Gürcüstanda Azərbaycandilli məktəblər üçün nəzərdə tutulan 2-ci sinif riyaziyyat dərsliyində bəzi tapşırıqlar ana dilinə tərcümə edilməyib, gürcü dilindən tərcümə rus dilində verilib. Bu da soydaşlarımızın narazılığına səbəb olub.
Bu barədə iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva sosial şəbəkə hesabında məlumat yayıb.
Bu problem nədən qaynaqlanır? Niyə Azərbaycan dillinə tərcümə edilən dərslikdə rus dilindən istifadə olunur? Mütəxəssislər yoxdurmu?
Aygül İsayeva: “Təəssüflər olsun ki, 20 ilə yaxın bir vaxt ərzində Gürcüstanın Azərbaycan məktəbləri üçün normal səviyyəli bir dərslik ortaya çıxarılmayıb”
Aygül İsayeva “Bakı-Xəbər”ə bildirdi ki, bu problem yalnız 2-ci sinif riyaziyyat dərsliklərində deyil, başqa fənlərə aid dərsliklərdə də mövcuddur. “2005-ci ildən Gürcüstanda dərsliklər tərcümə olunur. Əvvəllər dərsliklər Azərbaycandan gətirilirdi. 2005-ci ildən isə qeyri-gürcü dilli məktəblər, o cümlədən də Azərbaycandilli məktəblər üçün dərsliklər Gürcüstanda çap olunur və gürcü dilindən tərcümə edilir. Bu, 20 ilə yaxın bir dövrü əhatə edir. Təəssüflər olsun ki, 20 ilə yaxın bir vaxt ərzində Gürcüstanın Azərbaycan məktəbləri üçün normal səviyyəli bir dərslik ortaya çıxarılmayıb. Azərbaycan məktəbləri üçün olan bütün dərsliklərdə ciddi problemlər var. Keçən ay da bu barədə paylaşım etmişdim və paylaşım etdiyim 2-ci sinif riyaziyyat dərsliyi idi. 2023-cü ildə nəşr olunub, yəni ən sonuncu nəşrdir. 116 Azərbayandilli məktəbin hamısında bu dərslikdən istifadə edilir. O kitabda müəyyən tapşırıqların izahı rus dilində verilib. Bunun da səbəbi aydın deyil. Bilmirəm ki, bu qərəzli şəkildə edilib, yoxsa tərcüməçinin səhvidir. Dərsliyin müəllifi gürcülərdir, dərslik də gürcü dilindən Azərbaycan dilinə tərcümə olunub. Amma ora rus dilində izahlar necə düşüb, bilinmir. Tərcüməni azərbaycanlılar edir və tərcümə edənlərin əksəriyyəti fənn müəllimləridir. Tutaq ki, kimsə riyaziyyatdan dərs deyirsə, o da götürüb gürcü dilindən tərcümə edir. Gürcüstanın Təhsil Nazirliyi peşəkar tərcüməçiləri dərsliklərin tərcüməsi prosesinə cəlb etmir. Burada qətiyyən tərcüməçi qrupu yoxdur. Mən riyaziyyat dərsliklərini Azərbaycan dilinə tərcümə edən bir şəxslə danışmışam, o bir riyaziyyat müəllimidir. Özü dedi ki, bizə tərcümə üçün çox qısa müddət verirlər ki, 1 aya, ay yarıma bir kitabı tərcümə et. Bir adam həm tərcümə edir, həm redaktə, həm də korrektura işini görür. O kitablar ciddi şəkildə redaktə, korrektə olunmadığı üçün sonradan ciddi səhvlər ortaya çıxır. İndi bəzi tərcümə edənlər mənə dedilər ki, artıq korrektorlar da var, amma buna baxmayaraq yenə də o səhvlər ortaya çıxır. Bunun da səbəbi odur ki, tərcümə işi ilə peşəkarlar məşğul olmur. Bunun üçün xüsusi qrup yaradılmalıdır ki, tərcümə işi peşəkar səviyyədə olsun, səhvlər aradan qaldırılsın. Fənn üzrə mütəxəssis olmalıdır, tərcüməçi olmalıdır və sair. Təəssüflər olsun ki, bu yoxdur. Dərsliklərin tərcüməsinə bir nəfər məsul olur və bu işi qısa müddət ərzində gördüyü üçün də problemlər ortaya çıxır.
Bu problem 2-ci sinif, 5-ci sinif riyaziyyat dərsliklərində, eləcə də digər fənlərə aid dərsliklərdə də var. 5-ci sinif riyaziyyat dərsliyində məzmun səhvi var. Məsələn, mətndə yazılıb ki, hava müxtəlif cür ola bilir. Axı hava müxtəlif cür ola bilməz, hava qeyri-sabit, dəyişkən ola bilər. Bunu bu şəkildə şagird oxuyanda təkcə bu onun o fənni anlamağına mənfi təsir etmir, eyni zamanda ana dilində fikri yanlış ifadə edir. Yəni sən ana dilində özünü ifadə edəndə bu səhvi buraxırsan. Şagird görür ki, Təhsil Nazirliyinin hazırlayıb məktəblərə verdiyi bir dərslikdə hava bu cür ifadə olunur, o gedib sabah ictimai yerdə də bunu o cür ifadə edəcək. Bu artıq ana dilində özünü necə ifadə edirsən ona da təsir edir”.
