EN

Mina terroru ekologiyaya ciddi ziyan vurur, biomüxtəlifliyi məhv edir

Bir neçə gün öncə 44 günlük Vətən müharibəsinin ölkəmizin Zəfəri ilə başa çatmasının 4 ili tamam oldu. Ötən il keçirilən bir günlük lokal xarakterli antiterror tədbirlərindən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsindən sonra bu tarixi Qələbə daha möhtəşəm, daha əzəmətli görünməyə başladı. Bu il noyabrın 8-də paytaxtın ən gözəl yerlərindən birində Zəfər parkının açılması, burada müasir üslubda Zəfər abidəsinin – parlaq Qələbəmizin yeni simvolunun yaradılması xalqımıza bir aləm sevinc bəxş elədi.

Düşmən işğalında 30 ilə yaxın inləyən, 4 ildir azadlığına qovuşmuş ərazilərdə hazırda böyük tikinti-quruculuq işləri gedir. Azad edilmiş bütün şəhərlərin baş planları təsdiqlənib. Bir sıra şəhərlərdə müəyyən yaşayış məhəllələri istifadəyə verilib. Ermənistan–Azərbaycan sərhədi boyunca ərazi bütövlüyümüz təmin edilir və keçmiş qaçqın və məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. Demək olar ki, hər həftə Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın doğma yurd-yuvalarına dönmələrinə dair məlumatlara şahidlik edirik.

Buna baxmayaraq, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışını, infrastruktur quruculuğunu çətinləşdirən bir problem hələ də qalmaqdadır və çox təəssüf ki, məsələ hələ uzun illər öz aktuallığını saxlayacaq. Bu da ərazilərimizin minalarla çirkləndirilməsi məsələsidir. Sonuncu dəfə mina partlayışı hadisəsi noyabrın 10-da baş verib. Həmin gün Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb. Müdafiə Nazirliyindən bildirilib ki, minaya düşərək xəsarət alan hərbi qulluqçu İbrahimov Qədim Xaliq oğludur.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib ki, 2020-ci il noyabrın 10-dan 2024-cü il noyabrın 11-dək 382 Azərbaycan vətəndaşı Ermənistanın hərbi işğal dövründə basdırdığı minaların qurbanı olub. O, mina qurbanlarının sayının artdığını, Azərbaycanın Ermənistanın 30 illik işğalının nəticələrindən əziyyət çəkdiyini qeyd edib.

Paylaşıma əlavə edilmiş məlumata əsasən, 2020-ci il noyabrın 10-dan sonra 70 nəfər mina partlayışı nəticəsində həlak olub, 312 nəfər xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan 143-ü mülki şəxslərdir. Hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan üçtərəfli bəyanatın imzalanmasından sonra mina partlayışı nəticəsində 15 hərbi qulluqçu həlak olub, 169-u xəsarət alıb. Qeyd edilib ki, 1991-ci ildən bəri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 3400-dən çox mina qurbanı qeydə alınıb. Onlardan 359-u uşaq, 38-i qadın olub.

Bu arada işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə açıqlanan həftəlik (04.11.2024–10.11.2024) məlumatda bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 51 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 185 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 545,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

İşğaldan azad edilmiş ərazilərdə mina və PHS probleminin mövcudluğu Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qəbul etdiyi qərarda da öz əksini tapıb. Məhkəmə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə noyabrın 12-də çıxardığı qərarda azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntularını qeydə alıb. Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq. Bundan əlavə, BƏM, haqlı olaraq, Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. XİN bildirir ki, Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Son olaraq, 2024-cü il noyabrın 10-da daha bir Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb. Qeyd edilib ki, yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, həmçinin Azərbaycanın əldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altında qoyur.

Üzləşdiyimiz problemin ciddiliyi onun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da müzakirə edilməsinə səbəb olub. Noyabrın 15-də COP29 konfransı çərçivəsində “Cığırın təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” adlı tədbir keçirilib. BMT-nin İnkişaf Proqramı və ANAMA-nın birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov, BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional bürosunun direktoru İvana Jivkoviç iştirak ediblər. İştirakçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işğal zamanı basdırılmış minaların və PHS-lərin dayanıqlı iqlim və davamlı inkişafa göstərdiyi mənfi təsirlər barədə fikirlərini bölüşüblər.

V.Süleymanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə işğal dövründə basdırılmış təxminən 1,5 milyon mina ekologiyaya ciddi ziyan vurub. Onun sözlərinə görə, minalar və PHS-lər torpağın bir zamanlar zəngin olan biomüxtəlifliyini məhv edərək, münbit torpaqları çirkləndirib, kənd təsərrüfatı məhsuldarlığını azaldıb.

