqla planlaşdırılması və yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Özbəkistan şirkətinin iştirakı ilə Xankəndidə toxuculuq fabrikinin açılması təqdirəlayiq addım kimi qiymətləndirilə bilər.

Müəssisə Bakıda keçirilən COP20 İqlim Konfransı günlərində Azərbaycan və Özbəkistan prezidentlərinin videobağlantı vasitəsilə qatıldıqları mərasimlə istifadəyə verilib. Müəssisənin ümumi investisiya dəyəri 6 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Özbəkistanın “BUSINESS TEX JV” şirkətinin direktoru Əfqan Müslümovun dediyinə görə, layihənin ilkin mərhələsində 400 nəfər işlə təmin olunacaq. Ərazisi 1,5 hektar olan fabrikin tikintialtı sahəsi 4000 kvadratmetrdir. Fabrikin birinci mərtəbəsi kəsim, ikinci və üçüncü mərtəbələri toxuculuq müəssisəsi kimi fəaliyyət göstərəcək. Zirzəmi hissə isə depo olacaq.

Prezidentlərin iştirakı ilə ilkin mərhələnin başa çatması və müəssisənin işə başlaması qeyd edilib. Fabrikin tam fəaliyyətə başlaması isə 2025-ci ilin sonuna planlaşdırılır. Müəssisə tam fəaliyyətə başlayanda burada 800-1000 nəfər işlə təmin olunacaq. Fabrikə Özbəkistandan da mütəxəssislər cəlb ediləcək.

Fabrikdə quraşdırılan dəzgahlar Türkiyədən, ilkin mərhələdə tikiş üçün xammal Özbəkistandan gətiriləcək. Fabrikdə əsasən qısaqol köynəklərin istehsalı nəzərdə tutulsa da, mərhələli şəkildə müxtəlif geyimlərin istehsalı da planlaşdırılır. İstehsal olunacaq məhsullar yerli bazarla yanaşı, xaricə də ixrac olunacaq. Artıq dünyanın tanınmış geyim firmaları ilə danışıqlar aparılır.

Bildirilir ki, fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək.

Azərbaycanın özündə pambıq istehsal olunduğunu nəzərə alsaq, xammalın Özbəkistandan gətirilməsi dövrünün mümkün qədər qısa olması mühüm məsələdir. Doğrudur, mütəxəssislər Azərbaycanda istehsal olunan pambığın keyfiyyət və lif uzunluğuna görə üst geyimləri istehsalında istifadəyə yararsız olduğunu bildirirlər. Lakin bir sıra rayonlarda yüksək keyfiyyətli pambıq istehsalının təmin olunması üçün layihələr icra olunur və güman edilir ki, bir sıra geyimlərin istehsalı üçün ondan istifadə mümkün olacaq. Bu planlar reallaşarsa, yaxın gələcəkdə Xankəndi toxuculuq fabrikinin yerli pambıqdan istifadəyə başlaması da mümkün ola bilər. Digər tərəfdən, azad olunan ərazilərdə Azərbaycan pambığından əldə olunan məhsulların istehsalına hesablanmış müəssisələrin də yaradılması mümkündür. Çünki Azərbaycan pambığının ixracında sırf məhsulun özünə bağlı ciddi problemlər müşahidə olunmur.

Rəsmi statistikaya əsasən bu ilin doqquz ayında Azərbaycan xarici bazara 100 485.55 ton mahlıc çıxarıb ki, bundan da 151 milyon 610.42 min dollar gəlir əldə edilib. Ötən ilin yanvar-sentyabrında pambıq mahlıcı ixracı 48 827.29 min ton təşkil edib, bundan ölkəyə 88 milyon 702.05 min dollar daxil olub. Bu isə o deməkdir ki, pambıq mahlıcı ixracı illik ifadədə həcm baxımından 2 dəfədən çox, dəyər baxımından isə 1,8 dəfə artıb. Bu artımla yanaşı, mahlıcın orta ixrac qiyməti 1 ton üçün 300 dollardan çox azalıb. Belə ki, ötən il mahlıcın 1 tonu 1816,6 dollara, bu il isə 1509 dollara ixrac edilib. Bu azalma dünya bazarındakı qiymət konyukturundan irəli gəlir.

Məlumdur ki, Azərbaycan pambığı əsasən xammal kimi - mahlıc formasında, qismən də emal olunmuş formada - iplik olaraq ixrac edir. Ölkənin pambıq mahlıcı ixracı  2020-ci ildə 133 milyon 260,32 min dollarlıq 100 min 466,82 ton, 2021-ci ildə 210 milyon 919,04 min dollarlıq 126 min 997,96 ton, 2022-ci ildə 174,5 milyon dollar dəyərində 77,6 min ton, 2023-cü ildə 122 milyon 709,02 min dollar dəyərlə 70 212 min ton təşkil edib. Pambıqdan hazır məhsul istehsalı zəncirində ikinci həlqə olan pambıq iplik ixracı isə 2020-ci ildə 18 milyon 951.27 min dollar dəyərlə 9 040.91 ton, 2021-ci ildə 58 milyon 115.09 min dollar dəyərlə 18 429.01 ton, 2022-ci ildə  33,1 milyon dollar dəyərlə 8,6 min ton, 2023-cü ildə 31 milyon 285,35 min dollar dəyərlə 11 187,21 ton təşkil edib.

Azərbaycanda pambıqdan son məhsul əldə olunması sahəsində cəmi iki mərhələ təmin edilib: ilkin emal - mahlıc, ikinci emal - mahlıcdan iplik alınması. Zəncirin digər həlqələrinin qurulması baxımından Xankəndidəki fabrik mühüm rol oynaya bilər. Çünki Mingəçevirdə istehsal olunan iplik yalnız alt geyimləri və yataq ağlarının istehsalında istifadəyə yararlıdır. Rəsmi statistikaya əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda pambıq parça istehsalında 8 faiz, yataq ağları istehsalında 66,8 faiz, alt geyim istehsalında 64,3 faiz artım qeydə alınıb. Emalın müasir texnologiyaların tətbiqi ilə daha da dərinləşdirilməsi tələbatın çox olduğu geyim məhsullarının istehsalının təmin olunması baxımından mühüm amildir.

Doğrudur, ölkədə pambıq istehsalı getdikcə azalır. 2022-ci ildə Azərbaycanda 322  min ton pambıq istehal olunubsa, 2023-cü ildə bu göstərici 14,4 faiz azalaraq 276,1 min tona bərabər olub. Bu ilə gəlincə, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, noyabrın 11-nə qədər sahələrdən kondisiya çəkidə 168 min 86 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Respublika üzrə pambığın orta məhsuldarlığı 16,35 sent/ha təşkil edir. Müqayisə üçün qeyd edək ki, ötən il noyabrın 1-dək sahələrdən 168,9 min ton pambıq yığılmışdı.

Bu azalmaya rəğmən, istehsal olunan pambığın keyfiyyətinin yüksəldilməsi, ondan son və yüksəkkeyfiyyətli məhsulun əldə olunması təmin edilərsə, Azərbaycan iqtisadiyyatının dayanıqlığı baxımından kifayət qədər mühüm nəticəyə nail oluna bilər.

Yazını hazırladı: Dünya SAKİT

Chosen
52
musavat.com

1Sources