A.İsayeva qeyd etdi ki, problemin həllinə nail olmaq üçün Gürcüstanın Təhsil və Elm Nazirliyində olub və orada nazir müavini, ümumtəhsil şöbəsinin rəhbəri və əməkdaşları ilə görüşüb, 3 saata yaxın söhbət edib, məsələni onların diqqətinə çatdırıb. “Orda onlara dedim ki, ana dilində dərs saatlarını azaltmısınız, bir tərəfdən ana dilinin mənimsənilməsinə belə təsir edirsiniz. İkinci tərəfdən, dərsliklərdə xeyli problemlər var və dərsliklər problemli tərcümə olunduğu üçün yenə də ana dilinin mənimsənilməsinə mənfi təsir edir. Şagird ana dilini ədəbi dil səviyyəsində mənimsəyə bilmir, siz dəsrlikləri o şəkildə tərcümə etməklə ana dilimizi birbaşa məişət səviyyəsinə endirirsiniz. Onlar mənimlə razılaşmadılar, dedilər ki, dərsliklərdə əvvəllər problemlər vardı, amma indi heç bir dərslikdə hər hansı problem yoxdur, biz buna tamamilə əminik. Səhv tərcümələr ana dilimizin mənimsənilməsinə mənfi təsir edir. Amma nazirlikdə mənimlə razılaşmadılar və belə qərara gəldim ki, problemi ictimaləşdirim”.
A.İsayevanın sözlərinə görə, 20 ilə yaxın bir dövr ərzində dərsliklərin yüksək səviyyədə tərcümə edilməsi üçün peşəkar mütəxəssis də hazırlamaq, yaxşı bir nəşriyyatla işləmək də mümkün olardı, səhvsiz, nöqsansız bir dərslik oryata çıxara bilərdilər. “20 il az müddət deyil, bu illər ərzində inkişafa nail olmaq mümkün idi. 2-3 ildən bir yeni dərslik çap edirlər. Hər dəfə bu qədər səhvlər buraxılırsa, deməli, elə özləri də bunu istəyir ki, dərsliklər bu formada qüsurlu, səhvlə dolu olsun, uşaqlar öz dillərində normal oxumasınlar. Bu dərsliklərdə qrammatik, orfoqrafik, məzmun səhvləri çoxdur. Bir dərslikdə yalnız bir səhifədə beş-altı səhv tapdım. Bir səhifədə beş-altı səhvin olması nə deməkdir? Bu necə ola bilər? Bir dərslikdə “avqusun beşində” yazılmaq əvəzinə “avqustun beyində” yazılıb”, “axırıncı” sözündə “axrıncı” yazılıb, yenə də orfoqrafik səhvə yol verilib.
Bir məsələni də vurğulayım ki, hansı dərsliyi açırsan mətnlərdə Nika, İrakli, Nino kimi gürcü adları var, bir dənə azərbaycanlı adı yoxdur. Nəyə görə? Mən bu dəsrlikdə niyə təmsil olunmuram, orda mənim adım bir azərbaycanlı kimi niyə getmir, nə üçün ancaq gürcü adlarından istifadə olunur? Əslində, bunun özü diskriminasiyanın bir formasıdır ki, dərsliklərdə azərbaycanlı adları yoxdur.
Sonra “İncəsənət” dərsliyi çap ediblər, kitabı açırsan görürsən ki, baş-ayaq çap olunub. Sən kitabı oxumaq üçün bu tərəfə, sonra isə o tərəfə çevirməlisən. “Vətəndaş cəmiyyəti” kitabının üz qabığında ciddi səhv gedib, “şagird” sözündə “r” hərfi yox idi. Bu addır, necə gözdən yayına bilər? Bu birbaşa görsənən bir səhvdir və bunu necə çap etmisən? 116 məktəbin hamısına bu kitab gedəcək, söhbət minlərlə kitabdan gedir.
Problemdən çıxış yolu üçün təklifim var:
Problemi həll etmək üçün mütləq tədbir görülməlidir. Dərsliklər gürcü dilindən Azərbaycan dilinə tərcümə olunanda prosesdə Azərbaycan və gürcü dillərini bilən bir mütəxəsisin iştirakı vacibdir. Bundan başqa, Azərbaycandan ən güclü dərslik, tərcümə mütəxəssisləri bu işə cəlb olunmalıdır. Azərbaycanda yaxşı mütəxəssislər var, onlar bu işə cəlb olunmalıdır ki, problem həll olunsun. Çünki Gürcüstanda elə mütəxəssis yoxdur”.