ANAMA rəhbəri qeyd edib ki, minatəmizləmə təkcə təhlükəsizlik məsələsi deyil, həmçinin iqlim dayanıqlığı və inkişaf məsələsidir. Minalarla çirklənmiş ərazilərin 170 min hektardan çox hissəsi təmizləndikcə, ekoloji bərpa, biomüxtəlifliyin yenilənməsi və dayanıqlı kənd təsərrüfatı üçün yol açılır. Təmizlənmiş sahələr infrastrukturun yenidən qurulmasına və məcburi köçkünlərin geri qayıdışına dəstək verir. Bu investisiyanın miqyasına baxmayaraq, beynəlxalq töhfələr ümumi maliyyələşdirmənin cəmi 4,4 faizini təşkil edir. Ölkəmizdə minaların tam təmizlənməsini təmin etmək və bu təhlükələrin geniş əhatəli ekoloji təsirlərini aradan qaldırmaq üçün qlobal dəstəyin artırılması olduqca vacibdir.

Bundan bir gün öncə isə BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşü barədə sosial şəbəkə hesabında məlumat yerləşdirmişdi.

Eyni zamanda, ANAMA rəhbəri ilə görüşdən bəhs edən Jivkoviç Azərbaycanda və dünyada daha təhlükəsiz, minasız gələcək üçün mina əleyhinə fəaliyyətlə bağlı innovasiyaları müzakirə etdiklərini bildirib.

Ölkəmizin işğaldan azad olunmuş ərazilərindəki mina təhdidi ilə mübarizə səyləri Xarici işlər naziri Ceyhun Bayramovun da BMT rəsmisi ilə görüşündə ətraflı müzakirə edilən məsələlərdən olub. Göründüyü kimi, Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışı çətinləşdirən bu problemin ciddiliyini hər fürsətdə qaldırır. Problemin beynəlxalq aləmdə müzakirə predmetinə çevrilməsinə çalışır. Ölkəmiz işğal altındakı torpaqlarını özü azad etdiyi kimi, mina təhlükəsinə qarşı da, demək olar ki, təkbaşına mübarizə aparır. Beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana lazımınca dəstək vermir.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri, ANAMA yanında İctimai Şuranın katibi Hafiz Səfixanov XQ-yə açıqlamasında bildirdi ki, Azərbaycan bu gün dünyada minalar və müharibənin partlayıcı qalıqları ilə əraziləri ən çox çirklənmiş ölkələrdən biridir. Ölkəmiz Ermənistanın hərbi işğalı nəticəsində və keçmiş SSRİ-nin Azərbaycanda yerləşmiş hərbi hissələrinin, həmçinin anbarlarının arzuolunmaz “mirası” ilə üz-üzədir. Onun sözlərinə görə, Vətən müharibəsi nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra problemin nə qədər böyük olduğu bir daha aydın oldu: “Müharibə başa çatdıqdan sonra məlum oldu ki, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olduğu güman edilir, bunun da 211 min 800 hektarı yüksək və 954 min 902 hektarı orta və aşağı çirklənmə səviyyəsindədir. Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə, azad edilmiş ərazinin, təxminən, beşdəbiri yüksək dərəcədə çirklənmiş və təxminən üçdəikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir”.

H.Səfixanov qeyd etdi ki, qaçqın və məcburi köçkünlərin münaqişə başa çatdıqdan sonra layiqli şəraitdə öz evlərinə qayıtmaq hüququ beynəlxalq humanitar hüquqda da öz əksini tapıb. Vətən müharibəsi də erməni işğalı səbəbindən didərgin düşmüş yüz minlərlə azərbaycanlı üçün geri qayıdış perspektivi açdı. Lakin tezliklə məlum oldu ki, məcburi köçkünlərin geri qayıtmalı olduğu ərazilərin həddindən artıq minalanması və PHS problemi bu prosesə böyük maneədir.

Hazırda ölkəmizin problemin aradan qaldırılması ilə ciddi şəkildə məşğul olduğunu bildirən ekspert hökumətin bu məsələni prioritet elan etdiyini dedi. Onun sözlərinə görə, bu, qəbul olunmuş Böyük Qayıdış proqramında da əksini tapıb. Vətən müharibəsindən sonra hər il dövlət büdcəsindən minaların təmizlənməsinə və bu fəaliyyət üçün potensialın artırılmasına 100 milyon manat vəsait ayrılır. Ancaq bu məsələdə ölkəmizə ciddi beynəlxalq dəstək yoxdur. Həyata keçirilən minatəmizləmə əməliyyatlarının 95 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Səxavət HƏMİD
XQ

Chosen
60
xalqqazeti.az

1Sources