A.İsayeva hesab edir ki, Azərbaycandan Gürcüstana məhz bu məsələ üçün dil, dərslik, tərcümə və sair üzrə mütəxəssislər cəlb edilməlidir ki, problem kökündən öz həllini tapsın: “Xüsusi ekspert qrupu yaradılmalıdır və bu qrupa bizim mütəxəssislərlə yanaşı Azərbaycandan da mütəxəssislər cəlb olunmalıdır. Bundan sonra bəlkə ortaya normal dərsliklər çıxa”.
Kamran Əsədov: “Gürcüstanda Azərbaycandilli məktəblər üçün nəzərdə tutulan dərsliklərdə belə problemlərin yaranması...”
Təhsil mütəxəssisi Kamran Əsədov da məsələyə münasibət bildirdi. “Gürcüstanda Azərbaycandilli məktəblər üçün nəzərdə tutulan dərsliklərdə belə problemlərin yaranması bir neçə əsas səbəbdən qaynaqlanır. İlk olaraq, təhsil siyasətinin və azlıqların hüquqlarının təmin edilməsindəki struktur problemlər diqqətə alınmalıdır. Gürcüstanda milli azlıqlar üçün tədris materiallarının hazırlanması həm siyasi, həm də texniki çətinliklərlə üzləşir.
Birinci səbəb resurs çatışmazlığıdır. Tədris materiallarının hazırlanmasında əsas yük dövlət tərəfindən dəstəklənən təhsil nazirliklərinə və xüsusi olaraq bu işə cəlb edilən mütəxəssislərə düşür. Gürcüstanda azərbaycandilli təhsil sektorunda kifayət qədər təcrübəli kadrların və Azərbaycan dilində yüksək keyfiyyətli tərcümə edə biləcək mütəxəssislərin olmaması səbəbindən dərsliklər bəzən qeyri-dəqiq və natamam hazırlanır. Rus dilində qalan tapşırıqlar, ehtimal ki, tərcümə prosesindəki resurs çatışmazlığından və ya məsuliyyətsiz yanaşmadan qaynaqlanır”.
K.Əsədovun sözlərinə görə, tərcümə üçün mütəxəssislərin sayının az olması, mövcud mütəxəssislərin təcrübələrinin yetərli olmaması və ya bu işin aşağı maliyyə ilə həyata keçirilməsi kimi amillər də bu problemin bir hissəsidir: “İkinci səbəb tarixi və mədəni kontekstdə axtarılmalıdır. Gürcüstan Sovet İttifaqının tərkibində olduğu dövrdə rus dili təhsildə dominant rol oynayırdı. Bir çox təhsil materialları rus dilində hazırlanırdı və bu ənənə müəyyən mənada müasir Gürcüstanda da davam edir. Müasir dövrdə gürcü dilinə tərcümələr üstünlük təşkil etsə də, azərbaycandilli məktəblər üçün xüsusi yanaşma göstərilməməsi və bu prosesin çox yavaş aparılması nəticəsində dərsliklərin tam tərcümə edilməməsi problemi qalır.
Üçüncü səbəb siyasi və sosial məsələlərlə bağlıdır. Gürcüstanda azərbaycanlı icmasının təhsil hüquqlarının tam təmin olunmaması problemi illərdir müzakirə olunur. Dövlətin azlıqlar üçün tədris materiallarına prioritet yanaşmaması, onları əsasən ikinci dərəcəli məsələ kimi görməsi belə problemlərin yaranmasına səbəb olur. Azərbaycandilli məktəblər üçün dərsliklərin hazırlanması bir çox hallarda yalnız formallıq kimi qəbul edilir. Bu isə dərsliklərin məzmununda keyfiyyətsizliyə və çatışmazlığa yol açır.
Bundan başqa, müəllif hüquqları və məzmun məsələləri də rol oynaya bilər. Əgər dərsliklər tamamilə Gürcüstan tərəfindən deyil, başqa ölkələrdə hazırlanmış materialların uyğunlaşdırılması ilə ortaya çıxırsa, bu prosesdə orijinal dilin tam tərcümə edilməməsi halları baş verir. Bu, həm də tərcümə prosesində keyfiyyət nəzarətinin zəifliyini göstərir.
Həll yolları üçün dövlətin daha genişmiqyaslı tədbirlər görməsi lazımdır. İlk növbədə, azərbaycandilli təhsil sektorunda peşəkar tərcüməçilərin və müəllimlərin hazırlanması üçün xüsusi proqramlar həyata keçirilməlidir. Gürcüstan hökuməti azlıqların hüquqlarını qorumaq məqsədilə bu sahəyə daha çox maliyyə ayırmalı və dərsliklərin hazırlanmasını keyfiyyətlə təmin edən mexanizmlər qurmalıdır. Həmçinin, Azərbaycan hökuməti və diaspor təşkilatları da bu prosesə dəstək göstərə bilər. Tədris materiallarının keyfiyyətinin artırılması yalnız icmanın təhsil səviyyəsini yüksəltməz, həm də onların cəmiyyətə inteqrasiyasını asanlaşdırar”.
İradə SARIYEVA